Məhkəmə qərarları › İş №2(3-8)-495/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-495/2026

12.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-495/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndə və vəkili nümayəndə3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin ##.##.2025-ci il tarixli, *** saylı əmrinin ləğv edilməsi və onun həmin məktəbə fortepiano şöbəsinin müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2014-cü il tarixdə ## ###### 2014-cü il tarixli, ** nömrəli əmri ilə cavabdeh Abşeron-X3 İdarəsi Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbi "fortepiano müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. O, həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra ##.##.2025-ci il tarixində attestasiya keçirilmiş və nəticədə guya attestasiya komissiyasının 1 lehinə olmaqla 4 üzvünün əleyhinə verilmiş qərarı ilə iddiaçının "iş fəaliyyətinə uyğun olmaması barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, sualların çoxusuna cavablar versə də (Atestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 4 səs verilmişdir. Yəni atestasiya qərəzli keçirilmiş, atestasiya vərəqəsinin 7-ci bəndlərində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən atestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audiovideo yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni ##.##.2025-ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 70-ci maddəsinin "c" bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin ##.##.2025-ci il tarixli, *** saylı əmri ilə xitam verilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Atestasiya Komissiyasının sədri də iddiaçının guya bu vəzifəyə yararsız olduğunu bildirmişdir. Halbuki, iddiaçı 11 il 02 aydır ki, həmin məktəbdə "fortepiano şöbəsinin müəllimi" vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Həmçinin 2015-ci ildə keçirilən atestasiyada iddiaçı əla qiymətlə atestasiyadan uğurla keçmişdir. Əgər o bu vəzifə üçün yararsız idisə, 11 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən ona hər hansı münasib iş də təklif edilməmiş, o da başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, işəgötürən tərəfindən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Belə bir vəziyyətdə iddiaçının işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilmiş, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2025-ci il tarixədək Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.3, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 67.6, 70, 71.3,83.1, 83.2, 84-cü maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbi apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün iddia tələbində yetərli əsaslar göstərilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddia əsaslandırılmamış, buna dair təsdiqedici sübutlar təqdim edilməməklə, yalnız işin faktiki hallarından və attestasiyanın “qərəzli” olmasına dair iddiaçının subyektiv mülahizələrindən bəhs edilmişdir. Bildirilməlidir ki, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ##.##.2025ci il tarixində qəbul olunmasına baxmayaraq, iddiaçı ##.##.2026-cı il tarixində mediasiyaya müraciət etmiş, Əmək Məcəlləsinin 296.2-ci maddəsində təsbit edilən 1 aylıq müddəti ötürmüşdür. İddiaçı tərəfindən verilmiş buraxılmış müddətin bərpası barədə vəsatət isə Abşeron Rayon Məhkəməsi tərəfindən əsassız olaraq təmin olunmuşdur. Belə ki, həmin vəsatətdə iddiaçı ilkin mediasiya sessiyasından keçmək və məhkəməyə müraciət etmək müddətini “səhhətində yaranmış ciddi problemlər” səbəbindən olduğunu bildirmiş və müvafiq tibbi müayinələrə dair sənədlər təqdim etmişdir. Lakin iddiaçının buraxılmış müddətin bərpası ilə bağlı vəsatəti həm hüquqi, həm də tibbi-elmi meyarlar baxımından əsassızdır və rədd edilməli olmasına baxmayaraq, məhkəmə tibbi sənədləri araşdırmamışdır. Belə ki, “üzrlü” səbəb qismində istinad edilən ##.##.2025-ci il tarixli ultrasəs müayinəsi (USM) sənədində əksini tapmış göstəricilər şəxsin iradə və ya hərəkət qabiliyyətini məhdudlaşdıran ağır və ya kəskin patoloji vəziyyətin mövcudluğunu sübut etmir. Müddətin bərpası üçün şəxsin fiziki hərəkət etməsinin obyektiv olaraq qeyrimümkün edən və ya psixi sağlamlığına mənfi təsir edən patoloji hallar mövcud olmamışdır. Tibbi göstəricilərin normaya tam uyğun və ya çox yaxın olması faktı birmənalı şəkildə təsdiq edir ki, iddiaçının səhhətində İlkin Mediasiya sessiyasına müraciəti bütövlükdə 5 ay müddətinə gecikdirməyə və bu dövr ərzində hərəkətsiz qalmağa bəraət qazandıracaq heç bir hüquqi və ya səhiyyə əsaslı üzrlü səbəb mövcud olmamışdır. Bununla yanaşı xüsusi vurğulanmalıdır ki, iddiaçı tərəfindən istinad edilən xəstəliyin onun fiziki və psixi hərəkət qabiliyyətini həqiqətən də məhdudlaşdırdığını birmənalı şəkildə təsdiqləyən müvafiq səhiyyə müəssisəsinin rəsmi tibbi arayışı (və ya xəstəlik tarixindən çıxarış) məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə diqqətə çatdırılmalıdır ki, əgər iddiaçı tərəfin istinad etdiyi tibbi sənədlərin bütövlükdə 5 aylıq prosessual gecikdirməyə hüquqi əsas (üzrlü səbəb) yaradıb-yaratmamasının obyektiv müəyyən edilməsi zəruri hesab edilirdisə, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq işə müvafiq sahə üzrə ekspert və ya mütəxəssis cəlb olunmalı və onun rəsmi rəyi alınmalı idi. Məlum olduğu kimi, xüsusi tibbi biliklər tələb edən hallarda, şəxsin səhhətindəki problemin onun iradə və hərəkət qabiliyyətini, o cümlədən hüquqi addımlar atmasını (İlkin mediasiya sessiyasına müraciət etməsini) uzun müddət ərzində qeyri-mümkün edib-etməməsi yalnız səlahiyyətli tibbi ekspertin və ya mütəxəssisin əsaslandırılmış rəyi ilə sübuta yetirilə bilər. Ortada hər hansı bir mütəxəssis və ya ekspert rəyi olmadan, sırf ilkin diaqnostik xarakter daşıyan və göstəriciləri referans normalarına uyğun olan sadə bir müayinə sənədinə əsaslanaraq əsassız yerə buraxılmış 5 ay kimi uzun bir müddətin bərpa edilməsi sübutların mötəbərliyi tamamilə ziddir. Abşeron Rayon Məhkəməsi qətnaməsində “iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur” qeyd edilsə də, konkret olaraq Əmək Məcəlləsinin hansı normalarının pozulması müəyyən olunmamış, ümumi və abstrakt cümlələrdən istifadə edilmişdir. Habelə, iddiaçı tərəfindən suallara düzgün cavab verildiyinin qeyd edilməsinə baxmayaraq, məhkəmə bu halları araşdırmadan qəbul etmiş, sualların düzgünlüyünün müəyyən edilməsi məqsədi ilə MPM-nin 79.3-cü maddəsinə uyğun olaraq mütəxəssis və ya ekspertin cəlb edilməsi təmin edilməmişdir. Qeyd olunan məsələ ilə bağlı mütəxəssis və ya ekspertin təmin edilməməsi, yalnız iddiaçının subyektiv mülahizlərinin əsas götürülməsi mülki mühakimə icraatında çəkişmə prinsipini pozmaqla, ədalətsiz məhkəmə yekun aktının çıxarılmasına səbəb olmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin imperativ tələblərinə tam riayət edilməklə rəsmiləşdirilmiş və işəgötürən tərəfindən əmək qanunvericiliyinin normaları pozulmamışdır. Bütün bunlara baxmayaraq, məhkəmə qətnaməsində işəgötürənin guya Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğvetmə əsaslarını pozması və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalara əməl etməməsi barədə müddəaların qeyd edilməsi, lakin bu qənaətin maddi və prosessual hüquq normaları baxımından heç bir faktiki halla əsaslandırılmaması həmin məhkəmə aktının birmənalı şəkildə qanunsuz və əsassız olduğunu təsdiq edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, apellyasiya şikayətində göstərilən arqumentlər obyektiv reallıqla uzlaşmır və İ instansiya məhkəməsində araşdırılmış sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında mövcud olan attestasiya vərəqəsi, həmçinin İ instansiya məhkəməsində baxış keçirilmiş video-görüntülər bir daha təsdiq edir ki, attestasiya imtahanının keçirilməsi zamanı şəffaflıq, obyektivlik və bərabərlik prinsiplərinə əməl olunmamışdır. Məhkəmə iclası zamanı videogörüntülərə baxış keçirilərkən aydın şəkildə müəyyən edilmişdir ki, imtahan komissiyası tərəfindən imtahan iştirakçısına münasibətdə qərəzli və subyektiv yanaşma nümayiş etdirilmiş, qiymətləndirmə prosesində obyektiv meyarlar gözlənilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs imtahan zamanı ona təqdim olunmuş suallara düzgün, ardıcıl və məzmunlu cavablar vermiş, komissiya tərəfindən irəli sürülmüş bütün tələbləri yerinə yetirmişdir. O, imtahanın praktiki hissəsi üzrə tələb olunan not nümunəsini dəqiq, texniki cəhətdən düzgün və müvafiq təlimata uyğun şəkildə üzdən ifa etmişdir. İmtahan prosesinin video-görüntüləri də sübut edir ki, iddiaçı verilmiş tapşırıqları lazımi səviyyədə və peşəkar qaydada icra etmiş, komissiyanın təqdim etdiyi bütün suallara adekvat cavablar vermişdir. Buna baxmayaraq, imtahan komissiyası tərəfindən onun göstərdiyi nəticələr obyektiv şəkildə qiymətləndirilməmiş, cavabların və ifanın dəyərləndirilməsi zamanı subyektiv yanaşma tətbiq olunmuşdur. Bununla yanaşı, attestasiya vərəqəsində göstərilən qeydlərlə video-görüntülərdə müşahidə olunan faktlar arasında açıq ziddiyyət mövcuddur. Attestasiya sənədində iddiaçının guya tapşırıqları lazımi səviyyədə yerinə yetirmədiyi göstərilsə də, məhkəmə iclasında baxılmış video materiallar bunun əksini nümayiş etdirir. Videogörüntülərdən də aydın olur ki, iddiaçı təqdim edilmiş sualları düzgün cavablandırmış, praktiki tapşırıqları isə təlimata uyğun şəkildə icra etmişdir. Qeyd olunan hallar onu deməyə əsas verir ki, attestasiya imtahanının nəticələrinin qiymətləndirilməsi zamanı qanunvericiliyin tələb etdiyi şəffaflıq, obyektivlik və ədalətlilik prinsipləri pozulmuşdur. Belə ki, attestasiya prosesi zamanı iştirakçıların bilik və bacarıqları real nəticələrə uyğun şəkildə qiymətləndirilməli olduğu halda, hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə bu prinsiplər gözlənilməmiş və nəticədə əsassız mənfi rəy formalaşdırılmışdır. Bundan əlavə, iddiaçının məhkəməyə müraciət etmə müddətinin ötürülməsi məsələsi də obyektiv səbəblərlə bağlı olmuşdur. Belə ki, iddiaçının səhhətində yaranmış ciddi problemlər onun vaxtında məhkəməyə müraciət etməsinə faktiki olaraq mane olmuşdur. O, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## ##### 2025-ci il tarixli *** nömrəli əmri aldığı vaxtdan etibarən səhhətində yaranmış problemlər səbəbindən hüquqlarını müdafiə etmək məqsədilə dərhal məhkəməyə müraciət etmək imkanına malik olmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli * nömrəli tibbi müayinə arayışından da göründüyü kimi, iddiaçıda xroniki tireoidit əlamətləri aşkar edilmişdir. Qeyd edilən xəstəlik qalxanabənzər vəzin xroniki iltihabı ilə xarakterizə olunan və insanın ümumi sağlamlıq vəziyyətinə ciddi təsir göstərən tibbi problemdir. Yaranmış sağlamlıq problemləri şəxsin gündəlik fəaliyyəti və hüquqi məsələlərlə məşğul olmaq imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. İddiaçının tibbi vəziyyəti də ağırlaşmalarla müşayiət olunduğundan, onun qısa müddət ərzində məhkəməyə müraciət etməsi obyektiv olaraq mümkün olmamışdır. Bu baxımdan, iddiaçının məhkəməyə müraciət etmə müddətinin ötürülməsi onun iradəsindən asılı olmayan səbəblərlə bağlı olmuşdur. Beləliklə, iş materiallarında olan sübutlar, o cümlədən attestasiya sənədləri, video-görüntülər və tibbi arayışlar bir daha göstərir ki, onun işdən azad edilməsi ilə bağlı verilmiş qərar ədalətlilik və qanunilik prinsiplərinə uyğun olmamışdır. Eləcə də iddiaçı İddiaçı apellyasiya şikayətinin müddətini öz iradəsindən asılı olmayan üzrlü səbəblərdən ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attestasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə hesab edir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Bundan başqa qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və 67-ci maddəsinin 1-ci hissəsinə nəzər saldıqda müəyyən edilir ki, attestasiya komissiyası tərəfindən işçi barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılması işəgötürənə işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi səlahiyyətini verməsinə baxmayaraq, imperativ norma kimi müəyyən edilməmişdir. Həmçinin hazırki halda işəgötürən tərəfindən işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsinə təşəbbüs göstərilməmişdir. Göründüyü kimi, iddiaçı illərlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron X3 İdarəsi Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində xəbərdarlıq, töhmət və s. almadan çalışmağına baxmayaraq, eyni zamanda dəfələrlə fəxri fərman və mükafatlarla təltif olunmasına baxmayaraq işəgötürən tərəfindən bu halların nəzərə alınmaması iddiaçının qərəzli olaraq işdən çıxarılması qənaətinə gəlməyə əsas verir. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin iddia müddətinin ötürülməsi ilə bağlı dəlill bağlı qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı yalnız qarşı tərəfindən məhkəmədə təqdim etdiyi ərizə əsasında tətbiq edilə bilər. Birinci instansiya məhkəməsində işə baxılanda məktəbin direktoru, vəkilin iştirakı ilə iclaslar keçirilib, video görüntülərə baxış keçirilib. İddiaçının haqlı olduğu müəyyən edilib. Birinci instansiya məhkəməsində 3-4 iclas keçirilib, cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizə təqdim etməyib. Video görüntülərdə iddiaçının suallara cavab verməsini təsdiq edir. Bəzi suallara cavab verilsə də, attestasiya vərəqində cavab verilmədi kimi qeyd edilib. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. İş materiallarında olan Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbində fortepiano müəlliməsi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

13. İş materiallarında olan ##.##.2025-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiya ilə əlaqədar verilmiş suallara tam cavab verə bilməmiş, attestasiya olunan tutduğu vəzifəyə uyğun deyildir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2.3. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. a) Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

70. “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları:

1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir; 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2011-ci il tarixli, *-* nömrəli qərarı ilə təstiq edilmiş Mədənimaarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası 2ci hissəsində Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri) Əmək funksiyası. Tədris edilən incəsənət növünün müəyyən fəni üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla şagirdlərlə (tələbələrlə) təlim məşğələləri aparır. Tədris prosesində qəbul edilmiş müxtəlif formalardan, üsullardan və metodlardan istifadə edir. Keçdiyi incəsənət növünün fəni üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin (tələbələrin) onları baza səviyyəli tələblər əsasında mənimsənilməsini təmin edir. Tədris etdiyi fənə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlığından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həyata keçirilən metodik iş formaları üzrə fəaliyyət göstərir. Təlim prosesinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür, peşə ixtisasının yüksəldilməsinə səy göstərir. Bilməlidir: uşaqların və gənclərin təhsili, təlim-tərbiyəsi üzrə normativ hüquqi aktları, dövlət proqramlarını; incəsənət növünün tədris etdiyi fənni üzrə təlimin məzmununu, fənnin tədris metodikasını və təşkili formalarını; pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı və məktəb gigiyenasını; tədris otaqlarının texniki vasitələrlə təchiz olunmasına qoyulan tələbləri; əməyin elmi təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsu qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

18. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası ilk öncə iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabeh tərəfindən isə birinci instansiya məhkəməsində iş baxılarkən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir.

21. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçının işlədiyi müddətdə dəfələrlə fəxri fərmanlarla təltif edilməsini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələblərinin pozulduğunu qeyd etsə də iddiaçının fəxri fərmanlarla təltif edilməsinin attestasiyanın nəticələrinə hansı təsirini olmasını əsaslandırmamış, əmək müqaviləsinə xitam verilərkən isə əmək qanunvericiliyinin normalarının pozulmasının nədən ibarət olmasını göstəməmişdir.

22. İş materiallarında olan attestasiya vərəqəsinə görə isə atesstasiya zamanı iddiaçı 12 sualı cavablaya bilməmiş, 2 sualı cavablamış, 1 sualı qismən cavablamış, əsəri qismən qeyri-ritmik, not nümunəsini isə zəif ifa etmişdir. Məhkəməyə təqdim edilmiş attestasiyanın keçirilməsinə dair videogörüntüdən (saat 14:55 radələri) isə görünür ki, iddiaçı həqiqətən də ona verilmiş not nümunəsini zəif etməklə yanaşı, komissiya üzvü bir neçə dəfə əl yardımı ilə iddiaçını düzgün ifa etməsinə köməklik göstərmişdir. Bundan başqa iddiaçı attestasiya vərəqində qeyd edilən sualların tutduğu vəzifəyə uyğun olmadığını, sualların çoxuna cavablar versə də atestasiya vərəqində qərəzli olaraq cavab verilmədiyi kimi qeyd edildiyini bildirsə də iddiaçının qeyd olunan dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı konkret olaraq hansı sualların onun tutduğu peşəyə uyğun olmamasını və hansı suallara cavab verməsini konkret olaraq göstərməmişdir. Hərçənd ki, attestasiya vərəqəsində verilən sualların musiqişünaslıqla bağlı suallar olması açıq aydın görünür. Həmçinin, videogörüntülərlə attestasyia vərəqində olan məlumatlarla hər hansı bir uyğunsuzluq müəyyən edilməmişdir. Videogörüntüdən göründüyü kimi iddiaçı ona verilən sualların əksəriyyətini cavablandırmamaqla, komissiya üzvü dəfələrlə iddiaçını suallara cavab verməsi üçün istiqamətləndirmiş, verdiyi sualların cavabını almadıqda, cavabı səsləndirmiş, hətta verdiyi sualların əslində sadə suallar olduğunu iddiaçıya bildirməklə, sualların cavablandırılmamasına təəcübləndiyini ifadə etmişdir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, attestasiya proqramı bir neçə ay əvvəl bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilmişdir. Həmçinin, ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin təhsilverənlərin attestasiya proqramı yerləşdirilmişdir. Attestasiya isə Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmiş, ##.##.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş, attestasiya komissiyasının iddiaçıya qarşı qərəzli olması, verilmiş cavabların qiymətləndirilməsində pozuntulara yol verməsi müəyyən edilməməkdədir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almadan, hər hansı bir əsaslandırma olmadan iddianı təmin etmişdir.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar