Məhkəmə qərarları › İş №2(3-8)-181/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-181/2026

30.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-181/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İxtiyarov Elvin Ələvəz oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X5 və X6 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Elvin Ələvəz oğlu İxtiyarovun, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı İxtiyarov Elvin Ələvəz oğlunun cavabdeh Cavabdeh qarşı "daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı İxtiyarov Elvin Ələvəz oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın, *V-*** saylı, ##.##.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissədə məcburi payının müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində 1985-ci ildə yaşayır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı və sonra dünyaya gələn övladları ilə birlikdə həmin evdə yaşamışdır. Lakin, bundan əvvəl anası Mamedova Mələkxanm İsmayıl qızı ona və ailəsinə qarşı evdən çıxarmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsi ilə anasının iddiası rədd edilmişdir. Həmin ev əvvəllər atasına məxsus olmuşdur. Atası öldükdən sonra, ev paylı mülkiyyət üzrə anası və bacısının adına rəsmiləşdirilmişdir. Anası da, öldükdən sonra ev bacısı Cavabdeh adına qeyri-qanuni rəsmiləşdirilmiş və ona tam mülkiyyət üzrə çıxarış verilmişdir. Necə olur ki, atasından miras qalan əmlakda anasınan miras qalan əmlakda onun pay hüququ olmur. Onun bu pay hüququ vərəsəlik və məcburi pay hüquqlarını pozulmaqla çıxarışın verilməsi tamamilə qanunsuzdur.

3. Həmçinin, iddiaçı İxtiyarov Elvin Ələvəz oğlu ərizə verərək göstərmişdir ki, mülki iş üzrə tələbin dəqiqləşməsinə zərurət yaranmışdır. Odur ki, MPM-nin 53-cü maddəsinə əsasən tələbinin "Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi 410013039904-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın və X1 Hakimxan oğlu tərəfindən Cavabdeh verilmiş *V- *** saylı, ##.##.2021-ci il tarixli vərəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissədə məcburi payın müəyyən edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılsın" kimi dəqiqləşdirib, qəbul edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, o, nənəsigilin evində qeydiyyatdadır, halhazırda isə Aynurə onu küçəyə atıb qapını bağladığından kirayələrdə, qohum evlərində yaşamaq məcburiyyətində qalmışdır. Nənəsigilin ünvanı, yəni qeydiyyatda olduğu ünvan isə Şamaxı şəhəri, Azadlıq küçəsi ev 11 ünvanıdır. Xahiş etmişdir ki, tələbin dəqiqləşməsi və ünvanı barədə dəqiqləşmə nəzərə alınsın.

4. Cavabdeh Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

5. Etiraz onunla əsaslandırılmışdır ki, atadan qalan miras əmlak əvvəl iddiaçının öz razılıq ərizəsi ilə anası ilə onun adına qeydiyyata alınmışdır. Anası hələ sağ olarkən qardaşı Elvinlə münasibətləri olmamış, hətta məhkəməyə müraciət edərək cavabdehin və ailə üzvlərinin mənzildən çıxarılmalarını tələb etmişdir. Lakin həmin vaxt faktiki olaraq orada yaşadıqlarından məhkəmə iddianı təmin etməmişdir. Anası ilə Elvinin arasında yaranan münaqişənin əsas səbəbi o idi ki, anası bütövlükdə evi ona bağışlamaq, öz payını da ona vermək istəyirdi. Amma Elvin bununla razılaşmırdı. Hər gün gəlib mübahisə, dava dalaş yaradırdı. 2017-ci ildən münasibətləri o dərəcədə pis idi ki, dəfələrlə 102 xidmətinə zəng edərək onun qanunsuz hərəkətləri barədə məlumatlar vermişlər. Anası vəfat edən vaxtı Elvin faktiki olaraq Qədirli küçəsi 66 ünvanında yaşayırdı. Qeydiyyatı isə Azadlıq küçəsi 11 ünvanında idi. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə miras açılandan 3 ay ərzində vərəsə miras əmlakı qəbul etmək üçün notariusa ərizə ilə müraciət etməli idi və ya miras əmlakı faktiki olaraq idarə etməklə miras əmlakı qəbul etdiyini bildirdməli idi. Göründüyü kimi iddiaçı nə ərizə verməmiş, nə də həmin mənzildə yaşamaqla mirası faktiki qəbul etdiyini göstərməmişdir. Digər tərəfdən həmin illərdə 2021-2022-ci illərdə polis şöbəsinə, 102 xidmətinə Elvindən və ailə üzvlərindən şikayət edən zaman, Elvin evin bütövlükdə onun adına qeydiyyata alındığını bilirdi. Lakin həmin vaxtlarda Elvin vərəsəlik hüququna dair şəhadətnaməni mübahisələndirməmişdir.Qanunun tələbinə əsasən vərəsəlik hüququna dair şəhadətnamənin etibarsızlığını, çıxarışın etibarsızlığını, maraqlı tərəf bir il müddətində mübahisələndirə bilərdi. Artıq 4 il müddət ötmüşdür. İddiaçı göstərilən məsələlərin mübahisələndirmək üçün müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Bu əsasdan iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, döngə 4, ev 4, yeni qaydalarla ünvan 3 ünvanında fərdi yaşayış evi var və həmin evin tam pay hüququ sahibidir.

7. Qanun üzrə vərəsəlik hüququ haqqında ## #### 2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, ## ###### 2020-ci il tarixdə vəfat etmiş Mamedova Mələkxanım İsmayıl qızının vərəsəsi ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh ona məxsus miras əmlakdan tam pay almışdır.

8. Notariat kontoruna təqdim edilmiş və notarial qayda təsdiq olunmuş ərizədə göstərilir ki, “X3 və İxtiyarov Elvin Ələvəz oğlu ## #### 2016-cı ildə vəfat etmiş atası İxtiyarov Əliəvəz Müstər oğlundan sonra qalan ünvan 4 ünvanda yerləşən yaşayış evindən ibarət olan əmlakı qəbul etməmiş və etmək fikrində deyilik. Odur ki, bu əmlakdan əl çəkirik”.

9. Şamaxı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Mamedova Mələkxanım İsmayıl qızı cavabdehlər İxtiyarov Elvin Ələvəz oğlu və qeyrilərinə qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmış və iddiası rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddiaçı İxtiyarov Elvin Ələvəz oğlunun cavabdeh Cavabdeh qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın, *V-*** saylı, ##.##.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissədə məcburi payının müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.3, 140 və 152-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2009-cu il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçı İxtiyarov Elvin Ələvəz oğlu apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Daşınmaz Əmlakın 410013039904-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın və X1 Hakimxan oğlu tərəfindən Cavabdeh verilmiş *V-*** saylı, ##.##.2021-c il tarixli vərəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 5 ünvanda yeni qaydalarla Şamaxı, şəhəri, Əli Kərimov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissədə məcburi payının müəyyən edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində 1985-ci ildən yaşayır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı və sonra dünyaya gələn övladları ilə birlikdə həmin evdə yaşamış və yaşayırlar da. Lakin bundan əvvəl anası Mamedova Mələkxanım İsmayıl qızı ona və ailəsinə qarşı evdən çıxarmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. O və ailə üzvləri həmin evdə qeydiyyatdadırlar. Bunu iddia ərizəsinə əlavə etdiyi arayış da təsdiq edir. Həmin ev əvvələr atasına məxsus olmuşdur. Atası öldükdən sonra ev paylı mülkiyyət üzrə anasının adına rəsmiləşdirilmişdir. O, evin anasının adına rəsmiləşdiriməsinə razılıq vermişdir. Atasından qalan miras əmlakın anasının adına keçirilməsinə razılıq vermişdir. Həmin anda da anlamışdır ki, anasından ona məcburi pay vardır və həmin məcburi payını heç kim əlindən ala bilməz. Atasından qalan miras əmlakla bağlı anasının adına keçirilməsi zamanı onun o evdə anasından olan məcburi pay hüququ qorunub saxlanmışdır. Daha sonra anası da öldükdən sonra ev indi də Cavabdeh adına qeyri-qanuni rəsmiləşmiş və ona tam mülkiyyət üzrə çıxarış verilmişdir. Necə olur ki, atasından miras qalan əmlakda anasından miras qalan əmlakda onun pay hüququ olmur. Onun bu pay hüququ vərəsəlik və məcburi pay hüquqları pozulmaqla Çıxarışın verilməsi tamamilə qanunsuzluqdur. Bununla bağlı Şamaxı rayon Məhkəməsində eyni ilə oxşar iş olmuş, həmin iş üzrə apellyasiya məhkəməsi və Ali Məhkəmə vətəndaşın pozulmuş vərəslik hüquqlarını bərpa edərək onun əmlakdakı payını tanımışdır. Həmin qətnamələri apellyasiya şikayətinə əlavə edir. Atasından qalan miras əmlakla bağlı anasının adına keçirilməsi zamanı onun o evdə anasından olan məcburi pay hüququ qorunub saxlanılmışdır. Ev anasının adına keçdikdən sonra o evdə xeyli quraşdırma təmir işləri aparmış, həmin əmlakın dəyərini artırmışdır. Həmin evdə ailə üzvləri ilə yaşamışdır. Eyni zamanda bildirir ki, Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsində hansı ki, anası ona və ailəsinə qarşı evdən çıxarma iddiası vermişdir. Həmin iddiada müəyyən olunur ki, cavabdeh Elvin İxtiyarov doğulduğu, cavabdeh Arzu İxtiyarova isə onunla rəsmi nikah münasibətinə daxil olduğu vaxtdan, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi hələ iddiaçının və Cavabdeh paylı mülkiyyətinə keçməmişdən əvvəl yaşayırlar. Cavabdehlərə məxsus əmlakları da həmin evdə yerləşir. Aynurə evi qeyri-qanuni adına keçirmiş və indi də onu və ailəsini evdən qovmaq istəyir. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. O və ailə üzvləri həmin evdə qeydiyyatda ola ola, onun barəsində evdən çıxarma iddiası təmin olunmaya-olunmaya, vərəsəlikdən qanun üzrə ona pay düşdüyü halda bu hüququnu kobud şəkildə pozub iddiasını rədd etmişdir. O, atasından qalan miras əmlakdan imtina edən zaman mirasda məcburi, yəni anasından qalan mirasda məcburi 1/2 pay hüququ olduğu halda, payını heçə sayıb onu çıxılmaz vəziyyətə salmışlar. Artıq 1 ilə yaxın müddətdir ki, kirayələrdə yaşayır. Bu onu ciddi maddi problemlərə salmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçı İxtiyarov Elvin Ələvəz oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, 2020-ci ilin yanvra ayında həmin evə getməmişhdir. Anası 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Əşyaları orada olduğu üçün arada gedib-gəlmişdir. Aynurə ailəsi ilə orada yaşamışdır. Aynurənin vərəsəlik şəhadətnaməsi almasını 2025-ci ildə bilmişdir.

16. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 X2 ** saylı Şamaxı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı birinci növbə vərəsə olmaqla, anası Mamedova Mələkxanım İsmayıl qızından miras qalmış əmlakda vərəsəlik hüququnun pozulduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

24. Mülki iş materiallarından görünür ki, miras əmlaka (Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, D 4, ev 4) dair vərəsə Cavabdeh tam hissədə payla bağlı ##.##.2021-ci ildə Qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və mübahisəli mənzil hazırda onun xüsusi mülkiyyətindədir.

25. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir /bax bənd 10/.

26. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmur.

27. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı İxtiyarov Elvin Ələvəz oğlu apellyasiya şikayəti vermişdir.

28. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

29. İddia predmetindən göründüyü kimi mübahisə vərəsəlik hüququnun pozulması ilə bağlıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir.

31. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.

32. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

33. İşin hallarından göründüyü kimi, iddiaçı miras əmlakı qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir.

34. Eyni zamanda işin faktiki hallarından görünür ki, miras qoyanın ölümündən sonra iddiaçı qeyd edilən miras əmlaka nə faktiki sahiblik etmiş, nə də əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmişlər.

35. Məhkəmə iclasında izahat verən iddiaçı bildirdi ki, anasından ölümündən əvvəl, 2020-ci ilin yanvar ayından həmin evdən çıxmış, anasının ölümündən, yəni 2020-ci ilin noyabr ayından sonra həmin evə gəlməmişdir. Həmin evdə Cavabdeh ailəsi ilə yaşamışdır.

36. Göründüyü kimi iddiaçı tərəfindən miras əmlaka sahiblik həyata keçirilməmiş, nə də əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün heç bir hərəkət edilməmişdir.

37. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, araşdırılan mübahisə üzrə miras qoyan şəxs ##.##.2020-ci il tarixdə vəfat etdiyindən, həmçinin sözügedən vərəsəlik işi üzrə mübahisə ##.##.2025-ci il tarixdən sonra məhkəmənin icraatında olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müəddəaları hazırkı işə tətbiq olunmamalıdır.

38. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirası qəbul etmək hüququnu itirmişdir. Kollegiyanın qənatincə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir.

39. Məhkəmə kollegiyası hesab edir ki, əmlaka dair dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasda payın müəyyən edilməsinə dair tələblər törəmə tələblər olmaqla, vərəsəlik hüquq haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair əsas tələb təmin olunmadığından, bundan asılı olan törəmə tələblər də təmin edilə bilməz.

40. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, göründüyü kimi iddiaçı iddia tələbində məcburi pay hüququnu da mübahisələndirmşdir. Məhkəmə kollegiyası məcburi pay hüququ ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:

41. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).

42. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.

43. Araşdırılan mübahisədən görünür ki, miras əmlaka dair vəsiyyətnamə (o cümlədən bağışlama müqaviləsi) yoxdur. Odur ki, məhkəmə kollegiyası izah edir ki, araşdırılan mübahisə üzrə məcburi pay hüququndan söhbət gedə bilməz.

44. Qeyd olunanları ümuiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İxtiyarov Elvin Ələvəz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar