Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-860/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı X1 X2 qızının katibliyi İddiaçı X1 cavabdeh Cavabdeh qarşı “pul” tələbin dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4620 manat pulun və 67 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnam çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehi əvvəllər tanımışdır. Onunla aralarında ticarət münasibətləri olmuşdur. Əvvəllər ondan qızıl alaraq pulunu ödəmişdir. Sonuncu dəfə cavabdeh Cavabdeh ondan qızıl almaqla pullarını qaytarmamışdır. Belə ki, ## ###### 2022-ci ildə cavabdeh ondan 260 manat dəyərində 3 qram 585 əyarlı Türkiyə istehsalı olan 1 cüt qızıl sırğa, 1100 manat dəyərində 583 əyar 14 qram çəkidə Rusiya istehsalı olan qızıl boyunbağı, 1060 manat dəyərində 583 yarlı qızıl boyunbağı klonla birlikdə almışdır. Beləliklə, cavabdehin qızıl əşyalar üzrə ona olan borcu 2420 manat təşkil etmişdir. Cavabdeh qızılları alarkən pulu yaxın 4-5 ay ərzində qaytaracağını bildirmişdir. O, əvvəllər aralarında ticarət olduğundan və həmişə pulu ödədiyindən ona inanmışdır. Bundan başqa cavabdeh ondan qızılları aldıqdan 1 ay sonra 1700 və 500 manat olmaqla cəmi 2200 manat nəğd şəkildə pul almışdır. Dəfələrlə ona qızılın və nəğd şəkildə verdiyi pulu tələb etsə də, hazıradək pulu ödəməmişdir. Əvvəllər pulu ödəyəcəyini bildirsə də, sonradan telefonlara da cavab verməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətind qalmışdır.
3. İddiaçının razılığı ilə əsl olmayan iddiaçı İddiaçı əsl iddiaçı X1 ilə əvəz edilmişdir.
4. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 3870 (üç min səkkiz yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat 70 qəpik pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı nisyə alqı-satqı münasibətlərindən yarandığını bildirdiyi 4620 manat borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf daha çox ödəniş edilməsi və (ya) daha az borcun qalması və (ya) tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 567,600.1, 600.4, 601.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən məlum olur ki, iddiaçı qızıl alqı-satqısı ilə məşğul olur və iddia etdiyi qızılların ona satılmasını təsdiq edən və eləcə də həmin qızılların iddiaçıda olmasını təsdiq edən sənədləri (kassa çekini, malın keyfiyyətinə və sairəyə dair) iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda vergidən yayınma cinayətinin törədilib-törədilməməsini müəyyən etmək üçün həmin qızıllarla bağlı sənədlər tələb edilməli və eləcə də iddiaçının VÖEN-nin aktiv olub-olmamasının müəyyənləşdirmək üçün tədbir görülməli idi. Bundan əlavə, o, iddiaçının oğlundan qızıl-zinət əşyalarını nağd almış və ona heç bir borcu yoxdur və o, Muradov Murad adlı şəxslə nağd və nisyə mal almışdır. İddiaçı isə bildirib ki, guya Murad adlı şəxsdə olan qızıl zinət əşyaları da ona məxsusdur (amma buna dair heç bir sənəd təqdim etməmişdir). Məhkəmə iclasında Muradov Murad dindirilmiş və aralarında həqiqətən də alış-veriş olduğunu təsdiq etmiş və bildirmişdir ki, ondan heç bir narazılığı yoxdur. Amma onun dedikləri məhkəmə qətnaməsində qeyd edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 izahat verərək bildirdi ki, cavabdehin bildirdiyi fikir yalandır. Anası ilə birlikdə qızıl alveri ilə məşğul olur. Cavabdeh qızıl götürmüşdü və əvəzində də ona pulu verməli idi çünki əsas qızılı o vermişdir. Pulu istəyəndə isə ona hədə qorxu gəlməyə başladı. Cavabdeh qızılın pulunu verməmişdir. Cavabdeh özü məhkəmə iclasında işin hallarını etiraf etmişdir.
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni təmin olunan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İşdən görünən odur ki, iddiaçı cavabdehdən 4620 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edərək bildirmişdir ki, cavabdeh müəyyən vaxtlarda ondan nisyə qaydasında qızıl zinət əşyaları almış, lakin həmin məhsulların dəyərini ödəməmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən səsyazılarında cavabdehin 3870 manat borcunun olduğu müəyyən edilir. Cavabdeh isə borcunun olduğunu inkar etməmiş, lakin bildirmişdir ki, yaranmış borcu öz qızıl əşyaları ilə əvəzləşdirərək ödəmişdir. Ancaq bu halı təsdiq edəcək hər hansı dəlil təqdim etməmişdir.
18. Kollegiya MPM-in sübutetmə yükünü müəyyən edən normalarına istinad edərək bildirir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin öz etirafı ilə iddiaçı qarşısında 3870 manat məbləğində borc öhdəliyinin yaranması məlum olmuş, həmin öhdəliyin icra edilməsi faktını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh yaranmış borcu öz qızıl zinət əşyaları ilə əvəzləşdirməklə ödədiyini sübuta yetirə bilməmişdir.
19. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh istinad etdiyi halları qanunla nəzərdə tutulmuş sübutetmə standartına uyğun şəkildə sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və sübutları Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun qiymətləndirmişdir.
20. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
21. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından şikayət təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıb. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.