Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-269/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsbi oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, iddiaçı İddiaçı İsbi oğlunun, onun nümayəndəsi və vəkili vəkil2, cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə İddiaçı İddiaçı İsbi oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.##.##.2023-cü il tarixli, *******000600 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı İsbi oğlu ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh ##.##.2023-cü il tarixdən sürücü, avtokar olaraq işə başlaması və əmək müqaviləsinin müddətsiz olaraq bağlanması nəzərdə tutulmuş, daha sonra sözügedən əmək müqaviləsinə xitam verilmişdir. 2.Xocalı RPŞ-nin TQ-nin baş təhqiqatçısı, R X6 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ##.##.2023-cü il tarixdə saat 19 radələrində Xocalı rayonunun işğaldan azad edilmiş Mədətkənd kəndi ərazisindən keçən “Zəfər Yolu”nun 83-cü kilometrliyində Şuşa şəhəri istiqamətində hərəkətdə olan Cavabdeh idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı, "STS 250” markalı xüsusi təyinatlı kran sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarına aşmış və sürücü müxtəlif bədən xəsarətləri almış, həmin məlumat НK-1/355 sayda qeydiyyata alınaraq icrası polis orqanına həvalə edilmiş, həmçinin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayan Aslanov Vəfadar İsbi oğlu ərizə ilə Xocalı RPŞnə müraciət edərək özünə məxsus **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250" markalı xüsusi təyinatlı kran sürücü Cavabdeh Xocalı rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsini və krana maddi ziyan vurmasını, dəymiş ziyanının ödətdirilməsinə köməklik edilməsini xahiş etmişdir. ##.##.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin rayon prokurorluğunun ##.##.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək yenidən araşdırmanının aparılması üçün ##.##.2024-cü il tarixdə icraata daxil olmuşdur. Araşdırma nəticəsində hadisə zamanı Cavabdeh idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kranda sərnişinin olmadığı və xəsarət alan şəxsin sürücü olması nəzərə alınması halında sürücünün aldığı xəsarətin ağrılıq dərəcəsindən asılı olmayaraq hər hansı bir cinayətin, xüsusən, CM-in 263-cü maddəsinin tərkibi yaranmamış və bu səbəblə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin DYPB-nə verilməsi, bundan başqa qəbul edilmiş qərarın surətinin Aslanov Vəfadar İsbi oğluna göndərilməklə Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbinin məhkəmə səlahiyyyətinə aid olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. 3.Xocalı RPŞ YPX-nin ##.##.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixdə, saat 10:09da **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kranı idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. 4.“xxxx” Construction MMC tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, “STS 250” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtokranın qüsurlu hissələri: akkumilyator – 2 ədəd – 1200 manat; sərəlka çəni – 600 manat; Yağ hidravlika – 3500 manat; disk – 2 ədəd – 750 manat; təkər – 3 ədəd – 750 manat; pavarot valı – 1000 manat; karopka kolsa – 300 manat; motorun sökülməsi və yığılması, rama düzəlişi, usta, yağ, qladiş, porşen, motor tutmuş halda – 7000 manat; arxa ressorlar (2 ədəd), qabaq (1 ədəd), balansır (sağ-sol, usta ə/h) – 2000 manat; ümumi dəmir işi (2 kabina, yuxarı və aşağı düzələn və alınan detallar, usta ə/h) – 14000 manat; kraska (ümumi) – 3500 manat; şüşələr (ümumi) – 1800 manat; güzgülər – 500 manat; bufer, fara, padnoşka (sağ və sol) – 3000 manat; radiator – 1 ədəd – 800 manat; monitor (beyinlə əlaqəli) – 2000 manat; kusak – 5000 manat; roliklər, paçemnik və usta ə/h – 4 ədəd – 550 manat olmaqla cəmi 48250 manat zərər dəymişdir. Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı İddiaçı İsbi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona dəymiş olan 48250 manat maddi ziyan, 1000 manat məbləğində mənəvi zərərin, 10000 manat əldən çıxmış fayda, hüquqi yardım üçün ödədiyi 325 manat və 269 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 59575 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Məhkəmə iclasında iddiaçı İddiaçı İsbi oğlunun vəkili-nümayəndəsi vəkil2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kran iddiaçı İddiaçı İsbi oğlunun xüsusi mülkiyyətində olmuş və həmin nəqliyyat vasitəsi cavabdeh Cavabdeh tərəfindən idarə edilmişdir. Belə ki, iddiaçı İddiaçı İsbi oğlu ilə cavabdeh Cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. İddiaçı bu hadisə baş verməmişdən əvvəl dəfələrlə müxtəlif şirkətlər ilə müqavilə bağlayaraq onların işlərini görmüşdür. Əvvəllər Şuşa şəhəri istiqamətində cavabdeh avtomobili idarə edən zaman avtomobilin bəzi hissələri (akkumulyatorları) oğurlandığı üçün iddiaçı cavabdehə həmin istiqamətə getməyi qadağan etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində iddiaçı Cəbrayıl rayonunda “DKT İnşaat”dan sifariş almış və cavabdehə avtomobil ilə birlikdə oraya getməsini demişdir. 31.10.2023cü il tarixdə iddiaçı cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxladıqda cavabdeh iddiaçıya hər şeyin qaydasında olmasını bildirmişdir. ##.##.2023-cü il tarixdə gecə saatlarında tanışlarından biri iddiaçıya zəng edərək kranın aşmasını demiş, iddiaçı isə tanışına kranın Şuşa şəhəri istiqamətində olmadığını söyləmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıya məlumat vermədən getmişdir. İddiaçı cavabdehin səhlənkarlığı (etinasızlığı) nəticəsində kranın aşmasını müəyyən etmişdir. Həmçinin sonradan iddiaçıya məlum olmuşdur ki, özünün də etiraf etdiyi kimi cavabdeh yolun maili olmasını nəzərə almadan sürətlər qutusunun 1 və ya 2-ci pilləsi ilə düşməli olmasına baxmayaraq 4-cü pilləsi ilə düşmüşdür. Bunun nəticəsi olaraq hadisə baş vermişdir ki, iddiaçıya külli miqdarda ziyan dəymişdir. Hadisədən sonra kran yararsız hala düşmüşdür. Avtomobil texniki cəhətdən saz olmuşdur. Faktla bağlı Xocalı RPŞ-nin TQ tərəfindən araşdırma aparılmışdır və iş üzrə ekspertizalar təyin olunmuşdur. Ekspertizanın nəticəsinə əsasən Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərində uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda Xocalı RPŞ-nin TQ tərəfindən aparılmış araşdırmada müəyyən olunmuşdur ki, iddiaçının əmlakına 48250 manat maddi ziyan dəymişdir və bu barədə qüsur aktı da mövcuddur. İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə müqavilə əsasında vermişdir. Hesab edirlər ki, cavabdehin iddiaçı qarşısında maddi məsuliyyət daşıması üçün tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmasına zərurət olmamışdır. Həmçinin onlar cavabdeh Cavabdeh iddiaçıya dəymiş olan 48250 manat maddi ziyan ilə yanaşı 1000 manat məbləğində mənəvi zərər və 10000 manat əldən çıxmış faydanın ödənilməsini də tələb edirlər. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. 7.İddiaçı İddiaçı İsbi oğlu məhkəmə iclasında vəkili-nümayəndəsi vəkil2 izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, o, cavabdeh Cavabdeh sürücü kimi işə götürmüşdür. Cavabdehi işə qəbul etdiyi zaman onunla cavabdeh arasında əmək müqaviləsi bağlansa da maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır. Cavabdeh Cəbrayıl rayonda işləməli olsa da başqa bir əraziyə getmiş və onlara məlumat verməmişdir. Bildirir ki, cavabdeh qəzadan sonra ciddi xəsarət almamışdır. O, maşını əzilmiş vəziyyətdə 40000 manata satmışdır, halbuki o, vaxtilə 2022-ci ildə sözügedən nəqliyyat vasitəsini 150000 manata almışdır. Maşının bərpası üçün 50000 manata yaxın pul lazımdır. Cavabdeh hazırda Ceyranbatan qəsəbəsində işləyir və orta hesabla 1000-1200 manat maaş alır. Onun ailəsi şəhid ailəsidir və dövlət tərəfindən verilən pul vəsaiti hesabına o, maşın almışdır, lakin cavabdeh həmin avtomobili aşırmışdır. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. 8.Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, iddiaçı İddiaçı İsbi oğlunu 2021-ci ilin mart ayından tanıyır. Belə ki, həmin vaxt o, başqa şəxsə məxsus avtokran idarə etmişdir, iddiaçı ondan onunla işləməyi xahiş etmiş, o da iddiaçı ilə razılaşmışdır. Bütün müqavilələri iddiaçı özü bağlamış, ona isə aylıq maaş vermişdir. Cəbrayıl rayonunda yerləşən təşkilat ilə də iddiaçı özü müqavilə bağlamışdır. O, qəza törətdiyi əraziyə özbaşına getməmiş, həm təşkilatın, həm də iddiaçının məlumatı və göstərişi əsasında getmişdir. Hadisədən sonra o, ağır xəsarət almışdır. Həmin müddət ərzində iddiaçı ona heç bir yardım göstərməmişdir. Əksinə, iddiaçı ona və ailə üzvlərinə müxtəlif formada hədə-qorxu gəlmişdir. Avtokran isə 2 ay müddətinə tam təmir edilmiş və başqa şəxsə satılmışdır. İddiaçı ona yalnız kranı idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı onunla əmək müqaviləsi bağlasa da onlar arasında maddi məsulliyyət haqqında müqavilə bağlanmamışdır. O, iddiaçıya vurduğu ziyana görə hər hansı formada məsuliyyət daşımır. O, ağır həyat şəraiti yaşayan adamdır və iddiaçı bundan məlumatlıdır. Ona görə də iddiaçı ona təzyiq göstərir. O, hər hansısa bir zərəri ödəmək qabiliyyətində deyildir. Bu səbəbdən də hesab edir ki, iddia tam əsassızdır. Odur ki, göstərilənlərə əsasən o, iddiaçı İddiaçı İsbi oğlunun ona qarşı qaldırdığı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 9.Cavabdeh Cavabdeh vəkili-nümayəndəsi vəkil1 məhkəmə iclasında cavabdehin etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, onlar iddia tələbini bütövlükdə qəbul etmirlər. Belə ki, cavabdeh Cavabdeh başqa şəxsə işləmiş, daha sonra iddiaçı İddiaçı İsbi oğlu cavabdehə onunla işləməyi təklif etmiş, cavabdeh bu təklif ilə razılaşmış və tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmasına baxmayaraq tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır. Halbuki əmək müqaviləsi bağladıqları zaman iddiaçı cavabdeh ilə maddi məsuliyyət barədə müqavilə də bağlamalı idi. Həmçinin iddiaçının cavabdehə ona məxsus maşın ilə Şuşa və Cəbrayıl şəhərlərinə getməyi qadağan etməsi ilə bağlı cavabdehin məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh qəzadan sonra ağır vəziyyətdə olmuşdur və xəstəxanaya yerləşdirilmişdir. Cavabdeh hazırda səfalət içərisində yaşayır və onun iddiaçıya pul ödəmək imkanı yoxdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. 10.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı İsbi oğluna dəymiş olan 48250 manat maddi ziyan, hüquqi yardım üçün ödənilmiş 325 manat xidmət haqqı və 219 manat dövlət rüsumu olmaqla, cəmi 48794 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı İsbi oğluna ödənilməsi, iddia tələbinin cavabdeh Cavabdeh 1000 manat mənəvi zərərin və əldən çıxmış faydaya görə 10000 manat pulun tutularaq iddiaçı İddiaçı İsbi oğluna ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) 11.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 883.1, 926.1, 10961, 1096.2, 1097.1 və 1108-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 12.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçının iddiasının rədd olunmasına dair yeni qətnamə qət edilməsini xahiş etmişdir. 13.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə ilə onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci, AR Əmək Məcəlləsinin 199, AR MM-nin 385, 386, 425, 1096, 1097-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Ona görə də adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. 14.Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın üzvlərinin nəzərinə çatdırmaq istəyir ki, o iddiaçını 2021-ci ilin mart ayından tanıyır. Belə ki, həmin vaxt o başqa şəxsə məxsus avtokran idarə edirdi. İddiaçı ondan xahiş etdi ki onunla işləsin, o da razılaşdı. Bütün müqavilələri iddiaçı özü bağlayırdı. Həmçinin onunla əmək müqaviləsi bağlandı. Ona isə aylıq maaş verirdi. Cəbrayıl rayonunda yerləşən təşkilatla da özü müqavilə bağlamışdı. Müqavilə əsasında nə qədər məbləğ aldığını o bilmir. O aylıq məvacibini almışdır. Qəza törətdiyi əraziyə özbaşına getməmişdir. Həm təşkilatın, həm də iddiaçının məlumatı və göstərişi əsasında getmişdir. Məhkəmədə isə iddiaçı bildirir ki, guya Şuşa şəhəri ərazisinə o özbaşına getmişdir. Lakin bu barədə heç bir sübut təqdim etməmişdir. Hətta işlədiyi təşkilatla iddiaçı arasındakı müqavilə də məhkəməyə təqdim edilməmişdir. Əgər o müqavilə təqdim edilsə, aydın olar ki, o qəza törətdiyi əraziyə müqavilənin şərtlərinə uyğun ərazi kimi iş görmək üçün getmişdir. Hadisədən sonra ağır xəsarət almışdır. Həmin müddət ərzində iddiaçı ona heç bir yardım göstərməyib. Əksinə ona və ailə üzvlərinə müxtəlif formada hədə-qorxu gəlib. Avtokran isə 2 ay müddətinə tam təmir edilib və başqa şəxsə satılıb. Məhkəmədə isə iddiaçı bildirir ki, guya avtokranı təmirsiz vəziyyətdə satıb. Avtokranın təmirinə göstərilən məbləğdə xərc çəkilməyib və həmin məbləğdə də ziyan dəyməyib. İddiaçı ona yalnız kranı idarə etmək üçün etibarnamə verib. Onun ilə əmək müqaviləsi bağlasa da (müqavilənin olduğunu sonradan bilmişdir), maddi məsulliyyət haqqında müqavilə bağlamamışlar. O iddiaçıya vurduğu ziyana görə hər hansı formada məsuliyyət daşımır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının tələb etdiyi məbləğ də şişirdilmiş məbləğdir, avtokrana o qədər ziyan dəyməmişidr. O ağır həyat şəraiti yaşayan adamdır, iddiaçı bundan məlumatlıdır. Ona görə də ona təzyiq göstərir. O hər hansısa bir zərəri ödəmək qabiliyyətində deyil. Abşeron Rayon Məhkəməsi işə baxarkən heç bir sübuta əsaslanmamış, iddiaçının fərziyəsi əsasında qətnamə qəbul etmişdir. Xocalı rayon Polis Şöbəsinin ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından da görünür ki, avtokran idarə etməni itirmiş və yolun kənarına aşmışdır. Bu qərarda da göstərilmir ki o, özbaşına şəkildə harasa getmişdir. O iddiaçının müqaviləsi əsasında işlədiyi təşkilatın göstərişi ilə əmək funksiyasını yerinə yetirərkən qəza törətmişdir. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 15.Ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişməsi əsasında həyata keçirilməsi prinsipi mülki prosesin bütün mərhələlərinə,o cümlədən apellyasiya və ksassasiya icraatlarına da şamil edilir. Qərəzsizlik ədalət mühakiməsi və ədalətli məhkəmə anlayışlarının özəyini təşkil edir. Ədalət mühakiməsinin qərəzsizliyinə insanların əminliyi isə onların öz məhkəmə sisteminə münasibətdə hiss etməli olduqları inamın əsasında dayanır. Qərəzsizlik adətən bir şəxs barəsində qabaqcadan əmələ gəlmiş yanlış fikrin və ya hansısa rəyin olmaması kimi çıxış edir. Qərəzsizliyin mövcudluğu hər hansı konkret iş üzrə hakimin şəxsi əqidəsini əks etdirən subyektiv yanaşma, habelə bu mənada şübhələri istisna etmək üçün kifayət qədər təminatların olub-olmamasını müəyyən edən obyektiv yanaşma əsasında yoxlanıla bilər. Subyektiv qərəzsizlik əksi sübut edilənədk ehtimal olunur. Obyektiv qərəzsizliyin müəyyən olunmasında isə hətta xarici təzahürlər belə mühüm əhəmiyyət daşıyır. Ona görə də hakimlər nəinki formal olaraq qərəzsiz qalmalı, həm də ictimaiyyətin nəzərində faktiki olaraq məhz qərəzsiz kimi qəbul olunmalıdırlar. Tərəflər arasındakı mübahisə ilə bağlı onlardan birinin mənafelərinə birbaşa və ya dolayı yolla dəstək nümayiş etdirən hakimin qərəzsizliyi şübhə altına alına bilər. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 16.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 18.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İsbi oğlu, onun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 23.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24.Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 25.Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi 26.Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a)saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b)işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c)inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 27.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 32.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçının iddiasının rədd olunmasına dair yeni qətnamə qət edilməsini xahiş etmişdir. 36.Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 38.Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, cavabdehin işçi kimi qanunazidd hərəkətləri nəticəsində iddiaçıya məxsus olmuş “STS 250” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtokrana cəmi 48250 manat zərər dəymiş və bu fakt iş materiallarında olan “xxxx” Construction MMC tərəfindən verilmiş qüsur aktı ilə öz təsdiqini tapmış, həmin məbləğin miqdarı məhkəmədə cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfin etirazı yalnız maddi məsuliyət haqqında müqavilə bağlanmamasına əsaslandırılmışdır. 39.Odur ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edərək hesab etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı İsbi oğluna dəymiş maddi ziyana görə 48250 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqaviləsinin olmaması cavabdehi Əmək Məcəlləsinin 199-cu maddəsi baxımından mülki məsuliyyətdən azad etmir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 42.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 43.Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 44.Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri araşdıraraq hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 45.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-269/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-269/2026
29.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver