Məhkəmə qərarları › İş №2(3-8)-793/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-793/2026

23.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-793/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: icra qeydinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə İlqar qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat 1.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər * saylı Notariat Ofisinin 8İ-**** reyestr nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə cavabdeh “xxxx” ASC ilə BPM************ nömrəli Tam kart kredit müqaviləsi bağlamışdır. Müqavilə bankın tipik formada tərtib etdiyi standart sənəd olub, notariat qaydasında təsdiq edilməmişdir. Həmin kredit müqaviləsi əsasən iddiaçı tam kart kredit kartı götürmüşdür. 5 (beş) il müddətinə 15000 (on beş min) manat kart üzrə ayrılmışdır. Daha sonra cavabdeh tərəfindən ona icra qeydi ilə bağlı heç bir məlumat verilməmişdir. İcra Şöbəsi tərəfindən ona təqdim edilmiş icra vərəqəsi ilə məlumatlanmış, haqqında başladılan icra işini qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən icra qeydi ona rəsmi qaydada təqdim edilmədən, yəni prosessual pozuntularla icra şöbəsinə təqdim edilmişdir ki, bu da həmin icra qeydinin etibarsız hesab edilməsi üçün mötəbər əsas yaradır. Cavabdehin Sumqayıt şəhər İcra Şöbəsinə ünvanlamış olduğu notarial icra qeydini ##.##.2025-ci il tarixindən rəsmi qaydada əldə etmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq banka ilə həmin müqaviləni bağlamışdır. İddiaçı İddiaçı icra qeydi ilə bağlı məlumatsız olduğunu bildirsə də həmin halı təsdiq edən mötəbər sübut məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Əksinə, bank tərəfindən verilmiş qaimədən və bildirişdən görünür ki, iddiaçıya bank tərəfindən bildiriş göndərilərək yaranmış borcu 20 gün müddətində ödəməsi tələb edilmiş, ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. 8İ-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun etibarsız hesab edilməsinə əsas yoxdur.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 390.1, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45, 76, 77, 79-cu maddəsinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı İddiaçı apellaysiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariat öz növbəsində pozuntu edərək ona icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir. Bütün bu faktlar iş materiallarında öz əksini tapır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq notarius yalnız icra qeydi göndərmişdir. Müqavilədə tərəflər arasında notarial icra qeydi verilməsi barədə açıq, birbaşa və xüsusi razılaşma mövcud deyildir. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 84-cü maddəsinə əsasən notarial icra qeydi yalnız tərəflərin aydın şəkildə ifadə olunmuş yazılı razılığı olduqda verilə bilər. Belə razılaşma olmadığı halda icra qeydi qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə İlqar qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, sübutlar məhkəməyə təqdim edilib, 20 gün əvvəl tərəfə sifarişli poçt vasitəsi ilə bildiriş göndərilib və xəbərdarlıq edilib ki, borc ödənilmədiyi təqdirdə icra qeydi veriləcək. İddiaçı borcu ödəməmiş, 20 gün gözlədikdən sonra icra qeydi verilmişdir. Bu səbəbdən icra qeydinin ləğvi üçün əsas yoxdur. İddiaçı banka müraciət etməmiş, faiz borcu ilə bağlı hər hansı etirazını bildirməmişdir.

11. Cavabdeh Sumqayıt şəhər * saylı Notariat Ofisinin noytariusu Bahadur Kərimov ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, BPM************ saylı tam kart müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 15000 manat məbləğində kredit limiti ayrılmışdır.

14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ##.##.2022-ci il tarixli, BPM************ saylı tam kart müqaviləsi üzrə banka ##.##.2025-ci il tarixədək ödənilməmiş əsas borc üzrə 3664,95 manat, faiz borc üzrə 1528,85 manat olmaqla, ümumilikdə 5193,8 manat ödənilməmiş borcu vardır.

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən cavabdeh İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, hesablanmış 3664,95 manat əsas borcun və bu borca müvafiq hesablanmış faiz borcu 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirilmişdir.

16. ##.##.2025-ci il tarixli qaimənin surətindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcluya göndərilmiş bildiriş ##.##.2025-ci il tarixdə “Zeynalov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

17. Sumqayıt şəhər * saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli, 8İ/**** saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı BPM220859488565 nömrəli müqaviləyə əsasən ödənilməmiş 5194 manat 20 qəpik tutulmalıdır. Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5219 manat 20 qəpik pul tutulmalıdır.

Tətbiq edilən hüquq

18. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu:

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

77. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə);

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

164. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə);

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

21. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

24. Belə ki, iş materialarından göründüyü kimi tələbkar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti ilə borclu İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, BPM************ saylı tam kart müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən borclu İddiaçı 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 15000 manat məbləğində kredit limiti ayrılmış, borclu kredit limitindən istifadə etmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC borclunun müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyini iddia edərək, icra qeydinin aparılacağı barədə borcluya bildiriş göndərmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən borclu İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdə hesablanmış 3664,95 manat əsas borcun və bu borca müvafiq hesablanmış faiz borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirilmişdir.

25. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2018-ci il tarixli, **-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş” formasında əsas borcla yanaşı, sənəddə nəzərdə tutulduğu halda faiz və ya dəbbə pulunun da göstərilməli olması təsbit olunmuşdur. Lakin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən cavabdeh İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdə əsas borcun 3664,95 manat olması qeyd olunsa da borcludan tələb olunan faiz borcu qeyd olunmamışdır. Cavabdeh Sumqayıt şəhər * saylı Notariat ofisi tərəfindən isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat 164-cü bəndinin tələbi pozularaq, icra qeydində tələbkara ödənilməli olan əsas və faiz məbləğləri ayrılıqda göstərilməyərək, ümumi məbləğ göstərilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Nəzərə alınmalıdır ki, icra qeydinin verilməsinə dair bildirişdə faiz məbləğinin göstərilməməsi borcluya faiz məbləği hissəsində bildirişə etiraz edə bilmək hüququndan məhrum etməklə yanaşı, qeyd edilən hal borcun mübahisəsiz olmasını da istisna edən fakt kimi çıxış edir. Bununla yanaşı nəzərə almalıdır ki, bildirişin verildiyi tarixə tələb edilən faiz məbləği ilə, ən azı 20 gün sonra icra qeydi üçün ərizənin verilməsi tarixinə hesablanacaq faizin məbləğində artımın olması şübhəsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarına görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə olduğu təqdirdə isə icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin tarixinə olan faiz məbləğinin deyil, icra qeydi üçün ərizənin verilməsi tarixinə hesablanmış faiz məbləğinin tələb edilməsi əsassız hesab olunur ki, qeyd edilən hallar da borcun mübahisəsiz olmasını da istisna edən fakt kimi çıxış etməklə, “Notariat haqqında” qanunun 76-cı maddəsinin tələbinin pozulması hesab olunur.

27. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansyia məhkəməsi tərəfindən cavabdeh Sumqayıt şəhər * saylı Notariat ofisinə ##.##.2025-ci il tarixli, 8İ/**** saylı icra qeydi ilə bağlı sənədlərin surətinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh Sumqayıt şəhər * saylı Notariat ofisi tərəfindən isə məhkəməyə yalnız tələbkarın icra qeydinin verilməsinə dair ərizəsnin və icra qeydinin surəti göndərimişdir. Qeyd edilən haldan isə belə anlaşılır ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə borcluya göndərilən bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmamışdır. Belə olduğu təqdirdə isə notariusun notarius tərəfindən tələbkarın tələbinin mübahisəsizliyini hansı qaydada müəyyən etməsi anlaşılan olmamış, bu halın mövcudluğ isə “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının 2-ci hissəsinin 2-ci bəndinin pozulması hesab olunmuşdur.

28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəlinmiş nəticə işin hallarına uyğun olmamış, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Sumqayıt şəhər * saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli, № 8İ/**** saylı icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar