Məhkəmə qərarları › İş №2(3-7)-665/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-665/2026

02.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-665/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi və sədrlik edən), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı iddiaçı2, cavabdehlər Abdıyev İlqar Ramazan oğlunun və cavabdeh3 İlqar oğlunun iştirakları ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Abdıyev İlqar Ramazan oğlu, cavabdeh3 İlqar oğlu və İbadova Lətifə Dövlət qızına qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 ilə Abdıyev İlqar Ramazan oğlu arasında Mercedes-Benz 308 markalı avtomobilin alqı-satqısı müqaviləsi bağlanılmış və həmin avtomobil ## ##### 2024-cü ildə Abdıyev İlqar Ramazan oğluna 12.000 manata satılmışdır.

2. ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X2 tərəfindən İbadova Lətifə Dövlət qızına sürücülük hüququ olduqda Mercedes-Benz 308 markalı 20- CE-181 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çxarmaq və ərizə vermək səlahiyyətləri verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Abdıyev İlqar Ramazan oğlu, cavabdeh3 İlqar oğlu və İbadova Lətifə Dövlət qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11000 manat məbləğində pul və ödənilmiş 123 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, ## #### 2024-cü il tarixdə Mercedes-Benz markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11000 manata satın almışlar. Sonradan onlara məlum olmuşdur ki, cavabdehlər həmin nəqliyyat vasitəsini əlbir olaraq özgəninkiləşdirmişlər. Həmin avtomobili ## ##### 2024-cü il tarixdə alqı-satqı edərək özgəninkiləşdirməklə onlara 11000 manat məbləğdə ziyan vurmuşlar.

5. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarına görə, iddiaçı2 və iddiaçı1 cavabdehlər Abdıyev İlqar Ramazan oğlu və cavabdeh3 İlqar oğlu ilə qarşılıqlı hüquq və vəzifələr müəyyənləşdirən razılaşma əldə etməklə şifahi müqavilə bağlamışdır. Mülki Məcəllədə birbaşa nəzərdə tutulmasa da, ona zidd olmayan həmin müqavilənin bir şərtinə görə cavabdeh3 avtomobilinə və sağlamlığına vurulmuş ziyanın ödənilməsi üçün iddiaçılar zədələnmiş avtomobilinin əvəzinə oxşar vəziyyətdə olan başqa bir avtomobil alıb adları göstərilən cavabdehlərə verməyi öhdəsinə götürmüşdür. Bu öhdəlik iddiaçılar tərəfindən icra edilmişdir. Şifahi razılaşmanın digər şərtinin məzmunu isə tərəflər arasında mübahisəlidir. Belə ki, iddiaçılar əvəz olaraq başqa avtomobil alındıqdan sonra zədələnmiş avtomobilin və sığorta hadisəsinə görə ödənilməli olan sığorta məbləğinin adları göstərilən cavabdehlər tərəfindən onlara verilməli olduğunu iddia etmiş, cavabdehlər isə sığorta məbləğinin cavabdeh3 müalicəsinə sərf edilməsinin nəzərdə tutulduğunu, iddiaçılara verilməsinin razılaşdırılmadığını bildirmişlər. İddiaçılar razılaşmanın əvəz olaraq başqa avtomobil alındıqdan sonra zədələnmiş avtomobilin və sığorta hadisəsinə görə ödənilməli olan sığorta məbləğinin cavabdehlər tərəfindən onlara verilməsi ilə bağlı müqavilə şərtinin yerinə yetirilmədiyini və müqavilənin pozulduğunu iddia edərək zədələnmiş avtomobilin əvəzinə alınmış oxşar avtomobilin dəyərini, yəni 11000 manat pulu cavabdehlərdən tələb etmişdir. Hazırki işdə iddiaçılar əvəz olaraq başqa avtomobil alındıqdan sonra zədələnmiş avtomobilin və sığorta hadisəsinə görə ödənilməli olan sığorta məbləğinin adları göstərilən cavabdehlər tərəfindən onlara verilməli olduğunu iddia etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Bu şərt cavabdehlər tərəfindən qismən, yəni sığorta məbləği istisna olmaqla etiraf edilmişdir. Bundan başqa yol-nəqliyyat hadisəsi nəticəsində həm də, cavabdeh cavabdeh3 sağlamlığına zərər vurulsa da, iddiaçılar yalnız avtomobilə dəymiş ziyanın qarşılandığına istinad etmiş, onun sağlamlığına vurulmuş ziyanın ödənildiyinə dair heç bir fikir irəli sürməmişlər. Belə olan halda ödənilmiş sığorta məbləğinin bu məqsədlə istifadə edilməsinin nəzərdə tutulması daha ağlabatandır. Buna görə də, məhkəmə müqavilənin yalnız zədələnmiş avtomobilin iddiaçılara verilməli olması şərtinin mövcudluğunun iddiaçı tərəfindən sübuta yetirilə bildiyini hesab edir. Cavabdehlər zədələndiyi üçün istifadə edilə bilməyən avtomobili iddiaçılara vermək öhdəliyini icra etmək istəsələr də, iddiaçıların bunu qəbul etmədiyini bildirmiş, iddiaçılar bu halı inkar etməmişlər.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 425.1, 425.2, 442 və 443.7-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, aralarında olan razılaşamaya əsasən onlara yeni avtomobil alıb verməli, onlar isə əvəzində vurulmuş avtomobili və sığortanı alıb iddiaçılara verməli idi. Onlar üzərinizə düşən öhdəliyi yerinə yetirmiş, qarşı tərəf isə öhdəliyini yerinə yetirməmişdir. Bundan əvvəl olan məhkəmələrdə (Sədrlik edən cənab Zaur Hünmətov) cavabdehlər özləri hətta çəkilişə düşmüşdür ki, “bəli aramızda olan razılaşma o cür olmuşdur”. Lakin, indi qeyd edir ki, sığorta pulu həkimlərə xərclənmişdir. Köhnə avtomobil isə qapıda dayanıb və heç əmələ gələsi deyildir. Hazırda isə bu məhkəmədə tamam başqa ifadələr verirlər. İşin hallarından sübut olunur ki, ona 11000 manat məbləğində avtomobili cavabdehlərin iştirakı ilə alıb onlara vermişlər. Əgər onlar narazı idilərsə, niyə avotomobili dərhal geri qaytarmırdılar və narazılıqlarını bildimirlər. Əksinə onlardan pulu geri tələb edərkən, yəni məhkəməyə iddia verərkən onlar qeyd etdilər ki, sağlamlıqlarına çox ziyan dəyib, maşın təmir olunası deyil, guya aldıqları maşınında təmirə ehtiyacı var. Digər cavabdeh İbadova Lətifə Dövlət qızı isə etibarnamə onun adına verilmiş, və o bu haldan sui istifadə etmişdir. Yəni etibarnamə ilə avtomobili özgəninkiləşdirmişdir. Buradan da, görünür ki, aralarında olan razılaşmaya əsasən onlar iddiçılara vurulmuş avtomobil və sığortanı verməli idi. Bununla bağlı əvvəlki məhkəmədə apellyasiya məhkəməsi qətnaməni ona görə ləğv etmişdir ki, prosessual qaydalara əməl edilməyib. İşin hallarından sübut olunur ki, iddiaçılar ona 11000 manat məbləğində avtomobil alıb vermişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Abdıyev İlqar Ramazan oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 İlqar oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. İddiaçı iddiaçı1 və cavabdeh İbadova Lətifə Dövlət qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onıara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

16. Maddə 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

19. Maddə 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

20. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

21. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

22. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

30. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

31. 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

39. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Hazırki apellyasiya şikayətinə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

44. Kollegiya qeyd edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Bununla belə qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

46. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ## #### 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədərək cavabdeh3 İlqar oğlunun idarə etdiyi mikroavtobusla toqquşmuş, nəticədə cavabdeh3 xəsarət almış və avtomobil zədələnmişdir. İddiaçı iddiaçı2 onun xəsarəti ilə bağlı ilkin müayinə xərclərini çəkmiş, sonradan qalan xərcini ödəniləcək sığorta ödənişi ilə qarşılamasını istəmiş, hadisə nəticəsində yararsız hala düşmüş avtomobili ona vermək şərtilə iddiaçı X2 adlı şəxsdən 11000 manata “Mercedes Benz” 308 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı mikroavtobus almışdır. Həmin şəxs ## #### 2024-cü il tarixdə iddiaçı1 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Bundan sonra iddiaçı1 tərəfindən cavabdeh3 həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə verilmişdir. Mikroavtobusun marşrut xəttinə buraxılması üçün həmçinin ##.##.2024-cü il tarixdə İbadova Lətifə Dövlət qızına iddiaçı1 tərəfindən nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə verilmişdir. ## ##### 2024-cü il tarixdə X2 və Abdıyev İlqar Ramazan oğlu arasında nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi bağlanmış və Mercedes-Benz 308 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı mikroavtobus İlqar Abdıyevin mülkiyyətinə keçirilmişdir.

47. Məhkəməyə təqdim edilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 ilə Abdıyev İlqar Ramazan oğlu arasında Mercedes-Benz 308 markalı avtomobilin alqı-satqısı müqaviləsi bağlanılmış və həmin avtomobil ## ##### 2024-cü ildə Abdıyev İlqar Ramazan oğluna 12.000 manata satılmışdır.

48. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçılar iddia ərizəsində ## #### 2024-cü il tarixdə onlar tərəfindən alqı-satqı yolu satın alındığını qeyd etmiş və həmin hal cavabdehlərin izahatları ilə təsdiq edilişdir. İddiaçılar həmin avtomobili mülkiyyətçisi Məhəbbət Məmmədovdan 11000 manat müqabilində aldıqlarını, sonra cavabdehlərin verdikləri etibarnamədən sui-istifadə edərək avtomobili cavabdeh İlqar Abdıyevin adına sənədləşdirərək onlara 11000 manat maddi ziyan vurduqlarını iddia etsələr də, həmin halı təsdiqləyəcək sübut təqdim etməmişlər.

49. Belə ki, iş materiallarından görünür ki, Mercedes-Benz markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi cavabdeh İlqar Abdıyev və nəqliyyat vasitəsinin mülkiyyətçisi Məhəbbət Məmmədov arasında bağlanmışdır. İddiaçılar həmin avtomobili aldıqlarını, sonradan isə cavabdehlərin həmin avtomobili etibarnamə ilə özgəninkiləşdirməklə onlara 11000 manat ziyan vurduqlarını qeyd etsələr də, mübahisəli avtomobilin onların mülkiyyətində olmasını təsdiqləyəcək sübutları məhkəməyə tədqim edə bilməmişlər. İş materialları ilə mübahisəli avtomobilin dəyərinin iddiaçılar tərəfindən ödənilməsi təsdiqini tapsa da, həmin avtomobilin alqı-satqı müqaviləsi cavabdeh İlqar Abdıyev və nəqliyyat vasitəsinin mülkiyyətçisi Məhəbbət Məmmədov arasında bağlanmış və avtomobil İlqar Abdıyevin mülkiyyətinə keçmişdir. Belə olan halda iddiaçılar verdikləri pulu tələb edə bilərdilər.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

51. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia predmeti olan Mercedes- Benz markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Məhəbbət Məmmədova məxsus olmuşdur. Ona görə də, iddiaçıların həmin nəqliyyat vasitəsinin satılmasına görə onlara dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

52. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlsə də, iddianın hüquqi əsası kimi Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 425.1, 425.2, 442 və 443.7-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı2 və iddiaçı1 cavabdehlər Abdıyev İlqar Ramazan oğlu və cavabdeh3 İlqar oğlu ilə qarşılıqlı hüquq və vəzifələr müəyyənləşdirən razılaşma əldə etməklə şifahi müqavilə bağlamışdır. Mülki Məcəllədə birbaşa nəzərdə tutulmasa da, ona zidd olmayan həmin müqavilənin bir şərtinə görə cavabdeh3 avtomobilinə və sağlamlığına vurulmuş ziyanın ödənilməsi üçün iddiaçılar zədələnmiş avtomobilinin əvəzinə oxşar vəziyyətdə olan başqa bir avtomobil alıb adları göstərilən cavabdehlərə verməyi öhdəsinə götürmüşdür. Bu öhdəlik iddiaçılar tərəfindən icra edilmişdir. Şifahi razılaşmanın digər şərtinin məzmunu isə tərəflər arasında mübahisəlidir. Belə ki, iddiaçılar əvəz olaraq başqa avtomobil alındıqdan sonra zədələnmiş avtomobilin və sığorta hadisəsinə görə ödənilməli olan sığorta məbləğinin adları göstərilən cavabdehlər tərəfindən onlara verilməli olduğunu iddia etmiş, cavabdehlər isə sığorta məbləğinin cavabdeh3 müalicəsinə sərf edilməsinin nəzərdə tutulduğunu, iddiaçılara verilməsinin razılaşdırılmadığını bildirmişlər. İddiaçılar razılaşmanın əvəz olaraq başqa avtomobil alındıqdan sonra zədələnmiş avtomobilin və sığorta hadisəsinə görə ödənilməli olan sığorta məbləğinin cavabdehlər tərəfindən onlara verilməsi ilə bağlı müqavilə şərtinin yerinə yetirilmədiyini və müqavilənin pozulduğunu iddia edərək zədələnmiş avtomobilin əvəzinə alınmış oxşar avtomobilin dəyərini, yəni 11000 manat pulu cavabdehlərdən tələb etmişdir. Hazırki işdə iddiaçılar əvəz olaraq başqa avtomobil alındıqdan sonra zədələnmiş avtomobilin və sığorta hadisəsinə görə ödənilməli olan sığorta məbləğinin adları göstərilən cavabdehlər tərəfindən onlara verilməli olduğunu iddia etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yarandığını, lakin iddiaçıların əvəz olaraq başqa avtomobil alındıqdan sonra zədələnmiş avtomobilin və sığorta hadisəsinə görə ödənilməli olan sığorta məbləğinin adları göstərilən cavabdehlər tərəfindən onlara verilməli olduğunu təsdiq edən hər hansı sübut təqdim etmədiklərinə istinad edərək iddia tələbini təmin etməmişdir. Halbuki, iddiaçılar onların mülkiyyətində olan avtomobilin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsi nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb etmişlər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olsa da, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar