Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-17/2026 02.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3158/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində, onun üzləşdiyi maddi ziyanın ödənilməsi üçün 15000 (on beş min) manat, mənəvi ziyanın ödənilməsi üçün 10000 (on min) manat, hüquqi xidmətlərə görə ödənilmiş 400 (dörd yüz) manat, notariat xərclərinə görə ödənilmiş 17 (on yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat məbləğlərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ötən ilin noyabr ayının 11-də, saat 19 radələrində ünvan 1 ünvanında yaşayan Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Masallı-Cəlilabad avtomobil yolunun Masallı şəhəri Bakı prospektindən keçən hissəsində, Lənkəran istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində ehtiyatsızlıqdan onu vuraraq ona ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Qeyd olunan əməli törətdiyinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Masallı Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 1(050)-115/2025 saylı hökmü ilə Cavabdeh qeyd olunan maddə ilə təqsirli bilinərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hadisənin təqsirləndirilən şəxsin avtomobili yüksək sürətlə idarə etməsi nəticəsində baş verdiyi müəyyən edilmiş, zərbə nəticəsində o, huşunu itirmişdir. Hadisə yerinə təcili tibbi yardım xidməti cəlb olunmuş və o, Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanada olduğu müddətdə Cavabdeh zərərçəkmişin yaxınlarına onun sağlamlığı tam bərpa olunanadək maddi dəstək göstərəcəyinə dair vəd versə də, sonradan bu vədini yerinə yetirməmişdir. 12 noyabr 2024-cü il tarixdə o, təcili tibbi yardımla Bakı Sağlamlıq Mərkəzinə köçürülmüş və 14 noyabr 2024-cü ildə qamış və incik sümüklərində yaranmış sınıqlara görə cərrah Sənan Aşirov tərəfindən qamış sümüyünə materialı titan olan metal implant yerləşdirilmişdir. 23 noyabr 2024-cü ildə cərrah Sənan Aşirov ona əlavə ciddi problemlərin olmadığını, fizioterapiya ilə qısa müddətdə sağalacağını bildirmişdir. Lakin iki ay sonra heç bir irəliləyiş müşahidə olunmadığından öz hesabına MRT, USM və digər tibbi müayinələrdən keçmişdir. Müayinələr nəticəsində sol dizdə bağların qopması, meniskin cırılması, sağ çiyində bağların qopması, sağ ayaqda EMG müayinəsində sinirlərin sıx zədələnməsi (n.peroneus və n.tibialisin stimulyasiyasında cavab alınmaması), həmçinin onurğada və qabırğalarda müxtəlif narahatlıqlar aşkar edilmişdir. Hazırda da, yataq şəraitindədir və problemlər davam edir. Gələcəkdə zəruri olan cərrahi müdaxilələrin özəl tibb müəssisələrində aparılması tələb olunduğundan təqribən 20000-30000 manat arası xərc tələb olunur. Sol ayaq üzrə aparılmış əməliyyat 2 iyul tarixində icra edilmiş və bununla bağlı 4000 manatdan artıq xərc çəkilmişdir. Yaxın müddətdə sağ çiyinlə bağlı aparılacaq cərrahi əməliyyata ən azı 5000 manat, daha sonra isə sağ ayaqda sinirlərin bərpasına yönəlik əməliyyata xeyli daha yüksək məbləğ tələb olunacağı bildirilməkdədir. Göründüyü kimi təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini ehtiyatsızlıq nəticəsində törədərək ona həm maddi, həm də, mənəvi zərər vurmasına baxmayaraq, bu ziyanın ödənilməsi üçün heç bir köməklik göstərmir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ilə müraciət etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia qaldırmışdır. O, iddia tələbini qəbul etmir, iddianın qanunsuz və əsassız olduğunu bildirir və onun rədd edilməsini tələb edir. Aşağıdakı fikirlərlə o, iddia tələbinin əsassız olduğunu əsaslandırır. O, iddiaçını əvvəllər tanımamışdır. 11 noyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə içkili vəziyyətdə olan İddiaçı yolu keçərkən onun öz ehtiyatsızlığı ucbatından vurmuşdur. Bu hadisə ilə bağlı barəsində CMnin 263.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmış, hökm qanuni qüvvəyə minmiş və o, hazırda cəzasını çəkir. Cinayət işinə baxıldığı zaman iddiaçı tərəfindən mülki iddia verilmiş, lakin məhkəmə həmin mülki iddianı baxılmamış saxlamışdır. Hazırda isə iddiaçı ondan 15000 manat maddi ziyan, 10000 manat isə mənəvi ziyan tələb edir. Lakin bu tələb əsassızdır və hər hansı real hüquqi baza yoxdur. Hadisədən dərhal sonra iddiaçını avtomobilə mindirərək xəstəxanaya aparmış, onun müalicəsinin bütün mərhələlərində iştirak etmiş və çəkilən xərclərin hamısını özü qarşılamışdır. İddiaçının müalicəsinə, əməliyyatına, tibbi vasitələrinə və digər xərclərinə ümumilikdə 12800 manat pul xərcləmişdir. Bu məbləğin 2000 manatı iddiaçının kartına, 5700 manatı Bakı Sağlamlıq Mərkəzində əməliyyat zamanı xəstəxananın hesabına köçürülmüş, qalan məbləğ isə nağd formada iddiaçıya və onun aptekdə işləyən oğluna verilmişdir. Nağd şəkildə verdiklərini vicdnları varsa danmazlar. Xəstəxanadan çıxdıqdan sonra evinə qurbanlıq qoyun aparmışdİr. İddiaçı 15000 manat maddi ziyan tələb edirsə, bu məbləğin hansı ziyana görə və nə üçün xərcləndiyini əsaslandırmalı, müalicə və müayinələrə görə ödəniş qəbzlərini məhkəməyə təqdim etməlidir. İddiaçı müraciətində 30000 və ya 50000 manat da, yaza bilər, lakin yazdıqlarını sübut etməyə borcludur. Mənəvi ziyana gəldikdə bildirir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, yəni iddiaçıya qarşı qəsd olmamışdır. Hadisə zamanı içkili olmamış, yüksək sürətlə hərəkət etməmiş, hadisə sadəcə olaraq ehtiyatsızlıq nəticəsində baş vermişdir. Hadisədən sonra ilk tibbi yardımı özü göstərmiş, əməliyyatından evə çıxana qədər maddi və mənəvi dəstəyi daim etmişdir. İddiaçı yeriməkdə çətinlik çəkdiyini bildirdikdə, onun üçün əvvəlcə 900 manata əlil arabası almış, iddiaçı bəyənmədiyi üçün əlavə 600 manat ödəyərək başqa arabanı da, almışdır. Onun bütün tələbatları demək olar ki, onun tərəfindən tam şəkildə qarşılanmışdır. İddiaçının xəstəliyi ilə əlaqədar mənəvi iztirab çəkməsi iddia edilə bilməz. Hadisənin baş verməsində onun günahı nə qədərdirsə, iddiaçının da, öz ehtiyatsızlığı ilə günahı az deyil. Etdiyi bütün köməklər vicdanla qiymətləndirilməlidir. Özünün maddi vəziyyəti ağırdır, heç bir iş yeri yoxdur, kasıb şəraitdə yaşayır, buna baxmayaraq iddiaçıya kömək etmək üçün 5 bankdan kredit götürmüşdür. Bütün bu hallar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən ödənilən məbləğlərdən əlavə olaraq özü 10000 manat məbləğində xərclər etmişdir. Özü 1 ildir işləmədiyindən gəlir əldə etmir, lakin işlədiyi dövrdə 1000 manatdan yuxarı gəlir qazanmışdır. Sol ayağının bağlarının əməliyyatı üçün 5000 manat ödənilmiş, əlavə olaraq dərmanlara və yol xərclərinə 6000 manat sərf olunmuşdur. Sağ çiyninin əməliyyatı üçün Avrasiya Klinikasında 4000 manat tələb olunur, əlavələrlə birlikdə isə ümumilikdə 5000 manat lazımdır. Bundan əlavə, West Hospital üçün 255 manat, tibbi referans üçün 150 manat ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzində cavabdeh tərəfindən ödənilmiş 3500 və 2000 manat məbləğləri, həmçinin əlil arabasına verilmiş 140 manat pulu tələb etmir. Cavabdeh tərəfindən çəkilmiş digər xərclərdən isə 4 gün komada, 8 gün isə xəstəxanada yatdığı üçün xəbərsiz olmuşdur. O, maddi ziyandan əlavə 10000 manat məbləğində mənəvi ziyan, eləcə də, 400 manat vəkil pulu, 17 manat notarius xərci və digər çəkdiyi xərclərin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının müalicəsi ilə bağlı ümumilikdə 12800 manat məbləğində pul xərcləmişdir. Həmin məbləğin 2000 manatı iddiaçının kartına, 5700 manatı isə Bakı Sağlamlıq Mərkəzinin hesabına köçürülmüşdür. Qalan vəsait isə nağd qaydada iddiaçının oğluna verilmişdir. İddiaçı üçün əvvəlcə 900 manata əlil arabası alınmış, lakin iddiaçı həmin arabanı bəyənmədiyinə görə əlavə olaraq 600 manata başqa əlil arabası alınmışdır. Bundan əlavə, onun tərəfindən 500 manat fizoterapiya xidmətlərinə, 400 manat dərmanlara, Bakı Sağlamlıq Mərkəzinə isə 3500 manat ödənilmişdir. Ümumilikdə 5734 manat xəstəlik xərcləri olmuş, bütün bu ödənişlər onun tərəfindən edilmiş və iddiaçının qardaşına təqdim olunmuşdur. Ümumilikdə iddiaçının müalicəsi üçün 12800 manat ödəniş etməsinə baxmayaraq bu barədə hər hansı sənədi yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının əməliyyatına görə 5734 manat məbləğində pulu Bakı Sağlamlıq Mərkəzinə ödəmişlər, qalan pul isə əlbəəl verilmişdir. İddiaçının Avrasiya klinikasında əməliyyat olunması barədə də, məlumatları yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-3158/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elşən Hüseynov), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 570 (beş yüz yetmiş) manat məbləğində pul, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul, cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, məhkəmə xərclərinin 135 (yüz otuz beş) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-3158/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-3158/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-3158/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 459.3. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur. 1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 24 dekabr 2025-ci il tarixli 20 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun 5.9.Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. 5.11.Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. 6.1.Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.). 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər. 6.3.Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir. 6.4.Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər. 7.1.Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.2.Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. 7.3.Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. 7.4.Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. 7.5.Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən edərək, iddia tələbinin həm maddi həm də, mənəvi zərərin ödənilməsi hissəsində düzgün nəticəyə gəlsə də, iddianın mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissəsində səhv nəticəyə gəlmişdir ki, bununla da gəlinən nəticənin mənəvi zərərin məbləği hissəsində apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər nəzərə alınmaqla iddia tələbinin mənəvi zərər hissəsində gəlinən nəticənin yenidən araşdırılması və ona hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan “Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş qəbzdən görünür ki, xəstə İddiaçı ilə bağlı 14 noyabr 2024-cü il tarixdə avans olaraq tibbi xidmətdən istifadə ilə bağlı Travmatologiya və ortopediya şöbəsi üçün cəmi 3500 manat məbləğində ödəniş edilmişdir. (Qəbzin üzərinə “+2000 metala qəbzsiz” qeyd edilmişdir). İş materiallarında olan “Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş hesab-fakturanın surətindən görünür ki, xəstə İddiaçı ilə bağlı 5733,49 manat pul ödənilmişdir. İş materiallarında olan “Güven Klinika”sı tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı travmotologiya şöbəsinin xidmətindən istifadə etdiyindən 85 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Travmotoloq ortoped X4 tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, xəstə İddiaçı tərəfindən dərmanlara 280 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim X2 tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, xəstə İddiaçı tərəfindən dərmanlara 310 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir. İş materiallarında olan “Referans” Klinik Laboratoriya mərkəzinin 12 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, pasiyent İddiaçı massaj xidmətdən istifadə etdiyindən 10 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Referans” Klinik Laboratoriya mərkəzinin 13 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Referans” Klinik Laboratoriya mərkəzinin 14 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Referans” Klinik Laboratoriya mərkəzinin 17 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 40 manat məbləğində ödəniş edilmişdir İş materiallarında olan “Referans” Klinik Laboratoriya mərkəzinin 19 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Referans” Klinik Laboratoriya mərkəzinin 20 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Referans” Klinik Laboratoriya mərkəzinin 21 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02 may 2025-ci il tarixli satış çekindən və eyni tarixli göndərişdən görünür ki, nağd şəkildə 90 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan . "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 20 may 2025-ci il tarixdə travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 170 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 20 may 2025-ci il tarixdə travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 75 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12 iyun 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 40 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12 iyun 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 80 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02 iyul 2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, xəstə İddiaçı ilə bağlı Avrasiya Hospital üçün 3000 manat ödənilməlidir. İş materiallarında olan “Ortopedik mağaza”nın 03 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 120 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 04 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 8,10 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 06 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 11,80 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 04 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 12,40 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 25 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 11,62 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 03 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 31,36 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 16 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 321,59 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 18 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 9,30 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 21 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 11,62 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 25 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 9,30 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-115/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitəlırini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış və İddiaçı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan 20 iyun 2025-ci il tarixli № EM-417VK-323605/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən və hüquqi yardım göstərilən (müdafiə edilən) şəxs İddiaçı cinayət işi üzrə hüquqi yardım göstərilməsi üçün vəkil Nümayəndə1 ilə müqavilə bağlamışdır. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli “Pashapay” ödəniş aparat vasitəsi ilə ödənilmiş qəbzin surətindən görünür ki, hüquqi yardıma görə 400 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan AR-İ seriyalı 684713 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən şəxs İddiaçı etibar edilən şəxs Nümayəndə1 5 il müddətinə Etibarnamə vermişdir. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli 137-35 nömrəli "xxxx" ASC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı etibarnamənin təsdiqi üçün 17,25 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 165 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin hallarından görünür ki, Cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı İddiaçı sağlamlığa ağır dərəcəli zərər vurmuşdur. Ona görə də, Cavabdeh Masallı Rayon Məhkəməsinin 1(050)-115/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı Cavabdeh törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 15000 (on beş min) manat maddi ziyanın, 10000 (on min) manat mənəvi ziyanın, hüquqi xidmətlərə görə ödənilmiş 400 (dörd yüz) manat, notariat xərclərinə görə ödənilmiş 17 (on yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir.Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protestləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya cəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd olunmalıdır ki, mülki qanunvericilik sağlamlığı pozulmuş şəxslərin müalicəyə çəkdiyi xərclərin ödənilməsi ilə yanaşı, bununla bağlı gələcəkdə çəkəcəyi xərclərin qabaqcadan ödənilməsi imkanını da nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-in 459.3-cü maddəsinə əsasən zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Həmin Məcəllənin 1125.2-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənil məsi zərurəti olduqda tibbi ekspertizanın rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün təyin edilə bilər. Göründüyü kimi mülki qanunvericiliyin sadalanan normaları zərərin əvəzini ödəməyə borclu olan şəxsdən gələcəkdə çəkiləcək müalicə xərclərini tələb etməsinin və belə tələbin təmin olunmasının hüquqi əsaslarını özündə əks etdirir. Kollegiya yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbi baxımından maddi zərərlə bağlı qeyd edir ki, “Referans” Klinik Laboratoriya mərkəzinin 12 fevral 2025-ci il tarixli, 13 fevral 2025-ci il tarixli, 14 fevral 2025-ci il tarixli, 17 fevral 2025-ci il tarixli, 19 fevral 2025-ci il tarixli, 20 fevral 2025-ci il tarixli və 21 fevral 2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı massaj xidmətdən istifadə edərək ümumilikdə 150 manat məbləğində ödəniş etməsi, bundan başqa “Güven Klinikası”nın travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 03 fevral 2025-ci il tarixli ödəniş qəbzinə əsasən 85 manat, "xxxx" MMC-nin Baş-beyin KT müayinəsindən istifadə edərək 02 may 2025-ci il tarixli satış çekinə və eyni tarixli göndərişə əsasən 90 manat, "xxxx" MMC-nin travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 20 may 2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən cəmi 245 manat, ümumilikdə 570 manat ödəniş edilməsi işin mübahisəsiz halıdır. İddiaçı sol ayağının bağlarının əməliyyatı üçün Avrasiya Hospitalına 3000 manat, əlavə olaraq dərmanlara və yol xərclərinə 6000 manat vəsait xərclədiyini, sağ çiyninin əməliyyatı üçün Avrasiya Klinikasında 4000 manat, əlavələrlə birlikdə isə ümumilikdə 5000 manat tələb olunduğunu və ona görə 15000 manat tələb etməsi ilə bağlı ilk növbədə kollegiya qeyd edir ki, həmin halları tam təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 02 iyul 2025-ci il tarixli ödəniş cədvəlində İddiaçı ilə bağlı Avrasiya Hospital üçün 3000 manat ödənilməli olduğu qeyd edilsə də, ödənişi təsdiq edən sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş Səhiyyə Nazirliyi Professor Travmotoloq ortoped X4 tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsində İddiaçı tərəfindən dərmanlara 280 manat, həkim X2 tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsində isə dərmanlara 310 manat məbləğində ödəniş edildiyi qeyd edilsə də, həmin ödənişlərin ödənilməsini təsdiq edən qəbzlər təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən "xxxx" MMC-nə 50 manat, "xxxx" MMC-nə 40 manat və 80 manat, Ortopedik mağazaya 120 manat, "xxxx" MMC-nə 427,09 manat ödənildiyi qeyd edilsə də, həmin ödənişlərin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa cavabdeh iddiaçının müalicəsi üçün ümumilikdə 12800 manat ödəniş etməsinə etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, burda sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya xatırladır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırkı halda isə sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür. Lakin iddiaçı yuxarıda qeyd etdiyi hallarla bağlı maddi zərərlə bağlı iddia etdiyi məbləğdə maddi zərərə məruz qalması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı həm maddi həm də, mənəvi ziyana məruz qalmışdır. O ki, qaldı məhkəmə tərəfindən müəyyən edilən maddi ziyanın məbləğinə kollegiya məhkəmənin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən maddi ziyanın məbləğini sübut olunan həddə yəni 570 (beş yüz yetmiş) manat məbləğində müəyyən olunmasına kollegiya məhkəmənin bu mövqeyi razılaşır və hesab edir ki, maddi ziyan hissəsində düzgün nəticəyə gəlinmiş, bu hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla heç bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası mənəvi ziyanla bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehin cinayət əməli nəticəsində uzun müddət fəal ictimai həyat tərzindən məhrum qalmış, səhhətində yaranan problemlər iddiaçının mənəvi sarsıntıya məruz qalmasına səbəb olduğundan iddiaçıda psixi iztirabın, mənəvi sarsıntının qarşılığı kimi birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə cavabdehdən alınan məbləğ 300 manat kifayət qədər az olmaqla, iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi ədalətli hesab edilə bilinməz. Buna görə də həmin məbləğin artırılaraq 2000 (iki min) manat məbləğdə müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi qismən ədalətli hesab edilməklə, müəyyən edilən məbləğ iddiaçının yenidən normal həyat şəraitinə qayıtmasının qismən qarşılığı kimi dəyərləndirilməlidir. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 24 dekabr 2025-ci il tarixli 20 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. (Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 24 dekabr 2025-ci il tarixli 20 N-li qərarının 5.1,5.2,5.3,5.5,5.9-cu bəndləri) Plenum həmçinin izah etmişdir ki, mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-3158/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qətnaməsi mənəvi zərərlə bağlı hissədə dəyişdirilməli, Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2570 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Ona görə də qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 372, 384.0.3, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3158/2025 saylı, 01 dekabr 2025-ci il tarixli qətnaməsi mənəvi zərərlə bağlı hissədə dəyişdirilsin. Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-17/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-17/2026
02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver