Məhkəmə qərarları › İş №2(3-8)-559/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-559/2026

26.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-559/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Aslanova Kəmalə Qubad qızına qarşı mülki iş üzrə (Açar sözlər: qarşı torpaq sahəsi və üzərindəki əmlakların qanunsuz sahiblikdən alınaraq geri qaytarılması, qanunsuz tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Aslanova Kəmalə Qubad qızının, üçüncü şəxs Abşeron rayonu X5 nümayəndəsi nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Aslanova Kəmalə Qubad qızına qarşı torpaq sahəsi və üzərindəki əmlakların qanunsuz sahiblikdən alınaraq geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, sahiblik hüququ ilə ona məxsus, Abşeron rayonu, Müşfiqabad qəsəbəsinin ərazisindəki torpaq sahəsi və üzərindəki daşınmaz əmlakların cavabdeh Aslanova Kəmalə Qubad qızının qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsinin ərazisindəki 900 kv.m torpaq sahəsi və üzərindəki daşınmaz əmlakların (hasar çəkilmiş sahə və yarımçıq tikilinin) cavabdeh Aslanova Kəmalə Qubad qızı və başqalarının qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və iddiaçının faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşıyla birgə Abşeron rayonu, Müşfiqabad qəsəbəsinin ərazisində 2013-cü ildə özlərinə fərdi mənzil inşa edilməsindən ötrü keçmiş Müşfiqabad Bələdiyyəsindən torpaq sahəsi almışlar. Həmin torpaq sahəsi üzərində 2013-cü ilin may ayında tikinti işi aparmışlar. Hal-hazırda sahiblik hüququ ilə ona məxsus 0,9 ha ərazini daş hasara almış və həmin torpaq sahəsində 4 otaqlı, 1 aynabəndli, 1 sanitaq qovşaqdan ibarət evin özülünü tökmüşdür. 2013-cü ildə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi bələdiyyəsinin sədri Böyükağa adlı şəxs və müavini Məmmədağa adlı şəxs həmin qəsəbədə 9 sot torpaq sahəsini ona göstərmişlər, o da öz növbəsində 13500 manat pulu Abşeron rayonu, Müşviqabad qəsəbəsində həmin şəxslərə vermişdir. Həmin torpaq sahəsini hər tərəfdən 11 daşdan ibarət daş hasara almışdır. Fəhlələrə 5000 manat pul vermişdir. Həmin torpaq sahəsində heç bir tikinti işi aparmamışdır. Torpaq sahəsinin ətrafına daş hasar çəkmiş, qapı qoymuşdur. Qapı açıq olmuş, darvaza qoymamışdır. Həmin torpaq sahəsini alarkən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi bələdiyyəsi torpaq sahəsini ona verərkən heç bir sənəd verməyiblər. 2024-cü ilin aprel ayının 29-da həmin torpaq sahəsinə gedərkən torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt edilərək ev tikilməsini aşkar etmişdi. Bu səbəbdən Aşeron rayon Polis İdarəsinə şikayət etmişdi. Həmin ərazini zəbt edən Abşeron rayonu, Güzdək qəsəbəsi sakini Aslanova Kəmalə Qubad qızıdır. Onun pul verdiyi bələdiyyə işçiləri Böyükağa və Məmmədağa adlı şəxslər hal-hazırda bələdiyyədə işləmirlər. Həmin ərazidə daş hasarın çəkilməsi üçün xeyli miqdarda vəsait xərcləmişdir. Aşağıda qeyd etdiyi mal və materialların alınmasına, usta işlərinin görülməsinə ümumilikdə 7261 manat pul xərclənib: 1. Fundament yer qazıntısı haqqı - 150m x4 man = 600 man 2. Hörgü – 4330 kv x 0,30 man = 1320 man 3. Mişar daşı – 4250 əəd x 0,65 man = 2762 man 4. Sament – 70 əd x 5 man = 350 man 5. Qum – 16 kub x 12,5 man = 200 man Cəmi: 5232 man Fundament qazınması – 76 metr: 1. Armatur 14-lik -310 mx 0,90 =279 man 2. Xamut ( 50x60) – 350 əd x 0,40 = 140 man 3. Sament – 80 əd x 5 man = 400 man 4. Atsep – 20 kub x 17,5 man =350 man 5. Şebel – 10 kub x 10 man = 100 man 6. Fundament - usta pulu – 760 man Cəmi: 2029 man Yekun: 7261 man. Qardaşı X1 bu məsələ ilə əlaqədar DİN-nin 102 çağrı xidmətinə müraciət edərək, həmçinin Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət edərək, onlara məxsus 9 sot ərazinin 7 sotunu öz torpaqlarına qataraq onlara məxsus olmasını deyərək zəbt etmələrini aşkar etməsi barədə məlumat vermişdir. Abşeron RPİ-nin istintaq şöbəsinin ##.##.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar vermişdir. Mövcud mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Abşeron rayonu Aşağı-Güzdək Bələdiyyəsinə məxsus ərazidə yuxarıda qeyd etdiyi faktların olması-tikililər barədə ona sənəd təqdim edilməsini xahiş etmişdir. Həmin ərazinin iddiaçının adına sənədləşdirilməsində köməklik göstərilməsini Bələdiyyə rəhbərliyindən xahiş etmişdir. Abşeron rayonu Aşağı-Güzdək Bələdiyyəsi ** saylı, ##.##.2025-ci il tarixli cavab məktubu ilə ona bildirmişlər ki, sözügedən torpaq sahəsi vaxtilə vətəndaş İddiaçı tərəfindən sənədsiz zəbt olunaraq hasara alınmışdır. Lakin sonradan zəbt olunmuş həmin torpaq sahəsinə adı onlara məlum olmayan qonşusu tərəfindən müdaxilə olunaraq heç bir sənəd olmadan tikinti işləri aparılmışdır. Sözügedən torpaq sahəsi və aparılan tikinti işləri mübahisəli olduğundan hər iki vətəndaşa sənədləşmə işləri ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunub. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz tutularaq orada tikililərin tikildiyini bildirmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bələdiyyənin nümayəndəsi məhkəmə iclasında izahat verərkən iddiaçı və cababdeh tərəfin mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olmadığını və həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu bildirmişdir. İddiaçı sübut kimi təqdim etdiyi yalnız şahid ifadəsidir ki, şahid ifadəsində həmin torpaqda hasarın və bünövrənin onun tərəfindən tikildiyini və iddiaçının həmin torpağa sənəd ala bilmədiyini qeyd etmişdir. İddiaçının iddia tələbinin predmeti olan Abşeron rayonu, Müşfiqabad qəsəbəsinin ərazisindəki torpaq sahəsinin hüquqmüəyyənedici sənədi olmamışdir. Göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli evə bərabər statusa malikdirlər. Ümumiyyətlə həmin evə dair iddiaçının hər hansı istifadə və sahiblik hüquqları yaranmamışdır. Belə ki, iddiaçı torpaq sahəsi və üzərindəki əmlakdan cavabdehin çıxarılmasını tələb etdiyi halda, həmin evin hüquqmüəyyənedici sənədlərlə ona məxsus olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçının torpaq sahəsindən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara münasibət bildirməməsi, onları hərtərəfli və obyektiv qiymətləndirməməsi, habelə mübahisənin hüquqi mahiyyətini yanlış müəyyən etməsi nəticəsində qəbul edilmiş qətnamə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə təmin olunmuş mülkiyyət hüququnun, eləcə də 60-cı maddə ilə nəzərdə tutulmuş effektiv məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını tətbiq etmədən, sübutlara selektiv yanaşmaqla və əsaslı hüquqi mövqe formalaşdırmadan qərar qəbul etmiş, bununla da hüquqi müəyyənlik, ədalətli məhkəmə araşdırması və mülkiyyətin toxunulmazlığı prinsiplərini pozmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq hər bir şəxsin işinə ədalətli və qərəzsiz məhkəmə tərəfindən baxılması təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə əsasən, məhkəmə təqdim olunmuş əsaslı sübutlara münasibət bildirmədikdə və ya onları əsaslandırılmış qaydada qiymətləndirmədikdə bu hal ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilir. Hazırki işdə isə məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sənədlərlə aerokosmik görüntülər arasında açıq ziddiyyəti araşdırmamış, bu sübutlara münasibət bildirməmiş və nəticədə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə yönəlmiş vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, qəbul edilmiş qətnamə yalnız maddi və prosessual hüquq normalarının pozulması ilə deyil, eyni zamanda iddiaçının konstitusion və konvensiya ilə təmin olunmuş hüquqlarına müdaxilə ilə nəticələndiyindən, hüquqi dövlət və ədalətli məhkəmə prinsiplərinə zidd olmaqla ləğv edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə 2009-cu ilə aid məhkəmə hökmü təqdim edilmiş, eyni zamanda iş materiallarına əlavə edilmiş aerokosmik (peyk) görüntülər də mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu iki mühüm sübuta ümumiyyətlə hüquqi qiymət verməmiş, onların iş üzrə əhəmiyyətini araşdırmamış və qətnamədə bu sübutlara münasibət bildirməmişdir Məhkəmə qeyd olunan sübutlara qiymət versəydi, aerokosmik görüntülər əsasında 2009-cu ildə mübahisəli torpaq sahəsində hər hansı tikilinin mövcud olmadığını müəyyən edər, bununla da cavabdehin təqdim etdiyi məhkəmə hökmünün həmin konkret torpaq sahəsinə aid olmadığını və cavabdehin izahatlarının həqiqətə uyğun olmadığını aşkar edərdi. Lakin məhkəmə bu zəruri araşdırmanı aparmamış, əksinə, iş üzrə həlledici əhəmiyyət kəsb edən sübutları nəzərə almadan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmənin göstərilən sübutlara münasibət bildirməməsi və onları qiymətləndirməməsi işin natamam araşdırılması ilə yanaşı, sübutların selektiv və qərəzli qiymətləndirilməsini göstərir ki, bu da qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olmasını təsdiq edir və onun ləğv edilməsini zəruri edir. Cavabdeh məhkəməyə 2009-cu ilə aid guya həmin ərazidə tikinti aparması ilə bağlı sənəd təqdim etmişdir. Lakin iş materiallarına əlavə edilmiş kosmik (peyk) görüntülərdən görünür ki, 2009-cu ildə mübahisəli torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. Hətta 2013-cü ilin əvvəlinə aid görüntülərdə belə ərazi boş vəziyyətdə olmuş, yalnız 2013-cü ilin sonrakı dövründə tikinti əlamətləri müşahidə olunmağa başlamışdır. Bu isə cavabdehin məhkəməyə təqdim etdiyi məlumatların həqiqətə uyğun olmadığını sübut edir. İş materiallarından və məhkəmədə tədqiq olunmuş sübutlardan, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində özünün də qeyd etdiyi hallardan müəyyən olunur ki, iddiaçı hələ 2013-cü ildən etibarən mübahisəli torpaq sahəsini faktiki olaraq istifadə etmiş, həmin ərazini hasarlamış və orada tikinti işlərinə başlamışdır. Belə ki, məhkəmənin ##.##.2026-cı il tarixli baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsində bünövrə tökmüş və ərazidə hasar çəkmişdir. Həmin şəxs həmçinin qeyd etmişdir ki, görülmüş tikinti işlərinə görə iddiaçı tərəfindən ona 3000 manat məbləğində ödəniş edilmişdir. Bu ifadə iddiaçının həmin əraziyə faktiki sahiblik etdiyini və həmin sahədə real tikinti fəaliyyətinin aparıldığını təsdiq edən birbaşa sübutdur. Eyni zamanda, X5 rəsmi cavab məktubunda da göstərilmişdir ki, mübahisəli torpaq sahəsi əvvəlcə iddiaçı tərəfindən hasarlanaraq faktiki istifadə edilmişdir. Bu hal iddiaçının həmin torpaq sahəsi üzərində ilkin və üstün faktiki sahiblik hüququna malik olduğunu təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, uzun müddət faktiki istifadə və sahibliyin mövcudluğu həmin şəxsin müdafiə olunan hüquqi vəziyyətini formalaşdırır və belə sahiblik qanunsuz müdaxilədən qorunmalıdır.Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu iddiaçının mübahisəli torpaq sahəsinə dair faktiki sahiblik hüququnun mövcud olduğunu tam şəkildə sübut edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiyta şikayətini müdafiə edərək bildirdi ki, 2013-cü ildən köhnə bələdiyyə sədrindən torpaq sahəsi alıb, hasar çəkib. Evin bünövrəsini töküb. Qonşusu olan cavabdeh hasarı söküb, ev tikiblər. Bildiriblər ki, onlar torpağı hasara alıblar. Peykdən də görünür ki, 2009-cu ildə torpaq sahəsində hasar olmayıb. Torpaq sahəsinə dair sənədi yoxdur. X6 adlı şəxsdən almışdır.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Aslanova Kəmalə Qubad qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2009-cu ildən torpaq sahəsini bələdiyyənin işçisi Ramizdən almışdır. Hasarı yarımçıq çəkmişdir. Əmlak Komitəsi tərəfindən 2013-cü ildə onu məhkəməyə vermişlər. İki otaqlı ev tikib yaşayır, ağaclar əkib. Azyaşlı uşağının olmasını nəzərə almışlar, onu 300 manat cərimə etmişlər.

13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Abşeron rayonu, X5 nümayəndəsi nümayəndə1 iddiaçı bir dəfə sənəd almaq üçün bələdiyyəyə yaxınlaşmışdır. Cavabdehin istifadəsində olan ərazi bələdiyyəyə məxsus torpaq sahəsidir. Tərəflərdən heç birinin torpağa sənədi yoxdur.

İşdə olan sübutlar

14. ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ##.##.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq və Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət edərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 9 sot torpaq sahəsini Güzdək bələdiyyəsindən 13500 manat müqabilində alması, hər tərəfini hasarlayaraq bu vaxta qədər heç bir iş görməməsi, Siyəzən rayonunda yaşadığı üçün hərdən gəlib nəzarət etsə də, sonuncu dəfə getdikdə isə qonşuluqda yaşayan İntizar və Kəmalə adlı şəxslər tərəfindən ona məxsus olan 9 sotun 7 sotunu öz torpaqlarına qataraq onlaraq məxsus olmasını deyərək zəbt etmələri barədə məlumat vermiş, tərəflər arasında yaranmış mübahisənin mülki xrakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş, ona mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

15. Abşeron rayonu, X5 ##.##.2025-ci il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, qəsəbənin ərazisində yerləşən sözügedən torpaq sahəsi vaxtilə İddiaçı tərəfindən sənədsiz zəbt olunaraq hasara alınmışdır. Lakin sonradan zəbt olunmuş sözügedən torpaq sahəsinə adı məlum olmayan qonşusu trəfindən müaxilə olunaraq heç bir sənəd olmadan tikinti işləri aparılmışdır.

16. Abşeron Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-**/**** nömrəli hökmündən görünür ki, Ərzumanova Kəmalə Qubad qızı Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirləndirilərək həmin maddə ilə nəzərdə tutulmuç cinayətin törədilməsində təqsirli bilinərək ona 300 manat məbləğində cərimə növündə cəza tətbiq edilmişdir.

17. Şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, iddiaçının həmkəndlisidir. Belə ki, o, 2013-cü ildə Abşeron rayonu, Müşfiqabad qəsəbəsinin ərazisindəki İddiaçı məxsus torpaq sahəsində bünovrə tökmüş və ərazidə hasar çəkmişdir. Lakin iddiaçı torpaq sahəsinə sənəd ala bilməmişdir. Həmin bünovrənin tökülməsinə 16-lıq armaturdan istifadə edilmişdir. Usta işlədiyinə görə ona İddiaçı tərəfindən 3000 manat pul vermişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

20. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi saxlanılmalıdır.

24. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

25. Məhkəmə kollegiyasının iclasında isə iddiaçı İddiaçı subyektiv hüquqa malik olmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair iddiaçıya hər hansı bir hüquqmüəyyənedici sənədi olmamaqla, o, həmin torpaq sahəsini cavabdehdən daha əvvəl zəbt etməsini və orada özbaşına tikinti işləri aparmasını iddia etməkdədir. Cavabdeh isə torpaq sahəsini iddiaçının iddia etdiyi vaxtdan daha əvvəl zəbt etdiyini tikinti işlərinin də onun tərəfindən aparıldığını iddia etməkdədir. Buna görə də iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunur.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsində hasarlama və digər tikinti işləri aparılması ilə əlaqədar müəyyən xərc çəkdiyini, cavabdehin isə həmin tikililərdən faydalandığını iddia etdiyi halda əsassız varlanma qaydalarına müvafiq olaraq, çəkilmiş xərcin geri qaytarılmasını tələb etmək hüququna malik hesab olunur.

27. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar