Məhkəmə qərarları › İş №2(3-8)-58/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-58/2026

08.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-58/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X9 ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçılar iddiaçı2 və iddiaçı1, onların nümayəndəsi və vəkili nümayəndə1 (sonuncu məhkəmə iclasında iştirak etməmişdirlər), Cavabdehlərin nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, Iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti (kreditor-ipoteka saxlayan), X3 (alıcı-ipoteka qoyan) və cavabdeh2 (satıcı) arasında bağlanmış ##.##.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2010-cu il tarixli **/*** nömrəli arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 56,5 kv.m, o cümlədən yaşayış sahəsi 36,31 kv.m olan, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1A ünvanında yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində ** saylı mənzili alıcıipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1A ünvanında yerləşən ** saylı mənzil xüsusi mülkiyyət hüququ ilə cavabdeh2 adına 1410000507 qeydiyyat nömrəsi ilə ##.##.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

3. “xxxx” Açıq Səhmdar Cəmiyyəti, X3 və iddiaçı1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***-**İ saylı öhdəliklərin verilməsi müqaviləsindən görünür ki, satıcı ilə kreditor-ipoteka saxlayan arasında bağlanmış ## ###### 2010-cu il tarixli, ***-**/* nömrəli kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələri alıcıya verilir və onlar qanunvericiliyə müvafiq olaraq satıcını əvəz edirlər. Satıcı bu müqavilənin imzalandığı tarixdən 3 iş günü ərzində kredit müqaviləsi üzrə alınmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini alıcıya satmağı öz öhdəsinə götürmüşdür.

4. Sumqayıt şəhər Polis Idarəsinin Istintaq şöbəsinin baş müstəntiqi, R X5 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan iddiaçı2 və iddiaçı1 hazırda yaşadıqları ipoteka girovunda olan ünvanı almaq üçün 2014-cü ildə cavabdeh1 ilə ümumilikdə həmin tarixdə dolların məzənnəsinə uyğun olaraq 100000 ABŞ dollarına razılaşmaları, ona ilkin ödəniş olaraq 70000 ABŞ dolları ödəmələri, 2022-ci ilin yanvar ayınadək əvvəlki məzənnəyə uyğun olaraq ümumilikdə 30000 ABŞ dolları da ödəmələri, lakin cavabdeh1 dolların məzənnəsinin dəyişdiyinə görə əlavə ödəniş etməli olduqlarını bildirərək onları aldatması və mənzilin onların adına rəsmiləşdirilməsindən boyun qaçırmasına dair toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, iddiaçı2 pozulmuş hüquqlarının bərpa edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehlər cavabdeh2 və cavabdeh1 30000 ABŞ dolları (bu günkü məzənnə ilə) gecikdirilmiş məbləğə illik beş faiz olaraq 11 il müddətində, 16500 ABŞ dolları, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və tərəfindən ödənilmiş 332 manat məhkəmə dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə həyat yoldaşı iddiaçı1, cavabdeh1, Cəfərov Elvin və cavabdeh2 iştirakları ilə görüşü olmuş, onlara məxsus ünvan 1 ünvanında olarkən ev alqı-satqısından danışarkən, həyət evi istədiklərini, hal-hazırki evinin dar olduğunu və yaşadıqları mənzili genişləndirmək istəyinin olduğunu onlara bildirmişdir. Artıq aradan bir müddət keçdikdən sonra onlarla təkrar bir araya gələrkən, onlar evi satıb, yeni geniş ev aldınızmı sualı verdikdə, yeni ev almaq üçün imkanlarının olmadığını, bəlkə gələcəkdə arzularını reallaşdıracaqlarını qeyd etmişdir. Daha sonra, cavabdeh1, onların halhazırda yaşadıqları evi almasını, evin qiymətinin 100000 ABŞ dolları olduğunu, həmin məbləğin yarısının (50000ABŞ dolları) ödənişini evi alarkən, digər yerdə qalan ödənişini (50000 ABŞ dolları) isə hissə-hissə verəcəyini bildirmişdir. Həmin an pulu yetərli qədər olmadığı üçün, ailə olaraq maddi vəziyyəti ilə bağlı məsələni müzakirə etmiş və razılığa gələ bilcəklərini qərara almışdırlar. Ilkin olaraq, həmin təkliflə razı olmadıqlarını qeyd etsələr də, iki oğlu ilə də məsləhətləşdikdən sonra həmin evi almağı birlikdə qərarlaşdırmışdırlar. Həmçinin Iradə ilə söhbət edərkən, niyə bu evi başqa bir şəxsə daha baha qiymətə satmadığını, onlara 100.000 ABŞ dolları məbləğinə satmaq istədiyini soruşduqda o, evin ipotekada olduğunu, onlara uzaqdan qohumluq əlaqələri olduğu üçün bunu edə biləcəklərini qeyd etmişdir. Həmin vaxtı da oğlunun Almaniyaya getməsi üçün onlara 10.000 ABŞ dolları məbləğində pul lazım idi və evi satıb, 10.000 ABŞ dollarını Almaniyaya gedən oğluna verməyi, yerdə qalan məbləğlə isə həmin evi almağı planlaşdırmışdırlar. Daha sonra, evi satışa qoyduqdan sonra, ev 1 ay ərzində 81.000 ABŞ dollarına evi satmışdırlar, evi satışa qoyduqları vaxt da, Iradə tez-tez zəng edərək nə oldu?, niyə satılmadı eviniz? kimi suallar verirdi. Evin 81.000 ABŞ dollarına satıldığını bildikdən sonra, Iradə söhbət əsnasında onlara 50.000 ABŞ dolları yox, 70.000 ABŞ dollarını onlara ödəməyi, yerdə qalan borc məbləğinin azalacağını və ipotekaya aylıq ödənilməli olan 300 manat məbləğ ödənişlərin isə 2014-cü ildən yox, 2016-cı ilin avqust ayından etibarən edəcəklərini bildirdilər. Həmçinin yerdə qalan 30.000 ABŞ dolları məbləğini isə Azərbaycan manatına çevirərək (həmin vaxt dolların kursu 0.78 idi) 23.400 manat vəsaiti də banka ödədikdən sonra, evi onların adına keçirəcəyini bildirmişdir. Iradənin bildirdiyi təklifi evdə birgə müzakirə etdikdən sonra, onsuz da iki il müddətində ödəmə etməyəcəklərini, geniş evə ehtiyaclarının olduğunu və ödənişlərə isə 2016-cı ilin avqust ayından etibarən başlayacaqlarını düşünərək, edilən təkliflə razılaşmışdırlar. Iradəyə çox güvəndikləri, ona etibar etdikləri, uzaqdan da olmuş olsa qohumluq əlaqələrinin olduğu üçün Iradənin əri cavabdeh2 ilə 70.000 ABŞ dolları məbləğində notarial qaydada borc müqaviləsi bağlamışdırlar. Həmin vaxt artıq 70.000 ABŞ dolları məbləğində evin alınması üçün verdikləri pulu borc müqaviləsi kimi rəsmiləşdirmiş və müqaviləyə əsasən, guya o, cavabdeh2 70.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq, ##.##.2014-cü il tarixinədək qaytarılması şərti ilə vermişdir (##.##.2014cü il tarixli borc müqaviləsi ərizəyə əlavə edilir). Borc müqaviləsi aralarında bağlanarkən, həmin evə köçməkləri üçün onlardan 3 ay möhlət istədilər. Daha sonra, ##.##.2014-cü il tarixində Iradə zəng edərək köçə bilmədiklərini, müvəqqəti olaraq, kirayədə qalmaqlarını və kirayədə qaldıqları aylarda aylıq kirayə xərclərini ödəyəcəklərini və hətta kirayə üçün ev də tapacaqlarını bildirdilər. Lakin verdikləri sözə əməl etməyərək onlara kirayə qalmaq üçün nə ev tapdılar, nə də ki, aylıq kirayə haqqlarını ödədilər. Kirayə üçün bir otaqlı ev tutmuşdurlar. Iki oğlu, bir qızı, yoldaşı və o həmin evdə qaldılar. Daha sonra, oğlu xaricə gedəcəyi üçün Iradəyə zəng edərək oğlunun xaricə getdiyini, ona pul verməli olduğunu, buna görə də öhdəsinə götürdüyü aylıq kirayə haqqı məbləğini ödəməsini bildirdikdə, o, pulu verməmək üçün min bəhanə (sizin evinizdə 400 manat yoxdur kirayə haqqını verməyə və.s.) axtardı. Artıq həmin gündən etibarən onlara qarşı güvənsizlik yarandı. Oktyabr ayında onlar satılan evə köçdülər. Evdə çox səhvlər var idi, onların təmir edilməsi üçün xərclər çəkmişdirlər. Hər dəfəsində evdə hər hansı bir qurğunun (kombi və.s.) işləmədiyini bildirdikdə, Iradə “sənə o böyüklükdə ev vermişik, özünüz düzəltdirin də” kimi ifadələr işlədirdi. Artıq noyabr ayı idi və evdə quraşdırılmış kombi işləmirdi. Evdə soyuq olduğu üçün və yeni kombinin alınıb evə qoşulması baha başa gəldiyi üçün, mərkəzləşdirilmiş “atapleniya” sisteminə qoşulmağı qərar almışdırlar. Lakin bunu MIS-ə bildirdikdə onlara artıq, mərkəzləşmiş isitmə sistemlərini işə saldıqlarını və bunu dayandıra bilməyəcəklərini qeyd etdilər. Lakin onlara təkid etdikdən sonra, onlar mənzili də mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edəcəklərini öhdələrinə götürdü, lakin bunun üçün evin sənədinin lazım olduğunu qeyd etdilər. Iradəyə məsələni bildirdikdə o, evin sənədini gətirib verəcəyini dedi. Daha sonra, daşınmaz əmlakın texniki pasortu onlara təqdim edildikdən sonra, hüquq subyekti (mülkiyyətçi) olaraq X3 adının qeyd olunduğunu gördükdə, Iradəyə hazırda qaldıqları evin onun adına olduğunu dediyini, texniki pasportda isə X3 adının qeyd olunduğunu soruşduqda o, Səxavətin, oğlu Elvinin dostu olduğunu və ipoteka onlara verilmədiyi üçün onun adına götürdüyünü bildirdi. Bundan sonra, davamlı olaraq, ipoteka ödənişlərini 23.400 manata çatanadək ödəmişdirlər. Ən son ödənişi etdikdən sonra, Iradəyə evi adına keçirməsi üçün oğlunun dostu Səxavət Mamedovla danışmasını bildirdikdə, hələ, onların dolların kursu yüksəldiyi üçün əlavə də 24.000 manat ödəməli olduğunu bildirdi. Iradə ilə bu formada razılaşmadığını, danışığının yerdə qalan 23.400 manat məbləğin tərəflərindən ödəniləcəyini bildirsə də, o, əlavə olaraq 24.000 manat ödənişin tərəflərindən ödənilməli olduğunu təkidlə bildirdi. X3 adını texniki pasportda görsələr də, onun üzünü 2023-cü ilin aprel ayınadək görməmişdirlər. Nə zaman Iradədədən onunla tanış etməsini bildirdikdə müxtəlif bəhanələr gətirərək, Səxavətin xəstə olduğunu, narahat olmamağını və evi adlarına keçirəcəyini bildirirdi. Lakin artıq 24.000 manat məbləğin tərəflərindən ödənilməli olduğunu onlara dedikdə, həmin məbləğin Səxavət tərəfindən ödənilməsi və evin onların adına keçirmələrini təkildə bildirsələr də, Iradə adəti üzrə nə onları Səxavətlə görüşdürür, nə də ki, Səxavətlə aralarında danışıqların olması üçün şərait yaradırdı. X8rı görüşdürmədiyi təqdirdə şikayət edəcəklərini və bunun üçün şərait yaratmalı olduğunu dedikdə, o, qorxduğu üçün Səxavət, yoldaşı, iki oğlu və Iradə bilrikdə görüş keçirdilər. Məsələ ilə bağlı Səxavətə bildirdikdə Səxavət evin onun adına olduğunu, mülkiyyətçisi olduğunu, o evi almaqları üçün ödəniş etdiklərini bilmədiyini bildirsə də, daha sonra, yerdə qalan ödənişləri də onlara ödətdirmək məqsədilə, razılaşa biləcəklərini qeyd etmişdir. Daha sonra, uzun müddətli danışıqlardan sonra, mübahisəli mənzil ipoteka saxlayan bankın razılığı ilə iddiaçı1 adına keçirilmişdir. 2014-cü ildən məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixədək 11 il müddət keçmişdir. Həmin 11 il müddətdə artıq alınmış 30.000 USD məbləğində vəsaitə münasibətdə hər il 5 faiz məbləğ cavabdehlərdən tutulub onlara ödənilməlidir.

7. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olmaqla iddia müddəti də keçdiyindən iddia müddətini hazırki mübahisəyə tətbiq edib iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırılmışdır ki, verilmiş iddia tələbi əsassız olmaqla yanaşı verilən tələb ümumiyyətlə aydın deyildir. Iddia tələbini qəbul etmir. Əksinə iddiaçının hazırda cavabdehlərə borcu qalmışdır. Dollar həmin vaxt 0,78 manat idisə, sonradan 1,70 manat olmuşdur. Ziyan çəkən iddiaçı yox, cavabdeh tərəf olmuşdur. Əgər cavabdehin belə bir borcu var idisə, 3 il müddətində məhkəməyə müraciət edə bilərdi. Iddia tələbindən göründüyü kimi 11 ildən sonra pul tələbinə dair məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili nümayəndə1 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi iddiaçı1 cavabdeh1 ilə uzaqdan qohumluq münasibətlərində olmuşdur. Aralarında inam, etibar yaranmışdır. cavabdeh1 iddiaçı1 ipotekada olan evini 100000 ABŞ dollarına satmağı təklif etmişdir. Bildirmişdir ki, 70000 ABŞ dollarını borc müqaviləsi ilə rəsmiləşdirəcəkdirlər. Qalan 30000 dolları isə manat şəklində kreditə ödəyəcəkdir. Kredit tamam ödənildikdən sonra da ev iddiaçının mülkiyyətinə keçməli idi. Cavabdeh cavabdeh1 evin özünə aid olduğunu vurğulamışdır. Artıq noyabr ayında evdə qurşadırılmış kombi işləmədiyindən, evdə soyuq olduğu üçün və yeni kombinin alınıb evə qoşulması baha başa gəldiyi üçün iddiaçı tərəf mərkəzləşdirilmiş “atapleniya” sisteminə qoşulmağı qərara almışdır. Bununla bağlı mənzil kommunal istismar sahəsinə müraciət etdikdə mənzili mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edəcəklərini öhdələrinə götürmüşdürlər. Lakin bunun üçün evin sənədinin lazım olduğunu qeyd etmişdirlər. Cavabdehə məsələni bildirdikdə o, evin sənədini gətirib verəcəyini qeyd etmişdir. Daha sonra, daşınmaz əmlakın texniki pasortu təqdim edildikdən sonra, hüquq subyekti (mülkiyyəti) olaraq X3 adının qeyd olunduğunu gördükdə, cavabdehə hazırda qaldıqları evin onun adına olduğunu dediyini, texniki pasportda isə X3 adının qeyd olunduğunu soruşduqda o, Səxavətin, oğlu Elvinin dostu olduğunu və ipoteka onlara verilmədiyi üçün onun adına götürdüyünü bildirmişdir. Bundan sonra, davamlı olaraq, ipoteka ödənişlərini 23.400 manata çatanadək ödəmişdirlər. Ən son ödənişi etdikdən sonra, Iradəyə evi iddiaçının adına keçirməsi üçün oğlunun dostu Səxavət Mamedovla danışmasını bildirdikdə, hələ, dolların kursu yüksəldiyi üçün əlavə də 24.000 manat ödəməli olduqlarını bildirmişdir. Onlar Iradə ilə bu formada razılaşmadıqlarını, yerdə qalan 23.400 manat məbləğin tərəflərindən ödəniləcəyini bildirsələr də, o, əlavə olaraq 24.000 manat ödənişin tərəflərindən ödənilməli olduğunu təkidlə bildirmişdir. Bununla bağlı kifayət qədər sübutları vardır. Sübutlardan biri olan səsyazısında hər biri konkret əks olunmuşdur. Cavabdehin evin əsl mülkiyyətçisini gizlətməsi aydın şəkildə görünür.

9. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 izahatında bildirmişdir ki, cavabdeh cavabdeh2 həmin müddətdə ünvan 2 ünvanında ev tikdirirdi. Pulu çatmadığına görə evi satdığını bildirmişdir. Iddiaçı tərəf bildirmişdir ki, qısa müddət ərzində krediti ödəyib bitirəcəkdir. Lakin həmin kredit 2022-ci il tarixində ödənilib başa çatmışdır. Cavabdehin kredit götürməsi ağlabatan deyildir. Hesab edir ki, iddia tələbi əsassızdır. Həmçinin tərəf iddia müddətini də ötürmüşdür. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş səs yazısı qanunsuzdur, şəxsin məlumatı olmadan onun səsi yazılmışdır.

10. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, oğlunun toyu ilə əlaqədar evlərini təmir etdirmişdirlər. Həmin vaxtlarda qohumluq münasibətlərinin olduğu iddiaçı iddiaçı1 evlərinə gəldi və evi nə gözəl təmir etdirdiklərini bildirdi. Bu zaman toyla əlaqədar evi sataraq Bakı şəhərində yeni mənzil almaq niyyətlərini bildirdikdə, iddiaçı özlərinin ev almaq istədiklərini, bu evi əldə etməyin onlar üçün yaxşı olacağını bildirdi. Bundan sonra o, həyat yoldaşı ilə məsləhətləşmək üçün getdi. Ona pulun tez lazım olduğunu bildirmişdir. Ilk vaxtlarda iddiaçı 300-400 manat məbəğlərində ödənişlər edirdi. Sonra elə oldu ki, Qurd dərəsində torpaq aldı. Evin tikintisinə başlamaq lazım olsa da, iddiaçı pulu vermirdi. iddiaçı1 evlərini satacaq, təxminən 50000 dolları əvvəldən ödəyəcək, qalan hissəni isə 2 il ərzində ödəyəcəkdi. Təxminən 70000 dollar məbləğində onlar tərəfindən ödənişlər edildi. Onların 30000 dollar borcları qaldı. O, bilirdi ki, ev ipotekada idi. Evi oğlunun dostunun adına ipotekaya qoyaraq bankdan pul götürmüşdürlər. Borc 2 il ərzində ödənilib qurtarmadı. Sonda razılaşdılar ki, qalan 30000 dollar məbləğində pulu aybaay banka ödəyəcəklər. iddiaçı1 həmçinin faizləri də özünün həll edəcəyini bildirdi. Yeni aldıqları topaqda evin tikintisinə başlamaq üçün bankdan kredit götürdülər. Bu müddət ərzində iddiaçı1 həyat yoldaşı evdən çıxmaqları üçün onları tələsdirirdi. Bundan sonra dolların məzənnəsi qalxdı. Məmmədov Səxavət onlardan banka olan borcları ödəyib bitirməklərini, evi onun adından çıxarmaqlarını tələb edirdi. Səxavət özünün bankdan kredit götürmək niyyətini bəyan edirdi.

11. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə ailəvi dostdurlar. Qış ayları idi. cavabdeh1 ilə Elmlər ərazisində yerləşən kafedə görüşmüşdürlər. Tərəflər arasında danışıqlar oldu. Alqı-satqı barədə dollarla razılığa gəlmişdirlər. cavabdeh1 ziddiyyətli danışırdı. Tərəflər arasında dolların qalxacağı təqdirdə ödənişlərin artacağı barədə heç bir danışıq olmamışdır. cavabdeh1 bildirmişdir ki, başqa şəxsə borcu var. Onu ödəmək üçün ödənişin məbləğini qaldırmalıdır.

12. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçılar onun valideynləridir. Evi 2014-cü ildə 100000 dollar məbləğində əldə etmək, 70000 dollar məbləğində vəsaiti əvvəldən ödənilməsi və qalan məbləğin isə hissə-hissə ödənilməsi barəsində razılaşmışdırlar. Razılaşma şifahi formada olmuşdur. Iddiaçılar ödəniləcək məbləği heç vaxt gecikdirmirdi. Lakin onlar borcun bitmədiyini müşahidə edəndə cavabdehlərlə görüşmək qərarına gəlmişdirlər. Onlara borcun qalan hissəsinin yarı-yarıya ödənilməsinə dair təklif etmişdirlər. Bu zaman ailə olaraq hələ evi yox idi. Sonradan müəyyən olmuşdur ki, Səxavət Məmmədovun adına ipoteka borcu ödəyirmişlər. Səxavətlə razılaşmış və borcu öz adlarına keçirmişdirlər. Iddiaçı tərəf 30000 dollar məbləğində pul vəsaitini tam şəkildə ödəmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 777.1, 777.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində təmin edilməmə əsaslarından biri olaraq cavabdehin düzgün seçilmədiyini, tələb hüququnun mənzilin əvvəlki mülkiyyətçisi olan Səxavət Mamedova qarşı irəli sürülməli olduğunu qeyd etmişdir. Lakin məhkəmə qeyd edilən hala münasibətdə işi hərtərəfli araşdırmadan və toplanılmış sübutlara düzgün qiymət vermədən tələb hüququnun hazırki cavabdehlərə qarşı yönəlməli olmadığını bildirmişdir. Istər məhkəmə iclaslarında, istər məhkəmədən öncə Polis Şöbəsində aparılan araşdırma zamanı cavabdeh1 və digər cavabdehin nümayəndəsi, vəkili məhkəmə iclaslarında vermiş olduqları izahatlarında sövdələşmənin bilavasitə cavabdeh1 və hazırki tələb üzrə iddiaçı iddiaçı1 arasında olduğunu bildirmiş və sövdələşmənin şərtinə uyğun olaraq ilkin 70.000 ABŞ dollarının ödənilməsinin də müvafiq olaraq iddiaçılar və cavabdehlər arasında həyata keçirildiyini qeyd edilmişdir. cavabdeh1 və onun həyat yoldaşı cavabdeh2 vəkili və nümayəndəsi keçirilən məhkəmə iclaslarında aldıqları 70000 ABŞ dolları məbləğində vəsaiti aparıb evin əvvəlki mülkiyyətçisi Səxavət Mamedova verdiklərinə dair hər hansı bir fikir bildirməmişdirlər. Hətta əksinə onlar aldıqları vəsaiti özləri üçün sərf etdiklərini açıq-aşkar şəkildə məhkəmə iclasında bəyan etmişdirlər. Eyni zamanda iddiaçılar və cavabdehlər arasında olan şifahi razılaşmanın şərtlərinə əsasən sonda həmin ev iddiaçıların adına keçirilməli idi ki. Səxavət Mamedov iddiaçıların dəfələrlə etdiyi təkidlər nəticəsində cavabdehlərin üzərinə götürdükləri öhdəliyin həmin hissədə yerinə yetirilməsi üçün addım ataraq mənzili iddiaçının adına keçirmişdir. Belə olan təqdirdə tələb hüququnun bilavasitə şifahi razılaşmanın tərəfləri olmuş mövcud iddia tələbi üzrə cavabdehlərə yönəldilməsi tamamilə qanuni və əsaslıdır ki, məhkəmə yekun qənaətə gələrkən həmin hissəyə münasibətdə səhvə yol vermişdir. Həmçinin məhkəmə iddia tələbinin rədd edilməsini qətnamədə digər fakta, yəni, mülki iddia tələbinin iddiaçı tərəfindən sübuta yetirilməməsi əsası ilə olmuşdur. Məhkəmə həmin hissədə yekun qənaətə gələrkən iş üzrə sübut qismində tanıdığı, məhkəmə iclas zalında tədqiq olunmuş səs yazısına münasibət bildirməmişdir. Belə ki, tərəfindən sübut qismində məhkəməyə səs yazısı təqdim edildikdən sonra məhkəmə həmin səs yazısını mülki iş materiallarına əlavə etdi və bundan sonra cavabdeh tərəf həmin səs yazısı ilə tanış olmadığına görə məhkəmə iclasının təxirə salınmasını bildirdi. Bundan sonra məhkəmə iclası həmin zərurətlə əlaqədar olaraq təxirə salındı və növbəti məhkəmə iclasında həmin səs yazısı sübut kimi tədqiq edildi. Lakin məhkəmə qətnaməsində həmin səs yazısında heç bir münasibət bildirməyib. Belə ki, məhkəmə həmin səs yazısının sübut kimi qəbul edilib-edilməməsi məsələsinə, həmçinin əgər qəbul edilibsə, yaxud qəbul edilməyibsə hansı səbəblərdən qəbul edilib-edilməməsinə münasibət bildirməyib. Belə ki, təqdim etdiyi səs yazısından da açıq-aşkar aydın olunur ki, iddiaçılar mənzilin əldə etməsi üçün 70000 ABŞ dolları ödənişi cavabdeh1 etmiş və 30000 ABŞ dollarını isə sövdələşməyə uyğun olaraq banka aylıq olaraq etməli idi. Lakin 30000 ABŞ dolları (əvvəlki kursla) iddiaçılar tərəfindən banka ödənildikdən sonra sövdələşmənin şərtlərinə uyğun olmayaraq əlavə də təxminən 24000 manat məbləğində vəsaiti banka ödəməli olmuşdurlar. Səs yazısında sövdələşmənin nədən ibarət olması, ödənilmiş pulun məbləği, qalıq pulun hara və hansı şərtlərlə ödəyəcəyi öz təsdiqini tapdığı halda məhkəmə həmin sübuta münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar iddiaçı2, iddiaçı1, onların nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. (...)

21. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (...)

22. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Iş materiallarında olan sübutlara və işdə iştirak edən şəxslərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçılar hazırda yaşadıqları ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1A, ** saylı mənzili almaq üçün 2014-cü ildə cavabdeh cavabdeh1 ilə 100000 ABŞ dolları məbləğinə onlara satılması ilə bağlı şifahi razılaşmışlar. Buna görə iddiaçılar tərəfindən cavabdehlərə ilkin olaraq 70000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş, evin qalan dəyərinin də hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Tərəflər arasında evin alğı-satqısı ilə bağlı göstərilən razılaşma şifahi qaydada həyata keçirilmişdir. Evin alğı-satqısı ilə bağlı ilkin 70000 ABŞ dollarının və digər ödəmələrin edilməsi işin mübahisə edilməyən halıdır.

33. Həmçinin iddiaçı iddiaçı1 sözügedən mənzilin alınması üçün həmin mənzilin və mənzilə görə öhdəliklərin (ipoteka ilə yüklü edilməsi səbəbindən) adına keçirilməsi üçün mənzilin mülkiyyətçisi olan X3 ilə öhdəliklərin verilməsi haqqında ## #### 2023-cü il tarixli müqavilə bağlamışdır.

34. Iddiaçılar göstərir ki, mənzilin əldə etməsi üçün 70000 ABŞ dolları ödəniş cavabdeh1 edilmiş və 30000 ABŞ dollarını isə sövdələşməyə uyğun olaraq banka aylıq olaraq ödəməli idilər. Lakin 30000 ABŞ dolları əvvəllki məzənnə ilə iddiaçılar tərəfindən banka ödənildikdən sonra sövdələşmənin şərtlərinə uyğun olmayaraq əlavə də təxminən 24000 manat məbləğində vəsaiti banka ödəməli olmuşlar. Odur ki, həmin vəsait cavabdehlər tərəfindən onlara geri qaytarılmalıdır.

35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, evin mülkiyyətçisi Səxavət Mamedov olsa da evin alğı-satqısı ilə bağlı şifahi razılaşma iddiaçı ilə cavabdehlər arasında olmuş, eyni zamanda evin mülkiyyətçisi ilə cavabdehlər arasında sözügedən evə görə vəsaitlərin alınması ilə bağlı hər hansı bir mübahisənin olduğu müəyyən edilməmiş, əksinə öhdəliklərin verilməsi müqaviləsi ilə ev sonuncu tərəfindən iddiaçının adına keçirilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabehlərlə Mamedov Səxavət arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Bu hal, həmçinin evin mülkiyyətçisi ilə iddiaçı arasında ## #### 2023-cü il tarixli öhdəliklərin verilməsi müqaviləsinin bağlanması ilə də təsdiq olunur.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər öz aralarında şifahi olaraq razılığa gəldiklərindən, aralarındakı razılaşmanın şərtlərinin sonradan dəyişilməsi və nəticədə iddiaçının mübahisəli mənzili adına keçirməsi, başqa sözlə cavabdehin irəli sürdüyü şərtlərlə razılaşıb tələb edilən vəsaiti ödəməsi ilə razılaşması və bunu mənzili əldə etmək niyyəti ilə etməsi sonradan ödənilmiş vəsaitin geri qaytarılması üçün əsas təşkil etmir. Yəni hazırki halda həmin vəsaitin aldatma, hədə qorxu və.s əsasla tələb edilməsi halı da müəyyən edilmir. Iddiaçı cavabdehin təklif etdiyi şərtlə razılaşmış, evə görə banka əlavə vəsait ödənilməsi ilə bağlı qalan öhdəliklərin icra edilməsini öz üzərinə götürmüşdür. Digər tərəfdən, iddiaçının cavabdeh tərəfindən təklif edilən şərtlə razılaşmamaq, razılaşmadan imtina edərək ödədiyi vəsaitin geri qaytarılmasını tələb etmək hüququ olmasına baxmayaraq o, cavabdeh tərəfin təklif etdiyi şərtlə razılaşmışdır. Bu hal isə yuxarıda adı çəkilən müqavilə öhdəliyi üzrə ödənilmiş pul vəsaitlərinin cavabdehlərdən tələb etmək üçün əsas deyildir. Hazırki halda cavabdehlərin iddiaçı tərəfin hesabına əsassız varlanması halı müəyyən edilmir.

37. Bundan başqa, məzənnənin dəyişməsi gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirilmədiyindən, manatla olan ödənişlərdə artımın olmasının cavabdehlər tərəfindən vurulmuş zərər kimi qiymətləndirməsi barədə iddiaçıların dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.

38. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə gəldiyi nəticə əsaslı olmuşdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli, qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar