Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-108/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Qafari Səyyad Ağaəli oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması, mümkün olmadıqda, cavabdehə kompensasiyanın verilməsi və ya əmlakın hərracdan satılaraq, paylara mütənasib bölünməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-618/2025 nömrəli, 25 dekabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan yaşayış təyinatlı torpaq sahəsi üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********09 nömrəli çıxarışa əsasən, ona aid olan 4/5 hissənin 0,06 ha torpaq sahəsindən naturada ayrılması və ya bu mümkün olmadıqda, torpaq sahəsinin hərracdan satılaraq, paylara mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakim F.Yaqubov) İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması, mümkün olmadıqda, cavabdehə kompensasiyanın verilməsi və ya əmlakın hərracdan satılaraq, paylara mütənasib bölünməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin cavabdehə kompensasiyanın verilməsi və ya əmlakın hərracdan satılaraq, paylara mütənasib bölünməsi hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi iddia ərizəsinin “cavabdehə kompensasiyanın verilməsi və ya əmlakın hərracdan satılaraq, paylara mütənasib bölünməsi” hissəsində baxılmamış saxlanılmasını iddiaçı tərəfin cavabdehə (digər mülkiyyətçiyə) ümumi paylı mülkiyyətdə olan payının əvəzində kompensasiya ödənilməsi təklifi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim etməməsi və bununla da həmin mərhələnin tətbiqinin mümkünsüz olmasının sübuta yetirilməməsi ilə əsaslandırmışdır.
4. Həmin qərardaddan İddiaçı şikayət verərək, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edərək mülki işin iddia tələbinin 1552 manat kompensasiyanın verilməsi və ya bu mümkün olmadıqda torpaq sahəsinin hərracdan satılaraq paylara münasib bölüşdürülməsinə dair hissəsində icraatın təzələnərək məhkəmə baxışına təyin olunmasına dair qərardad çıxarılmasını, əks təqdirdə şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir.
5. Şamaxı Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-618/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan yaşayış təyinatlı torpaq shaəsi üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********09 olan çıxarışa əsasən ona aid olan hissə 4/5 hissə 0,06 ha torpaq sahəsindən naturada ayrılması, bu mümkün olmadıqda 1552 manat kompensasiyanın verilməsi və ya bu mümkün olmadıqda torpaq sahəsinin hərracdan satılaraq paylara münasib bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-618/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin 1552 manat kompensasiyanın verilməsi və ya bu mümkün olmadıqda torpaq sahəsinin hərracdan satılaraq paylara münasib bölüşdürülməsinə dair hissəsi guya bu tipli işlərə pretenziya tələb olunduğu halda pretenziya qaydasına riayət etməməyi əsası ilə baxılmamış saxlanılmışdır. Həmin qərardad tamamilə kobud prosessual pozuntularla çıxarılmışdır. Belə ki, ilk növbədə bildirir ki, bu tip iddialarda pretenziya qaydası ümumiyyətlə nəzərdə tutulmayıb. Çünki ilk növbədə əmlakın naturada ayrılmasını xahiş etmişdir. Belə olan halda həmin əmlak naturada bölünə bilməsi barədə məlumatı olmamışdır. Bunu bilmədiyi üçün kompensasiyanın verilməsi üçün pretenziyaya riayət etməyi də mümkün deyil. Bu ümumiyyətlə çox absurd məsələdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında da bu tipli işlər üçün kompensasiya tələb olunmamışdır. Məhkəmə iclasları 1 il müddətinə uzanmış, 1 il ərzində 2 dəfə cavabdehlər məhkəmə prosesinə gəlmiş və kompensasiya məbləği, torpaq sahəsinin dəyərini iddia ərizəsi və əlavə edilən sənədlərlə tanış olan zaman bilmişlər. Bununla bağlı hazırlıq iclasında cavabdehə hakim tərəfindən sual olunmuşdur ki, iddia ərizəsi və sənədlərlə tanış olmusunuzmu. Cavabdeh “bəli tanış olmuşuq” deyə cavab vermişdir. Cavabdehə dəfələrlə şifahi bildirilmiş və o məhkəmə iclasında sənədlərlə tanış olub həmin məbləği də qəbul etməmişdir. Qanunla pretenziya tələb olunmasa da yenədə məhkəmənin qeyri-qanuni tələbi olan pretenziyaya əməl edib ona ərizə göndərib poçt qəbzini şikayətə əlavə edir. Məhkəmə bu qərardadı çıxarmaqla kobud qanun pozuntusuna yol vermiş, vətəndaşın ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, əlavə süründürməçiliyə şərait yaratmışdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
9. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
10. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
11. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
13. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli və onunla bağlı 30 dekabr 2025-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır.
15. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddia ərizəsinin “cavabdehə kompensasiyanın verilməsi və ya əmlakın hərracdan satılaraq, paylara mütənasib bölünməsi” hissəsində baxılmamış saxlanılmasını iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmiş, cavabdehə (digər mülkiyyətçiyə) ümumi paylı mülkiyyətdə olan payının əvəzində kompensasiya ödənilməsi təklifi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmiş və bununla da həmin mərhələnin tətbiqinin mümkünsüz olmasının sübuta yetirilməmişdir.
16. İlk öncə qeyd olunmalıdır ki, ərizənin baxılmamış saxlanması mülki işin mahiyyəti üzrə qətnamə qəbul etmədən məhkəmə baxışının başa çatdırılmasının formalarından biridir.
17. Ərizənin baxılmamış saxlanılmasını tənzimləyən Mülki Prosessual Məcəllənin XİX fəslində bu əsaslar nəzərdə tutulmuş və bunlardan biri də Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində göstərilən hallardır.
18. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuş və digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.
19. Qeyd olunmalıdır ki, “cavabdehə kompensasiyanın verilməsi və ya əmlakın hərracdan satılaraq, paylara mütənasib bölünməsi” hissəsində qanunvericiliyin tələbinə əsasən pretenziya verilməsi nəzərdə tutulmamışdır.
20. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli və onunla bağlı 30 dekabr 2025-ci il tarixli qərardadları ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün mülki iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli və onunla bağlı 30 dekabr 2025-ci il tarixli qərardadları ləğv edilsin. Mülki işə mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.