Məhkəmə qərarları › İş №2(3-7)-68/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-68/2026

28.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-68/2026 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-365/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat əsas borcun, 328 manat faiz borcunun, bank uçot dərəcəsinə görə 680 manatın, cəmi 5008 manat məbləğində pulun və ödənilmiş 71 manat dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(070)-365/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Xocalı Rayon Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2(070)-365/2025 nömrəli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, cavabdehin qeydiyyatı şəxsiyyət vəsiqəsinə əsasən Şuşa rayonu Malıbəyli kəndi olduğu üçün o, iddia ərizəsini Şuşa Rayon Məhkəməsinə göndərmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)- 485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Şuşa rayonunun Malıbəyli kəndi 2023-cü ildə Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Ona görə də o, iddia ərizəsini, o cümlədən dövlət rüsumu barədə qəbzləri və Şuşa Rayon Məhkəməsinin 2(077)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını Xocalı Rayon Məhkəməsinə göndərmişdir. Xocalı Rayon Məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Dövlət rüsumunun nəyə görə Xocalı Rayon Məhkəməsinə deyil, Şuşa Rayon Məhkəməsinə ödənilməsinə dair sübutları ərizəsinə əlavə etmişdir. Eyni zamanda bildirir ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qeyd yoxdur. Ona görə də hesab edir ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-365/2025 saylı qərardadı ləğv edilməli və iddia ərizəsi icraata götürülüb baxılmalıdır. Xocalı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(070)-365/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-365/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarının təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin, nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 8998 və 12944 nömrəli qəbzlərdə isə İddiaçı tərəfindən cəmi 71 (yetmiş bir) manat dövlət rüsumu Şuşa Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Ona görə də məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi İddiaçı tərəfindən Xocalı Rayon Məhkəməsində hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-365/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 152, 153, 263, 264, 398 və 401-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(070)-365/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar