Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-122/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maddi və mənəvi ziyan tələbi -subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxslər X2 və X5 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5763/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin nasazlıqlarının aradan qaldırmaqdan ötrü ehtiyat hissələri və təmirə sərf etdiyi 1500 manat və mənəvi ziyana görə 500 manat olmaqla, cəmi 2000 manat məbləğin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər maşın bazarında oğlu X8 ilə birlikdə Sumqayıt şəhər sakini Gülməmməd Məmmədovdan 2012-ci il Rusiyada istehsalı olmuş D.211174 minik model avtomobil almışlar. Gülməmməd Məmmədov nəvəsi ilə birlikdə, satış üçün təqdim etdiyi avtomobildə hər hansı qüsurun olmamasını söyləmişdir. Avtomobilin qapılarında avtomatik açılıbbağlanmasında olan nasazlığın təmirini öz üzərinə götürmək şərti ilə avtomobil üçün 8100 manat məbləği ödəmək öhdəliyini üzərinə götürmüşdür. Bazardan çıxıb Sumqayıt şəhəri 4 saylı notariusuna gəlmişlər. Almaq istədiyi avtomobil Cavabdeh məxsus (Gülməmmədin oğlu) olduğundan bazarda şifahi razılaşma şərtlərini aydınlaşdırıb onun razılığı ilə notariusda onun adına etibarnamə alıb əvvəlcədən razılaşdıqları 8100 manat məbləği Cavabdeh ödəmişdir. Gülməmməd Məmmədov avtomobilin saz vəziyyətdə olmasına qarantiya verib əlavə yoxlamağa ehtiyac olmamasını bir daha təsdiqləmişdir. Aralarındakı şifahi razılaşmada cavabdeh altı ay ərzində avtomobildə qapıdan başqa, hələ cavabdehin istifadəsi zamanı avtomobildə olmuş qüsurların aşkar olunacağı halda, təmir xərcləri cavabdeh tərəfindən qarşılayacağına zəmanət almışlar. Avtomobili Sumqayıt bazarından Bakı istiqamətində idarə edərkən elə yolda mühərriyin qızmasını müşahidə etmişlər. Ertəsi gün səhər tezdən yaşadığı ünvandakı həyətində avtomobilin dayandığı plitə döşənmiş sahədə qara yağ ləkələri aşkar etmişlər. Mühərrikdə yağın səviyyəsini yoxlayanda yağın demək olar ki, tamamilə axdığını görmüşlər. Belə olan halda dərhal avtomobil ustasına müraciət etmişlər. Usta avtomobildə mühərrikdən başlanmış digər nasazlıqları aşkar etmişdir. Dərhal cavabdehin onlara verdiyi mobil əlaqə telefonuna zəng edib baş verənlərə aydınlıq gətirmək istəsə də həmin nömrənin təyin olunmaması bildirilmişdir. Digər yollarla Gülməmməd Məmmdovun mobil telofonun nömrəsini öyrənib ona zəng edərək baş verənləri danışsalar da, o əslən ermənistanlı “toxunulmazlıq” statusunu xatırladıb ona verdiyi etibarnaməni geri alıb nə pul, nə də avtomobil verəcəyi ilə şantaj etmişdir. Belə olan halda avtomobili dərhal oğlu Şahin Qarayevin adına keçirib texniki pasport almışlar. Ona qarşı dələduzluq edildiyinə əmin olub 102 xidmətinə məlumat vermişdir. O, Sumqayıt 3 saylı Polis Bölməsinə dəvət olunmuş, baş verənlər barədə izahatı və ərizəsi alınmışdır. Ailəsi ilə birlikdə qaçqın kimi qeyd olunan ünvanda məskunlaşmışlar. Həyat yoldaşı xərçəng, özü isə ağır şəkər xəstəliyinindən əziyyət çəkir. Tez-tez təcili tibbi yardıma ehtiyacları olduğundan zərurət yarananda daha təcili tez müalicə tədbirlərini görməkdən ötrü avtomobilə ehtiyacları olduğundan o, avtomobilin əlavə hissələrin alınması və təmirinə daha 1500 manat xərcləmək məcburiyyətində qalmışdır. Təmir Sumqayıt şəhər avtomobil təmiri servisində usta Zaur (***-***-**-**) tərəfindən həyata keçirilmişdir. Hal-hazırda o və yoldaşı hər ikisi pensiya ilə dolanan, bu azmış deyə müalicə xərcləri, borcların ödənilməsi kimi ağır həyat yaşayırlar.
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5763/2025 nömrəli qətnaməsi ilə (hakim P.İmamverdiyeva) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh tərəfindən VAZ 11174 minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır. Sonradan iddiaçının cavabdehə verdiyi etibarnamə əsasında iddiaçının oğlunun adına rəsmiləşdirilmiş, lakin iddiaçının faktiki sahibliyində olmuşdur. Yəni iddiaçının hazırkı tələbi qaldırmaqda subyektiv hüququ vardır. Hazırda iddiaçı avtomobili aldıqdan sonrakı gün onda texniki problemlərin aşkar olduğunu, təmir-bərpası üçün 1500 manat məbləğində pul xərclədiyini bildirərək cavabdehdən həmin xərci tələb etsə də avtomobildə yaranmış problemin həqiqətən də avtomobilin onun tərəfindən alındığı vaxtadək yaranmasını sübuta yetirə bilməmişdir. İddiaçı və hazırda mülkiyyətçi olan oğlu X8 tərəfindən avtomobil alındığı vaxt vizual baxış keçirilmiş, nasazlıq olması barədə iddiaçı tərəfindən cavabdehə bu alqısatqı zamanı bildirilməmişdir. Bundan əlavə isə iddiaçı avtomobili alarkən daha ayıq davranmaqla, 2012-ci il istehsalı olan, yəni istifadə olunmuş olmasını bildiyindən özü tərəfindən (ustalar vasitəsilə və s.) texniki yoxlanışdan keçməli və razı olduğu təqdirdə alqı-satqını həyata keçirməli idi. Lakin iddiaçı bunu etməmişdir. Bu isə onu deməyə əsas verir ki, bütün hüquqi prosedurlar alqı-satqıya kimi həyata keçirilməli idi. İddiaçının “səhhətim yaxşı deyildi, yoxlamadım” arqumenti hüquqi baxımdan əsassızdır və onun öz ehtiyatsızlığı (culpa levis) kimi qiymətləndirilməlidir. Alıcı əşyanı qəbul edib pulunu ödəməklə, onun faktiki vəziyyəti ilə razılaşmış hesab olunur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, avtomobil iddiaçı tərəfindən bəyənilmiş, texniki baxışdan keçirildikdən və üzərindəki cərimələr ödənildikdən sonra iddiaçıya təhvil verilmişdir (əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir). İddiaçı isə ona avtomobili aldıqdan 6 gün sonra zəng edərək qüsurlar aşkar olunduğunu bildirmişdir. Odur ki, qüsurun satınalmadan sonra üzə çıxması, onun satınalmadan əvvəl mövcud olması anlamına gəlmir. Satıcı (hazırkı halda cavabdeh) avtomobilin işlək vəziyyətdə olduğunu bildirmiş və iddiaçı bunu qəbul etmişdir. İddiaçı ona 6 ay zəmanət verildiyini iddia etsə də, bu şifahi zəmanəti təsdiq edən heç bir yazılı sübut və ya bitərəf şahid təqdim etməmişdir. Qanunvericiliyə görə, müqavilə şərtlərinin pozulmasını iddia edən tərəf bunu sübut etməlidir. Cavabdeh öhdəliyi lazımınca icra etmiş, avtomobili təhvil vermişdir. Sonradan yaranan texniki problemlər satıcının öhdəliyinin pozulması kimi qiymətləndirilə bilməz, çünki həmin problemlərin təhvil anında mövcudluğu sübut edilməmişdir. İş materiallarında 1029 manat məbləğində usta xərci ilə bağlı əlyazmalar olsa da, həmin xərcin məhz sözügedən avtomobilə, avtomobilin hansı qüsuruna, hansı tarixdə və hansı zərurətdən irəli gələrək çəkilməsi və avtomobilə dəymiş həmin ziyanın məhz iddiaçı avtomobili alana qədər vurulması sübuta yetirilə bilməmişdir. Belə ki, ustanın tərtib etdiyi siyahı rəsmi maliyyə sənədi (kassa çeki, qaimə-faktura) olmamaqla, vergi uçotunda əksini tapmamışdır. Həmçinin, usta şahid qismində dindirilərkən məbləği dəqiq xatırlamadığını, “800-1000 manat olar” deyə ehtimal irəli sürmüşdür. İddia tələbi (1500 manat), əlyazmalar (1029 manat) və şahid ifadəsi (800-1000 manat) arasında ziddiyyət var. Məhkəmə, rəsmi olmayan və ziddiyyətli sənədlərə əsaslanaraq cavabdehi maddi öhdəlik altına sala bilməz. İddia maddi ziyan hissəsində sübut olunmadığından mənəvi ziyan tələbi də əsaslı hesab edilə bilməz.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5763/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır, buna görə də ləğv olunmalıdır. Belə ki, qarşı tərəfdən aldığı nasaz avtomobilə görə 1500 manat xərc çəkməyi iş materialları ilə tamamilə təsdiq olunduğu halda, məhkəmənin belə bir mövqe tutması əsassızdır. Alınmış maşının nasaz olması, onun təmir və bərpa edilməsinə xərc tələb olunmasını təsdiq edən şahidləri vardır. Bu yaşında kiməsə qarşı yalan danışıb pul iddiası irəli sürməz. Şahidləri məhkəmə iclasına dəvət etmək barədə təklif versə də hakim buna zərurət olmadığını bildirmiş, bununla belə işin sonunda ziyanına qətnamə qəbul etmişdir. Aldığı maşının nasaz olması, ona xərc tələb edilməsi onda dərin təəssüf hissi buraxmış, mənəvi sarsıntı keçirmiş, bunun nəticəsində isə ona mənəvi zərər dəymişdir. Bu zərərin əvəzinin ödənilməsini də tələb etsə, iddiası bu hissədə də əsassız olaraq təmin edilməmişdir. Ailəsinin min bir əziyyətlə topladığı vəsaitlə avtomobil almışdı, lakin qarşı tərəfin bilərəkdən qərəzli hərəkətləri nəticəsində bu maşına görə əlavə 1500 manat xərc çəkmək məcburiyyətində qalmışdır. Cavabdeh ona satdığı nasaz əmlaka görə çəkdiyi xərci, yəni 1500 manatı ödəməlidir. Satıcı olaraq cavabdeh ona, nəzərdə tutulan vəziyyətdə əmlak satmamış, onu nasaz formada satmış, o, isə bu əmlakı saz vəziyyətə gətirməkdən ötrü 1500 manat xərc çəkmişdir. Buna görə isə həmçinin mənəvi sarsıntı keçirmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhərinda yerləşən maşın bazarına gəlmiş, Gülməmmədlə rastlaşmış, bazarda qiyməti şərtləşmişlər. Oğlu da yanında olmuşdur. Oğlu maşını yoxlatdırmaq istəmiş, lakin Gülməmməd maşını yoxlatmağa ehtiyac olmadığını bildirmişdir. Maşının nasazlığı ilə bağlı cavabehə bildirdikdə o, maşının üzərinə həbs qoydurub, maşını əlindən alacağını, pulu da qaytarmayacağını bildirmişdir. Bu səbəbdən də avtomobili oğlunun adına rəsmiləşdirmişdir. Cavabdehə bir gün sonra zəng etmişdir. Ona dəymiş zərərin ödənilməsini xahiş edir. Maşının işlək vəziyyətə gətirilməsi üçün 1500 manat xərcləmişdir. Səhhəti imkan vermədiyi üçün maşını alan zaman ustaya göstərə bilməyib.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, maşın onun adına olub, bazarda maşını atası satıb. 6 gündən sonra ona zəng ediblər ki, maşın nasazdı. O, isə maşında problem olmadığını bildirmişdir.
12. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X3 bildirdi ki, iddiaçı maşına baxanda bildirdi ki, başqa maşına beh verib, beh batsa da olar, bu maşını istəyir. Maşının problemi yox idi. Bazardan çıxanda tıxac vardı, 1 saata bazardan çıxmışlar. 6 gündən sonra oğlu zəng edib. Təzə matorun qiyməti 800 manatadır.
13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X8 bildirdi ki, maşını atası ilə birlikdə alıb. Maşının nasazlığı ilə bağlı cavabehə bildirdikdə o, maşının üzərinə həbs qoydurub, maşını əlindən alacağını, pulu da qaytarmayacağını bildirmişdir. Bu səbəbdən də avtomobili onun adına rəsmiləşdirmişdir Birinci instansiya məhkəməsini qətnaməsinin ləğv edilməsini xahiş edir.
İşdə olan sübutlar
14. xx.xx.2025-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 11174 minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır.
15. xx.xx.2025-ci il tarixli, ƏN-İX seriyalı, 816663 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, VAZ 11174 minik markalı, **-XT- *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə səlahiyyətlər Cavabdeh tərəfindən İddiaçı 1 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək etibarnamə ilə verilmişdir.
16. xx.xx.2025-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh VAZ 11174 minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili X1.
17. xx.xx.2025-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 11174 minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 adına qeydiyyata alınmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
19. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. Mülki Prosessual Məcəllə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5763/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 5763/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
24. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh tərəfindən VAZ 11174 minik markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobil satılması, avtomobilin iddiaçının faktiki sahibliyində olması, yəni iddiaçının hazırkı tələbi qaldırmaqda subyektiv hüququnun olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh VAZ 11174 minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil X1. Yəni, qeyd olunan müqavilə üzrə alıcı qismində iddiaçı deyil, onun oğlu X8 olmuşdur. Hazırkı iş üzrə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 587.1.3-cü maddəsi təşkil etmişdir ki, həmin maddəyə əsasən də əşyanın qüsurlarının aradan qaldırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ alıcıya məxsus olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddaçı hazırkı mübahisə üzrə iddia qadırmaq üçün subyektiv hüquqa malik olmamışdır.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5763/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia yuxarıda qeyd edilən əsasa görə təmin edilməməlidir.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5763/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.