Məhkəmə qərarları › İş №2(3-9)-142/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-142/2026

23.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-142/2026 23.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3329/2025 saylı, 27 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Masallı şəhəri, Həsən Əliyev küçəsində (Dadva küçəsində) yerləşən fərdi yaşayış evindən yataq dəsti, kondisioner, 1 ədəd balaca xalça, 2 ədəd ayaq altı, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 3 ədəd ədyal, 6 ədəd balış, 1 ədəd güllü nazik yorğan, 2 ədəd stol üstü, 1 ədəd süfrə, 6 ədəd dəsmal + 6 ədəd tək, 7 ədəd mətbəx dəsmalı, 2 ədəd hamam dəsmalı, 6 ədəd çay dəsmaİı + 6 ədəd tək, 1 ədəd uşaq adyalı, 4 ədəd pastel, 1 ədəd milçək öldürən, 3 ədəd balaca zibil qabı, 1 ədəd çüyün vedrə, 1 dəst kofe çaşqası, 2 qutu armudu stəkan, 1 ədəd ləpə qabı, 1 ədəd meyvə qabı, 24 ədəd stəkan, 6 ədəd bulud qaşığı, 6 ədəd bulud, 24 ədəd böyük nəlbəki, 12 ədəd razetka, 12 ədəd şüşə razetka, 24 ədəd böyük boşqab, 36 ədəd balaca boşqab, 12 ədəd böyük dolma qabı + 12 ədəd balaca dolma qabından ibarət əmlaklarının öz hesabına evindən çıxarılması və 100 manat dövlət rüsumuna görə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Masallı şəhəri, Həsən Əliyev küçəsində (Dadva küçəsi) fərdi yaşayış evi vardır. Cavabdeh onun oğlu X1 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2024-cü ildə nikahları pozulmuşdur. Ayrılmalarına baxmayaraq cavabdehin əmlakları hazırda onun evində qalmışdır və onun mülkiyyət hüquqlarını pozur. Həmin əmlaklar yataq dəsti, kondisioner, 1 ədəd balaca xalça və 2 ədəd ayaq altı, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 3 ədəd ədyal, 6 ədəd balış, 1 ədəd güllü nazik yorğan, 2 ədəd stol üstü, 1 ədəd süfrə, 6 ədəd dəsmal k + 6 ədəd tək, 7 ədəd mətbəx dəsmalı, 2 ədəd hamam dəsmalı, 6 ədəd çay dəsmalı+6 ədəd tək, 1 ədəd uşaq adyalı, 4 ədəd pastel, 1 ədəd milçək öldürən, 3 ədəd balaca zibil qabı, 1 ədəd çüyün vedrə, 1 dəst kofe çaşqası, 2 qutu armudu stəkan, 1 ədəd ləpə qabı, 1 ədəd meyvə qabı, 24 ədəd stəkan, 6 ədəd bulud qaşığı, 6 ədəd bulud, 24 ədəd böyük nəlbəki, 12 ədəd razetka, 12 ədəd şüşə razetka, 24 ədəd böyük boşqab, 36 ədəd balaca boşqab, 12 ədəd böyük dolma qabı+12 ədəd balaca dolma qabından ibarətdir. Həmin əmlakların çıxarılması barədə cavabdehə xəbərdarlıq etmiş, lakin nəticəsi olmamış və çıxarmamışdır. Nəticədə onun mülkiyyət hüququ pozulmuş, evindən sərbəst istifadə edə bilmir, cavabdehin əmlakları onun evində qaldığı üçün daimi onların qorumaq məcburiyyətindədir və nəticədə həmin əmlaklara görə sərbsət şəkildə mülkiyyətindən istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-3329/2025 saylı, 27 noyabr 2025-ci il tarixli qətnaməsi (X2) ilə, iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddianın əsaslı olması ilə əlaqələndirmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1260A, KOD 80501004 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999- cu il tarixli, 027 saylı qərarı ilə Masallı şəhər sakini İddiaçı 0.04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyul 2024-cü il tarixli, 2(050)- 940/2024 saylı qətnaməsi ilə, iddiaçı X1 ilə Cavabdeh arasında Masallı regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 913 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu X1 ilə rəsmi nikaha daxil olaraq, iddiaçının yaşadığı evə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Əmlakların yerləşdiyi fərdi yaşayış evi üzərində hər hansı hüquq rəsmiləşdirilməmişdir. Lakin işdə olan fərdi yaşayış evi iddiaçıya “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1260A, KOD 80501004 saylı şəhadətnamə ilə verilmişdir. Sonradan tərəflər arasında nikah pozulmuş, cavabdeh atasının evinə getmiş, lakin ona məxsus əmlaklar iddiaçının yaşadığı evdə qalmışdır və cavabdeh əmlaklarını könüllü şəkildə aparmır. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə cavabdehin əmlaklarının iddiaçının sahibliyində olan Masallı şəhərində yerləşən fərdi yaşayış evində qalmasının hüququ əsası yoxdur. Bu hal iddiaçının hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul edilərkən qüvvədə olan prosessual məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən daha sonra müəyyən etmişdir ki, iddia ərizəsi icraata qəbul edilərkən MPM-in 149-cu maddələrinin tələblərinə əməl olunmamışdır. Belə ki, iddiaçı iddia tələbində Masallı şəhəri, Həsən Əliyev küçəsində (Dadva küçəsi) yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının onun evindən çıxarılmasını tələb etmişdir. Sübut qismində məhkəməyə Torpağın mülkiyyətə verilməsinə” dair JN-1260A, KOD 80501004 saylı şəhadətnamə təqdim edilmiş, həmin şəhadətnamədə Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999- cu il tarixli, 027 saylı qərarı ilə Masallı şəhər sakini İddiaçı 0.04 hektar həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi neqator iddia olmaqla tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Neqator iddia (lat. actio negatoria– inkar edən iddia mənasını verir) mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Ona görə də, bu hüquq pozuntusu aradan qaldırılmadığı bütün müddət ərzində neqator iddia qaldırmaq olar. İddianın mahiyyətindən də göründüyü kimi, iddiaçı onun hansı əmlakından istifadəyə cavabdeh tərəfindən maneə yaradıldığını, yəni əmlakın fərdi əlamətlərini-məsələn hazırkı iddiaya münasibətdə hansı yaşayış evinin, həmin yaşayış evinin harada yerləşməsi, yaşayış evinə dair sənədləri iddia tələbində göstərməli və evə dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Lakin hazırkı işdə yalnız torpaq sahəsinə dair sənədlər təqdim edilmiş, onun üzərində fərdi yaşayış evinin mövcud olub-olmaması müəyyən edilmir. Birinci instansiya məhkəməsi həmin evə dair sənədləri tələb etməmiş, formal yanaşma tətbiq etməklə cavabdehin əmlaklarının Masallı şəhəri, Həsən Əliyev küçəsində (Dadva küçəsi) yerləşən fərdi yaşayış evindən çıxarılması qənaətinə gəlmişdir. Halbuki belə bir yaşayış evinin mövcudluğu iş materialları ilə müəyyən edilmir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan iddia ərizəsini geri qaytarmalı olduğu halda qaytarmamış, iddia ərizəsi icraata qəbul etməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qətnaməni apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almamış, iddia tələbinin icraata qəbul edilməsi üçün prosessual əsasların olmadığı halda icraata qəbul etməsi, yekunda isə iddia tələbi üzrə nəticəyə gəlinməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi MPM-in 149.2.3, 155.1, 155.3, 156-cı maddələrin tələblərinin pozulması ilə qəbul edilldiyindən, Masallı Rayon Məhkəməsinin 2(050)-3329/2025 saylı, 27 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3329/2025 saylı, 27 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar