Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-179/2026 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs MJ Financial Services BOKT ASC) “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1764/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs MJ Financial Services BOKT ASC) iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xüsusi notariusu X1 8İ-8967 nömrəli, 23 dekabr 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş xüsusi notariusu X1 8İ- 8967 nömrəli, 23 dekabr 2024-cü il tarixli icra qeydinə əsasən ondan TPP-1053- 0571-23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 748 manat pulun, bundan əlavə 1279.08 manat peniyanın, həmçinin tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2052.08 manat pulun tutulması təklif edilmişdir. O, sözügedən icra qeydi ilə razı deyil və aşağıdakı əsaslara görə ləğv edilməsini xahiş edir. Belə ki, o, cavabdehdən cəmi 340 manat pul götürmüş, onun da 208 manatını ödəmişdir. Onun cavabdehə az miqdarda borcu qalmışdır. Bütün bunlara baxmayaraq, hazırki icra qeydinə əsasən, ondan yüksək məbləğdə şişirdilmiş borc məbləği tələb olunur. Hazırkı notarius tərəfindən ona heç bir məlumat verilmədən icra qeydi icra olunması üçün Cəbrayıl rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1764/2025 saylı (hakim Nüsrət Mirzəyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; xx.xx.2024-cü il tarixli, 8İ-8967 nömrəli icra qeydində göstərilmişdir ki, Biləsuvar rayon notariat kontorunun xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1075, ünvan 1 ünvanında yerləşən MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı'' Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xeyrinə Cəbrayıl rayonu, Böyük Mərcanlı Ərazi Dairəsi, Böyük Mərcanlı k. (faktiki ünvan:ünvan 3eydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 - Cəbrayıl RPŞ QvŞV qrupu; FİN: xxxxxxx; d/t: xx.xx.1971) TPP-1053-0571-23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 748 manat 00 qəpik (yeddi yüz qırx səkkiz manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borcludan İddiaçı 1279 manat 08 qəpik (min iki yüz yetmiş doqquz manat səkkiz qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2052 manat 08 qəpik (iki min əlli iki manat səkkiz qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə borclu İddiaçı icra qeydi ilə bağlı bildiriş göndərilmişdir. Məktub və bağlamaların daşınması xidməti haqqında qəbzdən görünür ki, İddiaçı bildiriş göndərilmiş, lakin o, bildirişi almaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş icra qeydində “Notariat haqqında” qanunun tələbinə görə göstərilməsi məcburi olan digər rekvizitlərlə yanaşı tələbkarın adı və ünvanı, habelə borclunun adı və ünvanı göstərilməli olduğu halda icra qeydinin aparması zamanı qanunun qeyd edilən tələbinə əməl edilmişdir. Belə ki, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə borclu İddiaçı icra qeydi ilə bağlı bildiriş göndərilmişdir. Məktub və bağlamaların daşınması xidməti haqqında qəbzdən görünür ki, İddiaçı bildiriş göndərilmiş, lakin o, bildirişi almaqdan imtina etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs MJ Financial Services BOKT ASC) icra qeydinin ləğvi tələbi barədə iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 76, 77-ci maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1764/2025 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onun oğlu 2-ci Qarabağ müharibəsinin qazisidir, onun sağ ayağı ambutasiya olunmuşdur. Oğlunun müalicəsi ilə əlaqədar ona təcili pul lazım oluğu üçün o, MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC-dən cəmi 340 manat pul götürmüş və hazırda götürdüyü həmin pulun 208 manatını ödəmişdir. Onun MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC-nə cəmi 132 manat borcu qalmışdır. MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC–nə 132 manat borcunun qalma səbəbidə sözü gedən təşkilatın adının bir necə dəfə dəyişməsi olmuşdur. Belə ki, o həmin pulu hara ödəyəcəyini bilməmişdir. Hazırda icra qeydinin aparılması barədə nə notarius tərəfindən, nə də kreditor tərəfindən ona rəsmi bildiriş göndərilməmiş və icra qeydi aparılması nəzərdə tutulan tələbin mübahisəsiz olub-olmaması aydınlaşdırılmamışdır. Buna görə də hesab edir ki, sözü gedən qətnamə qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq olunmuş borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısına əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: 1. Notariat qaydada təsdiq edilmiş əqdin əsli 2. Ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş. Hazırda ona bu barədə bildiriş gəlmədən qanunsuz olaraq icra qeydi tərtib edilərək icra şöbəsinə göndərilmişdir. İcra qeydinin aparılması barədə nə notariat ofisi tərəfindən, nə də kreditor tərəfindən ona rəsmi bildiriş göndərilməmiş və icra qeydi aparılması nəzərdə tutulan tələbin mübahisəsiz olub-olmaması aydınlaşdırılmamışdır. Göründüyü birinci instansiya məhkəməsi sözügedən iş üzrə hərtərəfli araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparıla bilər. Sözügedən icra qeydi barədə ona heç bir məlumat verilməmişdir. Onun sözügedən icra qeydindən məlumatı İcra və Probasiya Şöbəsindən ona xəbər gələndə olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Cavabdeh və maraqlı şəxs MJ Financial Services BOKT ASC ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (MM maddə 739.1,739.2). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 77-ci maddəsinin tələblərinə görə icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləs məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1764/2025 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1764/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs MJ Financial Services BOKT ASC) iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xüsusi notariusu X1 8İ-8967 nömrəli 23 dekabr 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş icra qeydində “Notariat haqqında” qanunun tələbinə görə göstərilməsi məcburi olan digər rekvizitlərlə yanaşı tələbkarın adı və ünvanı, habelə borclunun adı və ünvanı göstərilməli olduğu halda icra qeydinin aparması zamanı qanunun qeyd edilən tələbinə əməl edilmişdir. Belə ki, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə borclu İddiaçı icra qeydi ilə bağlı bildiriş göndərilmişdir. Məktub və bağlamaların daşınması xidməti haqqında qəbzdən görünür ki, İddiaçı bildiriş göndərilmiş, lakin o, bildirişi almaqdan imtina etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı (maraqlı şəxs MJ Financial Services BOKT ASC) icra qeydinin ləğvi tələbi barədə iddiası təmin edilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, icra qeydi aparılmamışdan əvvəl ona nə notarius, nə də kreditor tərəfindən hər hansı rəsmi bildiriş göndərilməmiş, borcun mübahisəsiz olub-olmaması araşdırılmamışdır. Halbuki, qanunvericiliyə əsasən icra qeydi yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər və borcluya göndərilmiş yazılı bildiriş əsasında aparılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Hazırkı mülki iş üzrə iş materialları ilə müəyyən olunmuşdur ki, icra qeydi aparılmazdan əvvəl tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə borcluya yazılı bildiriş göndərilmiş, bu hal müvafiq poçt qəbzi ilə təsdiq edilmişdir. Bildiriş borcluya çatdırılmaq üçün təqdim olunmuş, lakin iddiaçı onu qəbul etməkdən imtina etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələbinə görə əsas şərt bildirişin borcluya göndərilməsidir. Borclunun öz iradəsindən asılı olaraq bildirişi qəbul etməməsi və ya ondan imtina etməsi tələbkarın üzərinə qoyulmuş bildiriş göndərmək vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Əks halda, borclunun sadəcə bildirişi qəbul etməməsi ilə icra qeydinin aparılmasının qarşısını almaq imkanı yaranardı ki, bu da hüquq münasibətlərində sui-istifadəyə şərait yaradar. Həmçinin qanunvericiliyə əsasən icra qeydi aparılarkən borcluya yazılı bildirişin göndərilməsi vəzifəsi notariusun deyil, tələbkarın üzərinə düşür. Notarius təqdim olunmuş sənədlər əsasında borcun mübahisəsiz olub-olmadığını formal qaydada yoxlayır və qanunda nəzərdə tutulmuş şərtlər mövcud olduqda icra qeydi aparır. Eyni zamanda, əgər borclu hesab edirdisə ki, borc mübahisəlidir və ya məbləğ düzgün deyil, bu halda həmin mübahisəni məhkəmə qaydasında qaldırmaq və sübut etmək onun üzərinə düşürdü. Borclunun bu hüquqdan istifadə etməməsi və ya passiv davranması icra qeydinin qanunsuz hesab olunması üçün əsas ola bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1764/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1764/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-179/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-179/2026
12.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver