Məhkəmə qərarları › İş №2(3-8)-531/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-531/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-531/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X7 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, R Yusif Süleymanovun ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir.

2. Həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ##.##.2023-cü il tarixli, *** saylı ekspert rəyinə əsasən İddiaçı bədəni üzərində sağ ayağın 4-cü daraq sümüyünün əsasının qapalı natamam sınığı, sağ aşıq-baldır oynağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi qançırı kimi qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid olduğu göstərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun səhhətinə vurulmuş maddi zərərə görə 10000 (on min) manat və ailələrinə mənəvi zərər vurduğuna görə 10000 (on min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, o, anası X4 ilə birlikdə ##.##.2023-cü il tarixdə, saat 11:00-da Sumqayıt Şəhər Məhkəməsində hakim Aynur Behbudovanm sədrliyi ilə keçirilmiş məhkəmə iclasında iştirak etmişdir. Atası Cavabdeh əmlak bölgüsünə dair iddiası təmin edilmədiyindən məhkəmə iclas zalında anası barəsində təhqiredici sözlər deyərək onu əxlaqsızlıqda ittiham etmiş və bundan sonra məhkəmə zalını tərk etmiş, lakin məhkəmə kompleksinin qarşısında onları gözləmişdir. Təxminən saat 11:45 radələrində Cavabdeh hüquq və ədalət binasının qarşısında mülki və vəzifəli şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozaraq anasına və ona ucadan nalayiq və təhqiredici ifadələr səsləndirmiş, şərəf və ləyaqətini alçaltmış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, anasının üzərinə hücum çəkərək onu vurmaq istəmiş, lakin o, onların arasına girərək atasını əli ilə kənara itələmişdir. Bundan sonra atası onun üzərinə hücum çəkmiş, ona təpik vuraraq yerə yıxmışdır. Cavabdeh qanunsuz hərəkətlərini dayandırmamış və vurmağa davam etmişdir. Məhkəmənin polis əməkdaşları, mühafizəçilər və icra məmurları aralarına girərək Cavabdeh uzaqlaşdırmışlar. Bundan sonra anası ilə evə getmiş, lakin yolda sağ ayağında şiddətli ağrılar hiss etmiş, bir saat sonra isə ayağı şişmişdir. Ayağının əzilməsini düşünmüş, lakin ağrılar daha da kəskinləşmişdir. ##.##.2023-cü il tarixdə o, Sumqayıt şəhər X3 xəstəxanasına müraciət etmişdir. Bununla bağlı Sumqayıt ŞPİ-nə raportla məlumat daxil olmuşdur. ##.##.2023-cü il tarixli, *** saylı ekspert tərəfindən qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, İddiaçı bədəni üzərində “sağ ayağın 4-cü daraq sümüyün əsasının qapalı natamam sınığı, sağ aşıqbaldır oynağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı” kimi xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla ##.##.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid olduğu qeyd edilmişdir. Daxil olmuş məlumat Sumqayıt ŞPİ-nin 5-ci PB-nin “törədilmiş və ya hazırlana cinayətlər” barədə məlumatların qeydiyyatı kitabında 1/566 sayla qeydiyyat alınaraq araşdırılması həmin bölmənin baş təhqiqatçısı, R X1 həvalə edildiyi üçün tərəfindən ilkin yoxlama aparılmış, ##.##.2023-cü il tarixdə materialın aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilərək Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmiş və ##.##.2023-cü il tarixdə müstəntiq Yusif Süleymanovun icraatına daxil olmuşdur. Araşdırma zamanı dindirilmiş Cavabdeh müdafiə xarakterli izahat verərək bildirmişdir ki, guya mülki mübahisəni udan tərəflər keçmiş həyat yoldaşı və oğlu ona hücum etmiş, xəsarətlər yetirmişlər. Sənanın hansı şəraitdə barmaq siniri sındığından xəbəri yoxdur. Hadisə 3-4 dəqiqə davam etmişdir. O, nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş və Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanlamasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. Eyni zamanda həmin iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli xüsusi qərarı ilə X8 barəsində təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Haqqını tələb etməkdən ötrü min qapı döymüş və atasının açıq şəkildə müstəntiqə işə xitam verilməsi üçün pul verdiyini bildirmişdir. Bununla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılmış və iş təkrar Sumqayıt Şəhər Polis İdarəsinə qaytarılmışdır. Artıq Baş Prokurorun qəbulu üçün Sumqayıt şəhərinə gəlməsinə bir neçə gün qalmış Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi X8 Cavabdeh Hüseyn oğlunun ərizə ilə müraciəti əsasında, hansı ki, sonuncu bildirmişdir ki, barəsində bəraətverici əsaslar olmadan cinayət işinin edilməsini etiraf edir, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində ##.##.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. O, İkinci Qarabağ Müharibəsi veteranıdır və buna görə də ona M/V seriyalı, ****** nömrəli veteran vəsiqəsi verilmişdir. Eyni zamanda Cavabdeh onlara, yəni anasına, bacısına və kiçik qardaşına həm maddi, həm də mənəvi çox zülmlər verir. Onların evdə əziyyətlə qazandıqları pulu xərcləyir. Bacısına qarşı atalığın müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Onlar da məcbur qalıb işlərinin güclərini atıb məhkəmələrdədirlər. Onun şikayəti əsasında 2 ildən çoxdur ki, Cavabdeh barəsində məhkəmə qərarları olsa belə polis cinayət işini başlamamışdır.

5. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, müalicəsinə təxminən 450 manat pul xərcləmişdir. Həmin sənədləri saxlamamışdır. Hadisədən 3 ilə yaxın vaxt keçmişdir. Hadisədən sonra səhhəti ilə əlaqədar 1 ay işləyə bilməmişdir. Həmin vaxt rəsmi əmək haqqı 480 manat olmuşdur. Bundan əlavə qeyri-rəsmi gündəlik işlərdə də işləmişdir. İddia tələbinin mənəvi ziyan hissəsinə gəldikdə isə ərizəsində qeyd etdiyi kimi cavabdeh anasını məhkəmə zalında təhqir etmiş, ictimai yerdə onu vuraraq xəsarət yetirmişdir. Polis şöbəsində işin baxılmasını qəsdən uzatmış, müstəntiqə pul verdiyini bildirmişdir. Bundan başqa cavabdeh onları narahat etmək üçün məhkəmələrdə əsassız iddialar qaldırır, onlara psixoloji təzyiq göstərir. Ərizədə səhhətinə vurulmuş maddi zərər göstərilsə də, o, ümumiyyətlə, vurulmuş maddi və mənəvi ziyanı tələb edir.

6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) iddia qismən təmin edilmiş, maddi ziyanın əvəzi olaraq 345 manat, mənəvi ziyanın əvəzi olaraq 500 manat olmaqla, cəmi 845 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesablama apararaq iddiaçıya dəymiş xəsarətlər sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələndiyindən iddiaçı 1 təqvim ayı işləyə bilməməsini qeyd etmişdir. Lakin, o, 1 ay deyərkən əmək qabiliyyətini tam itirilməsini, yəni xəstəxanada və ev şəraitində (ayağı gipsdə olma müddəti) müalicə aldığını qeyd etmişdir. Hadisədən ancaq təxmini 3 aydan sonra normal həyat tərzinə qayıtmışdır. Belə ki, işlədiyi yerlərdə uzun müddət ayaq üstə qalması tələb olunurdu, ona görə də əmək qabiliyyətini tam bərpa etmək üçün ən az 3 ay ev şəraitində müalicə almışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin törətdiyi əməllərdə bir necə cinayət tərkibi vardır və buna görə də Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə şikayətləri təmin edilmiş və Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanlamasının rədd edilməsi haqqında” qərarlar qanunsuz hesab edilərək ləğv edilmiş və iş üzrə işi aparan müstəntiq barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmışdır. Göründüyü üzrə bu müddət ərzində bir neçə dəfə məcbur qalıb vəkil yardımından da istifadə etmiş, qapılar döyümüş və hələ də cavabdeh barəsində adekvat tədbirlərin görülməsi üçün mübarizəsi davam edir. Eyni zamanda mənəvi zərərin miqdarı müəyyən edərkən məhkəmə cavabdehin ictimai yerdə yüksək səslə küçə söyüşlərindən istifadə edərək anası və onu təhqir etməsini nəzərə almamışdır. Halbuki cinayət əməlinin başlanmasına səbəblərdən biri məhz cavabdehin uzun müddətdir onun, bacısın, qardaşının yanında, ictimai yerlərdə anasınln şərəf və ləyəqətini alçaldılması, ona mənəvi və maddi iztirablar yaşatmasıdır. Qeyd edir ki, o, İkinci Qarabağ Müharibəsi veteranıdır və bu statusundan heç vaxt sui-istifadə etməmişdir. Onun üçün şərəf və ləyaqət ən yüksək mənəvi dəyərdir. Cavabdeh onun bioloji atası olsa da, cavabdehin içki içərək ona, anasına, qardaşına və bacısına hücum etməsi, ictimai yerlərdə rüsvay edərək əl qaldırılması onlara çox ağır, uzun müddət baş verən iztirablar yaşatmışdır. İş materialarından da göründüyü kimi cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi tam 3 (üç) il vaxt almışdır. Bu müddət ərzində cavabdeh əməlindən peşman olmaq yerinə qanunazidd əməl və davranışlarına, təhqir və təhriklərinə davam etmişdir. Ona görə də məhkəmə tərəfindən mənəvi ziyana görə təyin edilən 500 manat kompensasiya cavabdehi törətdiyi əməllərdən çəkindirmək üçün yetərli məbləğ deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

13. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. (...)

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

19. Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.

20. Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdə, təxminən saat 11:45 radələrində iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə zamanı iddiaçı xəsarət almışdır.

33. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin ##.##.2023-cü il tarixli, *** saylı ekspert rəyinə əsasən İddiaçı bədəni üzərində sağ ayağın 4-cü daraq sümüyünün əsasının qapalı natamam sınığı, sağ aşıq-baldır oynağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi qançırı kimi qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid olduğu göstərilmişdir.

34. İş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh cinayət işinin araşdırılması zamanı izahatı alınarkən iddiaçını vurmadığını bildirsə də, sonradan ərizə təqdim edərək işə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Daha sonra isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərara əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir.

35. Kollegiya qeyd edir ki, iddiaçının hadisə nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarət alması işin mübahisəsiz halıdır. Lakin iddiaçı əmək qabiliyyətini tam bərpa etmək üçün 3 ay ev şəraitində müalicə aldığını, işləyə bilmədiyini və bu səbəbdən də qazancdan məhrum olduğunu qeyd etsə də, bununla bağlı mötəbər sübutları (əmək müqaviləsi, bank çıxarışı və s.) təqdim etməmişdir.

36. Kollegiya həmçinin qeyd edir ki, mülki qanunverciliyə görə, şərəf, ləyaqət və işgüzar nüfuz şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyətli şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları bir qayda olaraq onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir.

37. Şərəf dedikdə - şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. İşgüzar nüfuz isə işgüzarlıq və professionallıq baxımından şəxsin yaxşı (müsbət) və qüsurlu (mənfi) keyfiyyətləri barədə yaranmış ictimai rəyə deyilir.

38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsiz haldır. Odur ki, mənəvi zərərin tutulması üçün hüquqi əsaslar mövcuddur.

39. “Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli qərarının 5.9-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

40. Qərarın 7.4-cü bəndində göstərilir ki, təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 500 manat mənəvi ziyanın əvəzinin tutulması barədə gəldiyi nəticə işin hallarına uyğun olaraq əsaslıdır.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar