Məhkəmə qərarları › İş №2(3-8)-655/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-655/2026

30.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-655/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İlk iddia üzrə iddiaçı Şərifov İlqar Fehruz oğlunun cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına və qarşılıqlı iddia üzrə iddiaçı Əliyeva (Şərifova) Nahidə Allahverən qızının cavabdeh Şərifov İlqar Fehruz oğluna qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - torpaq sahəsinin mülkiyyətdə olması barədə verilmiş çıxarışın ləğv edilməsi, kompensasiya hesabına əldə edilmiş torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin satılması və bu əmlakların satılmasından əldə edilmiş pulun 2/7 hissəsinin ona ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, ilk iddia üzrə cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızının iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Şərifov İlqar Fehruz oğlu cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1ndə xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat birdəfəlik ödəniş müqabilində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) çıxarılması, 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyaların onun hesabına boşaldılması və kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılmasının eyni anda icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsi ## #### 2024-cü il tarixdə onun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsi və mənzilin onun mülkiyyətində olmasına baxmayaraq, cavabdeh Cavabdeh həmin evdə anası ilə birgə yaşayır. Faktiki olaraq sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi sahibliyində, istifadəsində və sərəncamındadır, həmin mənzilə mülkiyyət hüququna dair gözlənti hüququ da ona məxsusdur. Lakin, cavabdeh Cavabdeh həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda onun öz mülkiyyətindən istifadəni də məhdudlaşdırmışdır. Tərəfindən iddia ərizəsinə əlavə edilmiş ## ######## 2024-cü il tarixli fərdi yaşayış evinin kirayə dəyərinin müəyyən edilməsi haqqında mütəxəssis rəyinə əsasən ünvan 1ndə yerləşən mənzillərin kirayə haqqı analoji olaraq 250 manat təşkil edir. Odur ki, cavabdehin ona məxsus torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış sahəsindən çıxarılması üçün cavabdehə 9000 manat birdəfəlik kompensasiya ödənişi təklif etmişdir.

3. Əliyeva (Şərifova) X12 İlqar Fehruz oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, iddiaçı Şərifov İlqar Fehruz oğlunun adına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş 308013048025 reyestr və ********* qeydiyyat nömrəli ## #### 2024-cü il tarixli çıxarışın ləğv edilməsi, məcburi köçkün kimi ödənilmiş kompensasiya hesabına əldə edilmiş Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin satılması və bu daşınmaz əmlakların satılmasından əldə edilmiş pulun 2/7 hissəsinin ona ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və azyaşlı uşağı Abşeron rayonu, Masazır qəsəbəsindəki 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evin payları məlum olunmayan sahibi və istifadəçisidirlər. Əvvəlki mülki mübahisə üzrə iddiaçı X5 hazırkı mülki iş üzrə iddiaçı olan oğlu Şərifov İlqar Fehruz oğluna mübahisəli torpaq sahəsini cavabdehin razılığını almadan bağışlamış və nəticədə o yeni əsasla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əslində isə tərəflər arasında bu mülki mübahisənin mahiyyəti dəyişməmişdir. Hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə onun mənzil toxunulmazlığı və gözlənti mülkiyyət hüququnu pozmuş, onu yaşayış sahəsindən qanunsuz məhrum etməyə cəhd etmiş, habelə onun sahiblik və istifadə hüququna qəsd etmişdir.

5. Zəngilan Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddiaçı Şərifov İlqar Fehruz oğlunun cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı ilk iddia tələbinin təmin edilməsi, cavabdehin 14571.43 manat məbləğində kompensasiya müqabilində onun Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) istifadə hüququna xitam verilməsi, qeyd edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) çıxarılması, ona məxsus əşyaların hesabına boşaldılması, cavabdehin kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılmasının eyni anda icra edilməsi, Əliyeva (Şərifova) Nahidə Allahverən qızının Şərifov İlqar Fehruz oğluna qarşı qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı Şərifov İlqar Fehruz oğlu tərəfindən cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat məbləğində birdəfəlik kompensasiya ödənişinin verilməsi, qarşılıqlı iddianın isə qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. İddiaçı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə cavabdehə qarşı iddia qaldırmaqla öz mülkiyyət hüququnu müdafiə etmək istəmişdir. Artıq cavabdehin iddiaçının qardaşı ilə olan ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçı və onun digər ailə üzvləri üçün arzuolunmaz şəxs olmuş və cavabdehin iddiaçının mülkiyyətində yaşaması iddiaçıya öz mülkiyyətinə dair mülkiyyət hüququnun həyata keçirməsinə maneçilik törətmişdir. Cavabdehdən başqa hazırda mübahisəli fərdi yaşayış evində digər ailə üzvlərinin yaşaması da nəzərə alınaraq, iddiaçı tərəfindən təklif edilən 14571.43 manat kompensasiyanın məbləği məqbul hesab edilərək, ünvan 1ndə xüsusi mülkiyyət əsasında iddiaçıya məxsus olan 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin istifadə hüququna xitam verilməli, torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyalar onun hesabına boşaldılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Əliyeva (Şərifova) Nahidə Allahverən qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, mahiyyət etibarı ilə evin satılması və satışdan əldə edilən gəlirlərdən pay tələb etmişdir. Onun fərdi yaşayış evinin satışını tələb etməsindən də torpaq sahəsi üzərində inşa edilmiş tikililərdə daimi yaşamaq niyyətində olmaması anlaşılır. Tərəflər arasında mübahisə yalnız kompensasiya məbləğindədir ki, Əliyeva (Şərifova) Nahidə Allahverən qızı evin dəyərinin 2\7 hissəsində payının olması və həmin hissəyə mütənasib evin dəyərini tələb etməkdə haqlı deyildir. Onun hazırda özü ilə yanaşı övladına da pay istəməsi qanuna ziddir. Belə ki, 2013-cü ildə Şərifovlar ailəsinin, cavabdeh də daxil olmaqla 7 nəfər üzvü nəzərə alınmaqla kompensasiya ödənişi həyata keçirilən zaman cavabdehin oğlu X3 əlavə kompensasiya ödənişi edilməmişdir. Buna baxmayaraq, iddiaçı qardaşı oğlunun mübahisəli fərdi yaşayış evində yaşamasına etiraz etməmiş və onu tikililərdən çıxartmaq kimi bir niyyəti olmamışdır. Əvvəlki məhkəmə qətnamələri və iş materialları ilə də onun oğluna hər hansı bir kompensasiya məbləği ayrılması öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsi və tikilillər üzərində mülkiyyət hüququna sahib olmadığından evin satılmasını tələb etmək hüququ yoxdur. Mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasındakı gərgin münasibətlər, onların birgə yaşayışının qeyri-mümkünlüyü də nəzərə alınmaqla daşınmaz əmlakdan istifadə hüququna malik olan cavabdehin bu hüququ iddiaçının ona verəcəyi kompensasiya ilə əvəzləşdirilməlidir. Odur ki, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli və cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) evin dəyərinin 1/7 hissəsi kompensasiya kimi verilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.1, 157.2, 157.4, 228.1 və 228.2-ci maddələri maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. İlk iddia üzrə cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov) ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)**/**** nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı Şərifov İlqar Fehruz oğlunun cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı ilk iddia, Əliyeva (Şərifova) Nahidə Allahverən qızının Şərifov İlqar Fehruz oğluna qarşı qarşılıqlı iddiası təmin edilməmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı Şərifov İlqar Fehruz oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tam ləğv edilməklə, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı Şərifov İlqar Fehruz oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından məlum olduğu kimi torpaq sahəsi onun və azyaşlı uşağının mənafeyi nəzərə alınmaqla Şərifovlar ailəsinə 7 (yeddi) nəfər olmaqla ödənilmiş 30.000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya hesabına alınmışdır. Başqa sözlə həmin torpaq sahəsinin 2/7 hissəsi cavabdehə və onun azyaşlı uşağına məxsusdur. Qeyd edir ki, o, mübahisəli torpaq sahəsi ilə bağlı onun payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa, tətbiq olunan hüquq normalarının bəhs edilən torpaq sahəsində inşa edilmiş tikililərə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin tikililər hələ ki, iddiaçının mülkiyyətində deyildir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının ailə üzvü deyil və bu əsasdan iddiaçı məlum iddia tələbi ilə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüquqa malik deyildir. İlk iddia tələbi ümumiyyətlə icraata qəbul edilməməli və onun mümkünsüzlüyü barədə müvafiq qərardad qəbul edilməli idi. Cavabdehin iddiaçının ailə üzvü olması halında və onun mülkiyyətində olan yaşayış sahəsinə gəlin köçdüyü halda, iddiaçı kompensasiya ödəməklə onun istifadə hüququna xitam vermək səlahiyyətinə malik ola bilərdi. Cavabdeh mübahisəli torpaq sahəsinin payı müəyyən edilməmiş mülkiyyətçisi və eyni zamanda həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin istifadə qaydası müəyyən edilməmiş 2/7 hissəsinin sahibi və istifadəçisidir. Məlum daşınmaz əmlakın 2/7 hissəsi cavabdehə məxsus olduğu halda, kömpensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsi absurddur. Məhkəmə, payı və istifadə qaydası müəyyən edilməmiş məlum mübahisəli əmlakın hüquqi statusu ilə ailə üzvü kimi cavabdehə kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsinin hüquqi statusunu bir-birindən fərqləndirə bilməmişdir. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir” tələbini pozmuşdur. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə keçmiş məhkəmə mübahisələri üzrə artıq təsdiqini tapmış faktları nəzərə almamış və həmçinin bu faktların nəzərə alınmamasının səbəblərini məlum qətnamədə əsaslandırmamışdır. Məhkəmə tərəfindən qətnamədə Şərifovlar, o cümlədən Nahidə Əliyeva (Şərifova) tərəfindən imzalanmış və ##.##.2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəyə istinad olunmaqla iddiaçı tələbini əsaslandırmışdır. Həmin sənəd hazırkı iddia tələbinin təmin edilməsi üçün sübut kimi qiymətləndirilə bilməz. Belə ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməli olduğu halda, hüquq normasının tələbi pozularaq, məlum sənədin surəti mülki işin materiallarına əlavə edilmişdir. Həmçinin məlum sənəddə adları qeyd edilmiş şəxslər üzərilərinə hansısa öhdəlik götürmüşlər və bu öhdəlik Şərifovlar ailəsinə 7 (yeddi) nəfər olmaqla, o , cümlədən Nahidə Əliyeva (Şərifova) və onun azyaşlı uşağı nəzərə alınmaqla 30.000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödənilməsi ilə bağlı deyildir. Başqa sözlə məlum sənəd kompensasiyanın kimlərə ödənilməsi faktını təsdiq etmir. Bundan əlavə həmin vaxt 5 (beş) yaşlı Cavid Şərifovun məlum sənədi imzalamaması hüquqi-nöqteyi nəzərdən başa düşülən olmalıdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş * saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında məskunlaşmış məcburi köçkünlər barəsində tərtib edilmiş siyahıda Şərifovlar ailəsinin üzvlərinin sayı 7 nəfərdir. Qeyd edilməlidir ki, adıçəkilən sənəd də kserosürətdir, nə həmin sənədin əslidir, nə də təsdiqlənmiş sürətidir. Bu sənədin tarixi, kim tərəfindən imzalanması, onun vəzifəsi, həmin şəxsin adı, soyadı, möhürü və s. məlum deyildir. Nahidə Əliyevanın (Şərifovanın) adı isə həmin sənəddə ümumiyyətlə qeyd edilməmişdir. Hakim qəbul etdiyi qətnamə ilə cavabdehin daimi yaşadığı yaşayış sahəsi ilə bağlı onun istifadə hüququna xitam verir və bununla qanuni qüvvəyə minmiş digər qətnamə ilə cavabdehin yanında qalması qət edilmiş azyaşlı - Cavid Şərifovun hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 bildirdi ki, kompensasiya məbləği ilə razı deyil. Evin bir otağında qaynatası Şərifov Fehruz və qaynanası Şərifova Gülzar, digər otağında isə əri, oğlu və o yaşamışdır. Sonradan Şərifov İlqar Fehruz oğlu, Şərifova İlhamə Fehruz qızı və İ.Şərifovun oğlu qeydə alınıblar. İdarənin inzibati binasından məcburi köçkünlərin köçürüldüyünə görə ailəyə 7 nəfər nəzərə alınmaqla, 30000 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş, 5 yaşında olan oğlu nəzərə alınmamışdır. Kompensasiya məbləği hesabına Masazırda torpaq sahəsi alınaraq fərdi yaşayış evi tikilmişdir. Digər qohumlardan eşitdiyinə görə əslində qaynanası 30000 deyil, 70000 ABŞ dolları kompensasiya almışdır. Şərifov İlqarın adına verilmiş çıxarışın ləğvini də tələb etmişdir. Ailədə iki nəfərdir, hazırda oğlunun 18 yaşı var, universitetdə təhsil alır, xidmətçi olaraq çalışıb pul qazanır, yaşamağa başqa yeri yoxdur. O, mənzlin dəyərinin 2/7 hissəsinə mütənasib, yəni 28000 manat kompensasiya məbləği tələb edir.

15. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı ilk iddia üzrə iddiaçının əvvəlki apellyasiya icraatı zamanı nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

İşdə olan sübutlar

16. ünvan 1ndə yerləşən 0,02 ha torpaq sahəsi X5 tərəfindən bağışlama müqaviləsi əsasında oğlu Şərifov İlqar Fehruz oğluna bağışlanılmış və xüsusi mülkiyyət kimi Şərifov İlqar Fehruz oğlunun adına 1624027702 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmişdir.

17. “xxxx” MMC-nin ## ######## 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evinin aylıq kirayə dəyəri 250 manat təşkil edir. bazar dəyəri 74.900 manat müəyyən edilmişdir.

18. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş QXM***/M nömrəli, ## ###### 2025-ci il tarixli rəyinə əsasən aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 1ndə xüsusi mülkiyyət əsasında 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyəri 74.900 manat müəyyən edilmişdir.

19. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin **-***/** saylı, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbə (ümumi sahəsi 102 kv.m.) və zirzəmi sahəsindən ibarət orta təmirli fərdi yaşayış evinin bazar dəyəri 102000 manat təşkil etmişdir.

20. Zəngilan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(034)-185/2021-ci il tarixli qətnaməsindən görünür ki, X5 cavabdeh Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası

42. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

135.4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

244. Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Məhkəmə kollegiyası tərəfindən Zəngilan Rayon Məhkəməsinin ## ##### 2025ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfin izahatını dinləib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı Şərifov İlqar Fehruz oğlunun mülkiyyətində olan torpaq sahəsi 2013-cü ildə məcburi köçkün ailəsi olaraq tərəflərin hər ikisi də daxil olmaqla, 7 nəfərdən ibarət ailəyə təqdim edilmiş, 30000 ABŞ dolları kompensasiya hesabına əldə edilmiş torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi ailə üzvlərinin hər birinin ümumi istifadəsində olsa da, torpaq üzərində mülkiyyət hüququ X5 adına qeydə alınmış və sonradan bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Qanuni qüvvəsini almış Zəngilan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(034)-185/2021-ci il tarixli qətnaməsindən görünür ki, X5 cavabdeh Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, həmin icraat zamanı məhkəmə müəyyən etmişdir ki, 30000 ABŞ dolları kompensasiya məbləği Cavabdeh və onun uşağı da daxil olmaqla nəzərə alınaraq ödənilmişdir.

27. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə iddiaçının mülkiyyət hüququna dair qeydi mübahisələndirsə də həmin qeydin əsassız olmasına dair hər hansı bir əsaslı dəlil irəli sürməmişdir. İşin mübahisəsiz halı qismində mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi daha əvvəl X5 mülkiyyətində olamuş və bağışlama müqaviləsinə əsasən ilk iddia üzrə iddiaçının mülkiyyətinə keçmirşdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmin əmlakın onun razılığı olmadan bağışlandığını buna görə də mülkiyyət hüququna dair qeydin ləğv edilməsini tələb etmişdir ki, X5 mülkiyyətində olan əmlakı hər hansı bir şəxsə bağışlaması onun mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gəlməklə, həmin əmlak üzərində sərəncam verilən zaman qarşılıqlı iddia üzrə iddiaçının razılığının alınmasına da ehtiyac olmamışdır. Buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının qeyd olunan tələbini əsassız hesab etmişdir.

28. Məhkəmə kollegyiası qeyd edir ki, yuxarıda istinad edilən Mülki Məcəllənin 135.4 və 180.3-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşya hesab edilir ki, ilk iddia üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmçinin, Mülki Məcəllənin 244-cü maddəsində dolayısı ilə üzərində tikili olan torpaq sahəsi mülkiyyətçisinin digər şəxsin həmin torpaq sahəsinə, o cümlədən onun üzərində olan binaya, qurğuya və s. daşınmaz əmlaka olan mövcud istifadə hüququna xitam verilməsini tələb etmək hüququ təsbit olunmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, tərəflərdən heç biri birlikdə mübahisəli evdə yaşamağı arzu etməməklə, ilk iddia üzrə cavabdeh ona veriləcək kompensasiya məbləğinin miqdarını mübahisələndirməkdədir. Anoloji olaraq isə həmin münasibətləri tənzilmləyən norma Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, həmin normaya əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı tərəfindən təklif edilən kompensasiya məblğinin işin faktiki halları baxımından ədalətli olub-olmamasına hüquqi qiymət verməyi zəruri hesab etmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi onun həmin torpaq sahəsində inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alnmayan fərdi yaşayış evindən yaşayış sahəski kimi istifadəsinə əsaslanmışdır ki, ilk iddiaçı tərəfindən təklif edilən 14500 manat ədalətli və ağılabatan olmuşdur. Belə ki, qeyd olunan məbləğ Zəngilan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(034)-185/2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh və onun uşağı da daxil olmaqla nəzərə alınmaqla, 7 nəfər ailə üçün verilmiş məbləğin hazırkı ev üzərində dəyərinə mütənasib olmaqla yanaşı, həmin məbləğ mübahisəli daşınmaz əmlakın dəyərinin 1/7 hissəsini təşkil etməkdədir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir.

30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respbulikası Konstitusiya Məhkəməsi ## ######## 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməkdədir. İş materiallarına olan mütəxəssis rəyinə əsasən mübahisəli əmlaka uyğun əmlakların aylıq kirayə dəyəri 250 manat təşkil etmişdir ki, verilən kompensasiya məbləği cavabdehə 5 ilə yaxın mübahisəli fərdi yaşayış evinə oxşar digər evdə yaşamaq imkanı verməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar