Məhkəmə qərarları › İş №2(3-8)-289/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-289/2026

07.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-289/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X8 cavabdehlər Məmmədov Faiq Şaiq oğlu və Alməmmədov Nicat Letman oğluna qarşı mülki iş üzrə (Açar söz: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X8 və cavabdeh Alməmmədov Nicat Letman oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Alməmmədov Nicat Letman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı X8 cavabdehlər Məmmədov Faiq Şaiq oğlu və Alməmmədov Nicat Letman oğluna qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdehlər Məmmədov Faiq Şaiq oğlu və X6 ona vurulmuş maddi ziyana görə 6516 manat birdəfəlik pul məbləğinin, mənəvi zərərə görə 2000 manat və iddia ərizəsinə görə ödənilən 106 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan Sumqayıt ŞPI-nin ## ###### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da göründüyü kimi cavabdeh Məmmədov Faiq Şaiq oğlu törətmiş olduğu YNHsi nəticəsində ona həm maddi, həm də ki mənəvi ziyan vurmaqla konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Alməmmədov Nicat Letman oğlu ##.##.2024-cü il tarixdə Sumqayıt ŞPi-nə ərizə ilə müraciət edərək həmin tarixdə səhər radələrində dostu Faiqin ona məxsus “Hyundai Santafe” markalı, **-CU-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən zaman idarəetməni itirərək qəza törətdiyini və Sumqayıt şəhəri, Azərbaycan prospektində digər nəqliyyat vasitələrinə çırpılaraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Daxil olmuş müraciət ##.##.2024-cü il tarixdə Sumqayıt ŞPI-də "Törədilmiş və hazırlanan cinayətlərin qeydiyyat kitabında 1672 nömrə ilə qeydə alınaraq ilkin araşdırma aparılmışdır. Toplanmış material araşdırmanın davam etdirilməsi üçün ##.##.2024-cü il tarixdə Sumqayıt ŞPI-nin iatintaq şöbəsinə göndərilmişdir. ##.##.2024cü il tarixdən materialın icrası Toğrul Alxasova həvalə edildiyindən həmin tarixdən icraatına qəbul edilərək araşdırma aparılmışdır. Araşdırma zamanı Alməmmədov Nicat Letman oğlu izahat verərək bildirmişdir ki, Məmmədov Faiq Şaiq oğlu onun dostudur. ##.##.2024-cü il tarixdə o, Faiq və digər dostu Ruslan ilə birlikdə Sumqayıt səhəri, H.Əliyev prospektində yerləşən "Arena" adlı restoranda yeyib-içmiş və gecə səhərə qədər həmin restoranda əylənmişlər. Həmin vaxt o, spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. ##.##.2024-cü il tarixdə səhər saat təxminən 06 radələrində dostu Faiq Məmmədov ona anasının xəstə olduğu üçün səhər qəbul etməli dərmanları olduğunu, evdə heç kimin olmadığını və evə getməli olduğunu bildirərək restoranı tərk etmək istəmişdir. Bu vaxtı o, Faiqin evə taksi ilə getməməsi üçün özünə məxsus "X1" markali, **-CU-*** dövlət nömrə nişanlı minik avtomobilinin açarını Faiqə vermiş və həmin avtomobillə evə getməsini bildirmişdir. Faiq Məmmədov açarları götürərərk restoranı tərk etmişdir. Bundan sonra o, restoranda olduqları kabinetdə yuxuya getmişdir. Bir neçə saat sonra saat təxminən 09 radələrində Faiq Məmmədov yenidən restorana qayıdaraq onların olduğu kabinetə gəlmiş və avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Həmçinin, Nicat Alməmmədov izahatında Faiq Məmmədovun sürücülük vəsiqəsinin olmadığını və bunu bildiyini bildirmişdir. Araşdırma zamanı Məmmədov Faiq Şaiq oğlu izahat verərək bildirmişdir ki, Nicat Alməmmədov onun dostudur. "X1" markali **-CU-*** dövlət nömrə nişanlı minik avtomobili Nicata məxsusudur. ##.##.2024-cü il tarixdə axşam radələrində o, Nicat va digər dostları Ruslan Sumqayıt şəhəri ərazisində "Arena" adlı restoranda yeyib-içmiş, həmin gecə səhərə qədər karaoki ifa etmişlər. O, spirtli içki qəbul etməmişdir. ##.##.2024-cü il tarixdə səhər radələrində o, Nicat və Ruslana evə getməli olduğunu, anası xəstə olduğu üçun dərmanları verməli olduğunu bildirmişdir. Nicat həmin vaxt ona taksi ilə getməməsini, onun avtomobilini götürərək həmin avtomobillə getməsini bildirmişdir. O, Nicatın avtomobilinə əyləşərək restoranı tərk etmişdir. O Azərbaycan prospektində hərəkətdə olan zaman mobil telefonuna zəng gəlmişdir. Telefona cavab vermək istəyən zaman idarəetməni itirmiş və həmin vaxt yolun sağ kənarında dayanmış sonradan X11 məxsus olduğunu bildiyi Mersedes markalı minik avtomobilinə çırpılmışdır. Bu zaman o, həyəcanlı vəziyyətdə olmuş və əyləci sıxmaq əvəzinə səhvən yenidən qaz pedalını sıxmışdır. Bu zaman idarə etdiyi avtomobil sol istiqamətə meyillənərək aşmışdır. O, ətrafda olan şəxlərin köməkliyi ilə avtomobildən çıxarılmışdır. Bu zaman o çırpıldığı Mersedes markalı avtomobilin də özündən qarşıda dayanmış digər bir Mersedes markalı avtomobilə çırpıldığını görmüşdür. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşdirmə işləri aparmışlar. O, Arena restoranına qayıdaraq Nicatın olduğu kabinetə gəlmiş və yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Daha sonra onlar yenidən hadisə yerinə qayıtmışlar. Həmçinin Faiq Məmmədov izahatında nəqliyyat vasitəsini idarəetmə hüququnun olmadığını, lakin nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X11 ifadəsində bildirmişdir ki, "Mersedes” markalı **- DF-*** dövlət nömrə nişanlı minik avtomobili ona məxsusudur. ##.##.2024-cü tarixdə səhər təxminən 07 radələrində idarə etdiyi avtomobildə Sumqayıt şəhəri, Azərbaycan prospekti ərazisində yolun sağ tərəfində dayandığı vaxt qəfildən "X1" markalı minik avtomobili arxadan gələrək onun avtomobilinə çırpılmışdır. Zərbənin təsirindən onun avtomobili də yerindən tərpənmiş və qarşısında dayanmış digər bir Mersedes markalı minik avtomobilinə arxa hissədən çırpılmışdır. Onun avtomobilinə çırpılmış X1 markalı minik avtomobili sola meyillənərək aşmışdır. Ətrafda olan şəxslərin köməkliyi ilə həmin avtomobili idarə edən sonradan adının Faiq Məmmədov olduğunu bildiyi şəxs avtomobildən çıxarılmışdır. Hadisə zamanı avtomobilinə maddi ziyan dəymiş, həmçinin sağlamlığına xəsarət yetirilmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə işləri aparmışlar. Araşdırma zamanı Mersedes markalı, **-CS-*** dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü X4 da Elburus Quliyevlə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizanın ##.##.2024-cü il tarixli, **** saylı rəyində qeyd edilmişdir ki, X11 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, boyunun sağ yan səthinin oıta 1/3-nin sıyrığı, boyunun və döş qəfəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-in zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni ##.##.2024cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbab olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qərarın təsviri hissəsindən göründüyü kimi Məmmədov Faiq Şaiq oğlu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan Alməmmədov Nicat Letman oğluna məxsus "X1" markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən zaman ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxs X11 yüngül bədən xəsarəti yetirmiş, həmçinin Elburus Quliyevə məxsus nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Odur ki, Məmmədov Faiq Şaiq oğlu barəsində Azərbaycan Respublikası IXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Sumqayıt ŞPI-nin DYPŞ-yə göndərilmişdir. Qərarın təsviri hissəsindən göründüyü kimi Alməmmədov Nicat Letman oğlu özünə məxsus "X1" markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Məmmədov Faiq Şaiq oğlunun istifadəsinə verən zaman sonuncunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilmişdir. Odur ki, Alməmmədov Nicat Letman oğlu barəsində də Azərbaycan Respublikası IXM-nin 335.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qabul edilmiş qərarın surəti aidiyyatı üzrə Sumqayıt ŞPi-nin DYPŞ-nə göndərilmişdir. ## ###### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi hər iki cavabdehin əməlində cinayət tərkibi olmasa da inzibati məsuliyyətləri müəyyən edilmişdir. Odur ki, ona dəymiş maddi və mənəvi ziyanı hər ikisi müştərək qaydada ödəməlidirlər. Iddia ərizəsinə əlavə etmiş olduğu ona məxsus avtomobilin foto şəkilləri və 1 ədəd dvd disk də təsdiq edir ki, ona məxsus avtomobil demək olar ki, tamamilə yararsız vəziyyətdədir. Vəziyyətin belə olduğunu gördükdə qiymətləndirmə aktı (qüsur aktı) tərtib elətdirmiş və yekunda ona dəyən maddi ziyanın 10960 manat olduğu müəyyən edilmişdir. Iddia ərizəsinə əlavə olunan sənəddən də göründüyü kimi “xxxx” ASC tərəfindən maddi ziyanın 4444 manatı ödənilmişdir. Lakin dəymiş ziyanı bu məbləğ tam qarşılamadığından hesab edir ki, haqlı olaraq maddi ziyanın qalan məbəğini, yəni 6516 manatını hazırki cavabdehlərdən tələb etmək hüququ yaranıb. Avtomobilinin bu cür vəziyyətə düşməsi və cavabdehlərin bu günə qədər də vəziyyəti ilə maraqlanmamaları mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Belə ki, yol nəqliyyat hadisəsinin törədilməsindən keçən müddət ərzində hər gün övladlarını taksi ilə dərsə aparıb-gətirməyi maddi vəziyyətini acınacaqlı vəziyyətə salmış, bəzən pulunun olmamasından uşaqlarının dərsə getməsinin çətinləşməsi onu bir ata olaraq dərindən sarsıdaraq onların qarşısında utanmağına qədər gətirib çıxarmışdır. Həmçinin qüsur aktında qeyd olunan məbləğdən və avtomobil ustası tərəfindən avtomobilin yaxşı vəziyyətə gətirilməsi üçün çox məsrəfli və uzun bir yoldan keçməli olduğu ona izah edildikdən sonra bu iztirabı daha da artmışdır. Cinayət işinin başlanmasının rədd qərarından da göründüyü kimi sağlamlığına yüngül xəsarət vurulmuşdur. Məsuliyyət daşıyan hər iki cavabdeh qəza olan gündən halhazıradək nə maddi, nə də ki mənəvi köməklik göstərməyərək onu ağır vəziyyətə salmışlar. Odur ki, ona dəymiş mənəvi ziyan 2000 manatdır.

3. Iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Məmmədov Faiq Şaiq oğlu və Alməmmədov Nicat Letman oğlundan maddi ziyana görə 2716 (iki min yeddi yüz on altı) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat, 16 (on altı) qəpik hissəsinin tutularaq iddiaçı X8 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Məmmədov Faiq Şaiq oğlu və Alməmmədov Nicat Letman oğlundan tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, yol nəqliyyat hadisəsinin məhz cavabdeh Məmmədov Faiq Şaiq oğlu tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Məmmədov Faiq Şaiq oğlu Azərbaycan Respublikası IXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə, Məmmədov Faiq Şaiq oğlunun yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçı X8 məxsus avtomobili vurması, tərəflərin məhkəmə iclasında verdiyi izahatı, yazılı sənədlər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iddianın Alməmmədov Nicat Letman oğluna aid hissəsinə münasibətdə qeyd edir ki, ilk növbədə yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin Məmmədov Faiq Şaiq oğlu tərəfindən Nicat Alməmmədovun sahibliyindən hüquqa zidd götürülüb-götürülməməsi müəyyən edilməlidir. Yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin sahibinin hazırki iş üzrə cavabdeh Nicat Alməmmədovun heç bir qanuni əsas olmadan avtomibilin idarə edilməsini cavabdeh1 həvalə etməsi işin mübahisəsiz halıdır və həmin hallar Sumqayıt ŞPI-nin Istintaq Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla öz təsdiqini tapır. Həmin qərarla müəyyən edilmişdir ki, Alməmmədov Nicat Letman oğlu özünə məxsus “X1” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Məmmədov Faiq Şaiq oğlunun istifadəsinə verən zaman sonuncunun nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını bilmişdir. Maddi zərərə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyan məbləği 2716 manat (7160–4444= 2716) müəyyənləşdirilməlidir. Iddiaçı ona mənəvi zərərin dəyməsini yalnız avtomobilinə dəymiş ziyanla əsaslandırmış, bunun nəticəsində mənəvi zərərə məruz qalmasını (müalicə xərcləri və.s) təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının avtomobilinə dəymiş ziyanın çox hissəsi (4444 manat) sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 883.1, 926.1, 1096.1, 1096.2, 1097.1, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ###### 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Alməmmədov Nicat Letman oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ona münasibətdə ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, mülkiyyətində olan "X1" markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixində Sumqayıt şəhəri, Azərbaycan prospektində yol-nəqliyyat hadisəsində iştirak etmişdir. Lakin bu hadisənin baş verməsi onun iradə və iştirakı xaricində, ona məxsus əmlakın xəbəri və icazəsi olmadan digər şəxs tərəfindən idarə edilməsi nəticəsində olmuşdur. Konkret olaraq, ##.##.2024-cü il tarixindən ##.##.2024cü il tarixinə keçən gecə o, tanışı Məmmədov Faiq Şaiq oğlu və digər şəxslərlə birlikdə vermişdir. O, nəqliyyat vasitəsinə onun iradəsi ziddinə, qanunsuz olaraq yiyələnmiş və ərazidən uzaqlaşmışdır. Təəssüflər olsun ki, Məmmədov Faiq Şaiq oğlu onun xəbəri olmadan icazəsiz götürüb avtomobili idarə edərkən idarəetməni itirmiş və iddiaçı X8 məxsus "Mercedes Benz C180" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq zərər vurmuşdur. Hadisə nəticəsində həm onun avtomobili, həm də iddiaçının avtomobili zədələnmişdir. Hadisədən sonra Sumqayıt Şəhər Polis Idarəsində araşdırma aparılmışdır. Təəssüf hissi ilə qeyd edir ki, ilkin araşdırma zamanı hadisənin şoku və çaşqınlığı, habelə dostluq münasibətlərinin sui-istifadə edilməsi zəminində ifadələrdə qeyri-dəqiqliklər yaranmışdır. Sumqayıt ŞPI-nin Istintaq Şöbəsinin ##.##.2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarında guya onun avtomobili Faiqə könüllü verdiyi, onun anasına dərman aparmaq adı ilə maşını istədiyi barədə məlumatlar qeyd edilmişdir. Lakin bu məlumatlar həqiqəti tam əks etdirmir və mülki məhkəmə iclasında nümayəndəsi tərəfindən bu xüsusatlara aydınlıq gətirilmişdir. Məhkəmə iclasında açıq şəkildə bildirilmişdir ki, Faiq Məmmədov avtomobili icazəsiz, nəqliyyat vasitəsini onun iradəsi olmadan sahibliyindən çıxarmışdır. O, həmin şəxsə etibarnamə verməmişdir, onun sürücülük vəsiqəsi olmadığını bilirdi və məntiqə uyğun olaraq sürücülük hüququ olmayan, spirtli içki qəbul edilib-edilməməsi şübhə doğuran bir şəraitdə (gecə vaxtı restoranda) öz avtomobilini ona etibar etməyi həyatın adi axarına uyğun deyildir. Buna baxmayaraq, ibtidai araşdırma orqanı hadisəyə səthi yanaşaraq Faiq Məmmədovun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlmiş, lakin onun Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə (yol hərəkəti qaydalarını pozaraq zərərçəkmişə yüngül xəsarət yetirmə), onun isə guya avtomobili sürücülük hüququ olmayan şəxsə verməyi səbəbindən IXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi barədə materialları DYP şöbəsinə göndərmişdir. Bu inzibati icraat sənədləri sonradan mülki məhkəmə tərəfindən mütləq həqiqət kimi qəbul edilmiş və mənim mülkiyyətçi kimi müdafiə hüququ məhdudlaşdırılmışdır. Iddiaçı Elbrus Quliyev məhkəməyə müraciət edərək, hadisə nəticəsində ona dəymiş maddi ziyanın sığorta tərəfindən ödənilməyən hissəsini – 6516 manat məbləğində pulu, habelə 2000 manat mənəvi zərəri cavabdehlər olaraq ondan və Faiq Məmmədovdan müştərək qaydada tələb etmişdir. Birinci instansiya məhkəməsində keçirilən baxış zamanı cavabdeh Məmmədov Faiq Şaiq oğlu da izahatında avtomobili götürdüyünü və qəzanı törətdiyini etiraf etmiş, lakin ziyanın məbləği ilə bağlı mübahisə etmişdir. Onun nümayəndəsi isə məhkəmədə bir daha vurğulamışdır ki, yüksək təhlükə mənbəyi olan avtomobil onun sahibliyindən qanunsuz yolla, iradəsi ziddinə çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən əgər yüksək təhlükə mənbəyi sahibinin sahibliyindən onun təqsiri olmadan, qanunsuz hərəkətlər nəticəsində çıxmışsa, sahibi zərər üçün məsuliyyət daşımır. Lakin Sumqayıt Şəhər Məhkəməsi bu fundamental hüquqi prinsipi və faktiki halı nəzərə almamışdır. Məhkəmə, yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı yazılara istinad edərək, belə bir nəticəyə gəlmişdir ki, guya o, avtomobili könüllü vermişdir. Məhkəmə, Faiq Məmmədovun sürücülük vəsiqəsinin olmaması faktını, avtomobilin etibarnaməsiz idarə edilməsini və onun hadisə vaxtı avtomobildə olmamağını, yəni faktiki idarəetməni həyata keçirmədiyini düzgün qiymətləndirməmişdir. Bu qətnamə faktiki olaraq, heç bir təqsiri olmayan, əmlakı özündən xəbərsiz götürülən və onsuz da öz avtomobili əzilməklə zərərçəkən bir şəxsi (onu) zərərçəkmiş üçüncü şəxs qarşısında məsuliyyətli etmişdir. Məhkəmə "Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti" anlayışını səhv təfsir edərək, faktiki zərər vuran şəxslə (Faiq Məmmədov), həmin anda əmlak üzərində nəzarəti itirmiş mülkiyyətçini (onu) eyniləşdirmişdir. Nəticə etibarilə, o, qəza törətməmiş, sükan arxasında olmamış və avtomobili ondan icazəsiz götürülmüşdür. Buna baxmayaraq, məhkəmə onu başqasının vurduğu ziyanı ödəməyə məhkum etmişdir ki, bu da ədalət prinsiplərinə və qanunvericiliyə ziddir. Sumqayıt şəhərində yerləşən "Arena" restoranında olmuşlar. Həmin vaxt o, istirahət edərkən və avtomobili idarə etmək niyyətində olmadığı, həmçinin avtomobilin idarəetməsini heç kimə həvalə etmədiyi halda, Faiq Məmmədov onun xəbəri olmadan, ondan gizli şəkildə avtomobilin açarlarını götürərək restoranı tərk etmişdir. Onun bu barədə məlumatı olmamışdır. O, Faiq Məmmədova avtomobili idarə etmək üçün nə şifahi icazə, nə də etibarnamə verməmişdir. Məhkəmənin istinad etdiyi "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərar yalnız cinayət hüququ aspektindən oğurluq faktının (qəsdən talama məqsədinin) olmadığını göstərir. Lakin mülki hüquq müstəvisində, sahibin (mənim) icazəsi olmadan əmlakın götürülməsi "sahiblikdən qanunsuz çıxma" hesab edilir. Mən avtomobilin açarlarını masanın üzərində və ya hər kəsin götürə biləcəyi yerdə qoymamışam, Faiq Məmmədovun bu hərəkəti onun üçün gözlənilməz olmuşdur. Məhkəmə faktiki zərər vuran şəxs (Faiq Məmmədov) ilə mülkiyyətçi arasında solidarlıq yaradarkən MM-in 1108.2-ci maddəsindəki "sahiblikdən qanunsuz çıxma" halını qiymətləndirməmişdir. Məhkəmənin məntiqinə görə əgər şəxs avtomobili icazəsiz götürüb, lakin barəsində cinayət işi açılmayıbsa, avtomatik olaraq mülkiyyətçi də cavabdeh olmalıdır. Bu yanaşma qanunun ruhuna və ədalət prinsipinə ziddir. Qanunverici bu istisnanı məhz ona görə nəzərdə tutmuşdur ki, mülkiyyətçi özündən asılı olmayan səbəblərdən baş verən hadisələrə görə maddi yük altına düşməsin. Onun hərəkətlərində zərərin yaranmasına səbəb ola biləcək hər hansı qəsd və ya ehtiyatsızlıq (kobud ehtiyatsızlıq) olmamışdır. Buna görə də, həmin maddəyə əsasən o, mülki məsuliyyətdən tamamilə azad edilməli idi. Mülki məsuliyyətin yaranması üçün zəruri şərtlərdən biri şəxsin təqsirli hərəkətinin və ya hərəkətsizliyinin mövcudluğudur. Məhkəmə prosesində tərəfindən hər hansı hüquqa zidd hərəkətin törədilməsi sübuta yetirilməmişdir. O, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmiş, yol hərəkəti qaydalarını pozmamış və ən əsası, avtomobili idarə etmək hüququ olmayan şəxsə (Faiq Məmmədova) "al sür" deyərək açarı təqdim etməmişdir. Məhkəmə onun "təqsirini" yalnız fərziyyələr üzərində qurmuşdur. Zərər bilavasitə Faiq Məmmədovun idarəetməsi zamanı, onun konkret yol hərəkəti qaydalarını pozması nəticəsində yaranmışdır. Onun hərəkətsizliyi ilə (məsələn, istirahət etməyi) yaranmış zərər arasında birbaşa səbəbli əlaqə mövcud deyil. MM-in 1099-cu maddəsi tələb edir ki, zərər vuran şəxs (cavabdeh) qanunazidd hərəkət etməli və bu hərəkət nəticəsində zərər yaranmalıdır. Mənim halımda isə "qanunazidd hərəkət" elementi yoxdur. Mülkiyyətçi olmağı, avtomatik olaraq "təqsirli" olmağı demək deyil. Məhkəmə zərərvuranla zərərçəkən arasındakı münasibətə üçüncü şəxs qismində onu əsassız olaraq cəlb etmiş, nəticədə maddi hüquq normasını yanlış tətbiq edərək, əsl zərər vuranın məsuliyyətini onun üzərinə bölüşdürmüşdür. Məhkəmə isə bu qanunsuzluğu (avtomobilin icazəsiz götürülməsini) görməzdən gələrək, mülkiyyətçi olduğu üçün cəzalandırmışdır. Bu yanaşma hüquqi dövlət prinsipinə və ədalət mühakiməsinin mahiyyətinə ziddir. Əgər bir şəxsin əmlakı ondan qeyri-qanuni yolla alınırsa və həmin əmlakla üçüncü şəxsə zərər yetirilirsə, mülkiyyətçinin bu zərərə görə məsuliyyət daşıması mülkiyyət hüququnun mahiyyətini təhrif edir. Məhkəmə qətnaməsi ilə onun üzərinə qoyulan maddi öhdəlik, faktiki olaraq onun mülkiyyət hüququnun qeyrimütənasib şəkildə məhdudlaşdırılması və mənim təqsirim olmadan əmlakımın itirilməsi (pul vəsaitinin tutulması) deməkdir. Konstitusiyanın 60-cı maddəsinin ruhuna uyğun olaraq, məhkəmə mülkiyyətçini başqasının qanunsuz hərəkətlərindən qorumalı olduğu halda, əksinə, həmin qanunsuz hərəkətin maliyyə yükünü mülkiyyətçinin üzərinə qoymuşdur. Bu, maddi hüququn ən fundamental prinsipinin – mülkiyyətin müdafiəsi və təqsirsiz məsuliyyətin yolverilməzliyi prinsipinin kobud şəkildə inkar edilməsidir. Sumqayıt Şəhər Məhkəməsi qətnaməni qəbul edərkən faktiki olaraq yalnız bir sənədə – Sumqayıt ŞPI-nin Istintaq Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsaslanmışdır. Məhkəmə həmin qərarda yazılan "Nicat Alməmmədov avtomobili könüllü verib" ifadəsini aksioma kimi qəbul etmiş, halbuki həmin ifadə onun məhkəmədə verdiyi izahatla və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Məhkəmə araşdırması zamanı Faiq Məmmədovun avtomobili ondan xəbərsiz götürdüyü faktı səsləndirilsə də, hakim bu vacib detalı nəzərə almadan, yalnız kağız üzərindəki polis qərarına istinad etməklə kifayətlənmişdir. Iddiaçı Elbrus Quliyev iddia edir ki, o, avtomobili Faiq Məmmədova könüllü vermiş və buna görə də birgə məsuliyyət daşıyır. Qanunvericiliyə görə, bu halı (könüllü verilməni) sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iş materiallarında onun Faiq Məmmədova etibarnamə verməyi, yol vərəqəsi təqdim etməyi və ya şifahi şəkildə açarları ona təqdim etməyi barədə heç bir obyektiv sübut (video görüntü, şahid ifadəsi və s.) yoxdur. Məhkəmə isə sübutetmə yükünü ədalətsiz şəkildə bölüşdürərək, faktiki olaraq ondan tələb etmişdir ki, o, avtomobilin oğurlandığını "sübut etsin" (cinayət hökmü ilə). Halbuki mülki prosesdə tərəflərin bərabərliyi prinsipi əsasında, iddiaçı onun razılığını sübut edə bilmədiyi təqdirdə, məhkəmə onu məsuliyyətdən azad etməli idi. Məhkəmə iddiaçının sadəcə şifahi mülahizələrinə və polisin subyektiv rəyinə əsaslanaraq, üzərinə sübut olunmamış bir öhdəlik qoymuşdur. Məhkəmə araşdırmasında Faiq Məmmədovun sürücülük vəsiqəsinin olmaması faktı təsdiqlənmişdir. Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobilin könüllü verilməsi ağlabatan şübhə doğurur və həyatın adi axarına uyğun gəlmir. Məhkəmə bu faktı qiymətləndirərkən sübutetmə yükünü düzgün müəyyən etməmiş və prosessual ədalətsizliyə yol vermişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ona münasibətdə ləğv edilməsi, iddiaçı X8 ona qarşı irəli sürdüyü 2716 (iki min yeddi yüz on altı) manat məbləğində maddi ziyanın tutulması və Məhkəmə tərəfindən müəyyən edilmiş 300 (üç yüz) manat ekspertiza xərcinin və 47,16 (qırx yeddi manat, on altı qəpik) manat dövlət rüsumunun onun üzərimn qoyulmuş hissəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Alməmmədov Nicat Letman oğlunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, avtoqəza baş verən gün oğlu Azərbaycan prospektində yerləşən restoranlardan birində olmuş, cavabdeh Məmmədov Faiq oğluna məxsus avtomobilin açarını onun iradəsi və icazəsi olmadan götürmüş, avtomobili idarə edərkən H.Əliyev prospektində qəza törətmişdir. Qəza nəticəsində iddiaçının avtomobilinə zərər dəymişdir. Cavabdeh Məmmədov Faiq polis bölməsində verdiyi birinci izahatında avtomobilin açarlarını xəbər vermədən götürdüyünü bildirmişdir. O, da polis orqanın şikayət vermişdir. Bir neçə dəfə polis idarəsinə getdikdən sonra digər cavabdehin anasının halı pisləşmiş, eyni zamanda, onların avtomobilə dəymiş zərərin əvəzini ödəməyə imkanlarının olmadığını görərək ərizələrini geri götürmüşlər. Bununla bağlı oğlu sonradan ərizəsini dəyişmiş, cavabdehin açarları onun icazəsilə götürdüyünü bildirmişdir. Bildirir ki, hadisə zamanı zərər çəkən şəxslərdən biri də oğlu olmuşdur. Polis idarəsinə verdiyi şikayət ərizəsini geri götürdükdən sonra, polislər oğluna verdiyi izahatı dəyişməli olduğunu bildirmiş, onlar da qəbul etmişlər.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı X8 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdeh Alməmmədov Nicat hadisə yerinə gələndə Faiqin onun dostu olduğununu, avtomobili dostuna özünün verdiyini bildirmişdir. Daha sonra polis bölməsində nələrin baş verdiyi barədə məlumatı yoxdur. Iki azyaşlı övlad böyüdür, kredit ödəyir, mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da mümkün olmamışdır. Buna görə də ədalətli qətnamə qəbul edilməsini xahiş edir.

12. Cavabdeh Məmmədov Faiq Şaiq oğluna məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Işdə olan sübutlar

13. Sumqayıt ŞPI-nin Istintaq Şöbəsinin müstəntiqi, R X5 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Sumqayıt ŞPI-nin TŞ-də toplanmış HK-*/**** saylı material üzrə Məmmədov Faiq Şaiq oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 185.1 və 263-1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

14. Qiymətləndirmə aktından görünür ki, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 10960 manat məbləğində qiymətləndirilmişdir.

15. X8 məxsus ******************** nömrəli hesabdan çıxarışdan görünür ki, “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə 4444 manat məbləğində sığorta ödənişi edilmişdir.

16. “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, AS **-***/** saylı ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı **-DF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı avtomobilin sahibinə dəymiş maddi ziyanın məbləği ## ######## 2025-ci il tarixinə 9160 manat təşkil edir. Zədələnməsi yolnəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına sərf olunmalı olan əməyin (servisin) ümumi bazar dəyəri ## ######## 2025-ci il tarixinə 7160 manat təşkil edir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin cavabdeh Alməmmədov Nicat Letman oğluna münasibətdə təmin edilməsi hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Alməmmədov Nicat Letman oğlunun apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası şikayətin dəlilləri qiymət verərək qeyd edir ki, iş materiallarında olan Sumqayıt ŞPI-nin Istintaq Şöbəsinin ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Məmmədov Faiq Şaiq oğlu izahatında ##.##.2024-cü il tarixdə səhər radələrində o, Nicat və Ruslana evə getməli olduğunu, anası xəstə olduğu üçun dərmanları verməli olduğunu bildirmişdir. Nicat həmin vaxt ona taksi ilə getməməsini, onun avtomobilini götürərək həmin avtomobillə getməsini bildirmişdir. O, Nicatın avtomobilinə əyləşərək restoranı tərk etmişdir. Həmçinin, Alməmmədov Nicat Letman oğlu da izahat verərək bildirmişdir ki, ##.##.2024-cü il tarixdə səhər saat təxminən 06 radələrində dostu Faiq Məmmədov ona anasının xəstə olduğu üçün səhər qəbul etməli dərmanları olduğunu, evdə heç kimin olmadığını və evə getməli olduğunu bildirərək restoranı tərk etmək istəmişdir. Bu vaxtı o, Faiqin evə taksi ilə getməməsi üçün özünə məxsus "X1" markalı, **-CU-*** dövlət nömrə nişanlı minik avtomobilinin açarını Faiqə vermiş və həmin avtomobillə evə getməsini bildirmişdir. Faiq Məmmədov açarları götürərərk restoranı tərk etmişdir. Həmçinin, Nicat Alməmmədov izahatında Faiq Məmmədovun sürücülük vəsiqəsinin olmadığını və bunu bildiyini bildirmişdir. Qərarda qeyd edilmişdir ki, Məmmədov X10 Nicat Letman oğluna məxsus nəqliyyat vasitəsini sonuncunun razılığı ilə idarə etmiş, həmin avtombili qaçırmamışdır. Bu səbəbdən Məmmədov Faiq Şaiq oğlu barəsində Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Hərçənd ki, Alməmmədov Nicat Letman oğlunun polis orqanında verdiyi izahat Faiq Məmmədovun talama məqsədi olmadan qanunsuz olaraq avtomobili keçirib-keçirməməsini müəyyən etmək üçün xüsusi əhəmiyyətə malik olmuşdur. Bu baxımdan Alməmmədov Nicat Letman oğlunun istintaqda verdiyi izahat mötəbər hesab olunmaqla, avtomobilin onun xəbəri olmadan digər cavabdeh tərəfindən götürülərək idarə olunması ilə bağlı mülki icraat çərçivəsindəki izahatı mülki məsuliyyətdən azad olunmaq niyyəti kimi qiymətləndirilməlidir.

22. Göründüyü kimi Məmmədov Faiq Şaiq oğlunun nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmamış, cavabdeh Nicat Alməmmədova məxsus nəqliyyat vasitəsini onun razılığı ilə idarə etmiş, nəqliyyat vasitəsini qaçırmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə də məsuliyyət nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, avtomobilin Alməmmədov Nicat Letman oğlunun sahibliyindən hüquqa zidd götürülməsində öz təqsiri də mövcud olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini hər iki cavabdehə münasibtədə təmin etməkdə haqlı olmuşdur.

23. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Alməmmədov Nicat Letman oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Alməmmədov Nicat Letman oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Alməmmədov Nicat Letman oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar