Məhkəmə qərarları › İş №2(3-9)-339/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-339/2026

21.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-339/2026 21.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı İntiqam oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı İntiqam oğlunun Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: “UNİPRİCE” MMC-nin ##.##.2025-ci il tarixli UNİ/A-59-497/25 saylı ekspert rəyinə əsasən iddiaçının tələb etdiyi 10 qramlıq göy qaş sırğa, üzük-sırğa dəsti (komplekt), 5 qaşlı nişan üzüyü, qırmızı qaş setkalı üzük, sadə nişan üzüyü, ağ setka qaşlı nişan üzüyün işdə olan sənədlər üzrə (2020-ci ildəki və hazırkı bazar qiymətləri göstərilməklə) dəyəri müəyyən edilmiş, iddianın predmeti olan qızıl-zinət əşyalarının ədalətli bazar dəyəri ## ###### 2025ci il tarixinə: 3960,0 (üç min doqquz yüz altmış) manat, 2020-ci il tarixinə alış qiyməti nəzərə alınmaqla 3060,0 (üç min altmış) manat təşkil etmişdir. “xxxx” ASC-nin məktubuna əsasən Cavabdeh ilə "xxxx" ASC arasında ##.##.2022-ci il tarixli KR*******-**** saylı heç bir kredit və ya girov müqaviləsi rəsmiləşdirilməmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı İntiqam oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalmış ona məxsus 5000 manat dəyərində 10 qramlıq göy qaş sırğa, üzük-sırğa dəsti (komplekt), 5 qaşlı nişan üzüyü, qırmızı qaş tor üzük, sadə nişan üzüyü, ağ tor qaşlı nişan üzüyü və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun yaxın qohumudur, 2020-ci ildə ona müraciət edərək nağd pula ehtiyacının olduğunu, ona görə ona köməklik etməyini bildirmiş, nağd pulu olmadığı üçün özunə məxsus qızıllarını ona vermiş, həmin qızılları banka qoyaraq pul götürmüş, lakin cavabdeh qızılları ona qaytarmaqdan imtina etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçıya məxsus 1 ədəd göy qaş sırğanın, 1 ədəd üzüksırğa dəstinin (komplekt) 1 cüt sırğanın və 1 ədəd üzüyün, 1 ədəd 5 qaşlı nişan üzüyünün, 1 ədəd qırmızı qaş torlu üzüyün, 1 ədəd sadə nişan üzüyünün, 1 ədəd ağ torlu qaşlı nişan üzüyünün, özləri olmadıqda isə qızıl-zinət əşyalarının dəyəri olan 3960 (üç min doqquz yüz altmış) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manatın alınıb İddiaçı İntiqam oğluna verilməsi, İddiaçı İntiqam oğlundan 50 (əlli) manat, Cavabdeh 100 (yüz) manat ekspertiza xərcinin tutularaq “UNİPRİCE” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan həqiqətən də qeyd edilən qızılları aldığını etiraf etmiş və eyni zamanda o qızılların bir qismini qaytardığını iddia edir. Lakin bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ondan götürdüyü qızıl-zinət əşyalarının dəyərini ödəməmiş, onun pulunu da geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya məxsus 1 ədəd göy qaş sırğa, 1 ədəd üzük-sırğa dəsti (komplekt) 1- cüt sırğa və 1 ədəd üzük, 1 ədəd 5 qaşlı nişan üzüyü, 1 ədəd qırmızı qaş torlu üzük, 1 ədəd sadə nişan üzüyü, 1 ədəd ağ torlu qaşlı nişan üzüyü borcu qalmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçının bacısının səs yazısı olan sübut kimi məhkəməyə təqdim etdiyi CD disk tədqiq edilmiş və orada qızıl-zinət əşyalarının bir hissəsinin iddiaçının bacısı Süleymanova Minayə İntiqam qızına iddiaçıya təqdim etməsi üçün verdiyi qeyd edilmişdir. Lakin məhkəmə qətnaməsində bu xüsusatlara hüquqi qiymət verilməmiş, məhkəmə sadəcə onun heç bir sübut təqdim etmədiyini qeyd etməklə kifayətlənmişdir. Baxmayaraq ki, məhkəməyə şifahi vəsatət verərək Süleymanova Minayə İntiqam qızının məhkəməyə şahid qismində dəvət edilməsi barədə vəsətat versə də, məhkəmə vəsatətinə münasibət bildirməmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi rəsmi olaraq ona göndərilməmişdir. Məhkəməyə sübut təqdim edilsə də, həmin sübut tam olaraq araşdırılmamış və müdafiə hüququ pozulmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iş üzrə səs yazısı mövcud olmuş və həmin səs yazısı Kürdəmir Rayon Məhkəməsinə təqdim edilmişdir. Səs yazısına məhkəmə iclasında diqqətlə qulaq asılmamışdır. Təqdim edilmiş qızıllara dair fotoşəkillər və səs yazısı məhkəmədə qalmışdır. Minayə Süleymanovanın dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsi zamanı vəsatət bildirilmiş, lakin hakim tərəfindən qeyd olunmuşdur ki, həmin şəxsi iclasa gətirmək onun öz üzərinə düşür. Öz növbəsində bunu təmin etməyin mümkün olmadığını bildirmişdir. Hadisə ## ###### 2025-ci il tarixdə uşağının ad günündə öz evində baş vermişdir. Həmin dövrdə Qarabağ ərazisində işləmişdir. Qızılların təxmini çəkisi 22-23 qram olmuş və alınması üçün 2900 manat məbləğdə kredit götürülmüşdür. Qızılların alınmasına dair ərizə və imza mövcuddur. Ziya qızılların ona aid olmadığını bildirdiyindən götürməmişdir, lakin Minayə qızılları götürərək Ziyaya verəcəyini qeyd etmişdir. Həmin qızıllar hazırda Minayədədir. İddiaçıya 9-10 qram çəkidə qızıl borclu qalmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı İntiqam oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, 2020-ci ildə mübahisəli qızılları cavabdehə təqdim etmişdir. Qızılların çəkisi təxminən 50 qram olmuşdur. Lakin ona həmin qızıllar geri qaytarılmayıb, çünki onlar kredit müəssisəsində girovda saxlanılıb. 2020-ci ilin yanvar ayında qızıllar onun şahidliyi ilə “xxxx” ASC-də girov qoyularaq 2900 manat məbləğdə pul götürülmüşdür. Ona qızıllar verilməmiş və bacısı Minayəyə qızılların verilməsi barədə məlumatı yoxdur. Qeyd edilən hadisənin baş verdiyi vaxt, yəni cavabdehin uşağının ad günündə onunla münasibəti yaxşı olmadığı üçün iştirak etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni mübahisələndirmişdir. TƏLƏBİN QANUNİ ƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqlardan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 324.1-324.3-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilməlidir ki, MM-in 739.1-ci (əvvəlki redaksiya) maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, iş materiallarından işin mübahisəsiz halları kimi görünür ki, cavabdeh mübahisəli qızıl-zinət əşyalarını əldə etdiyini etiraf etmişdir. Məhkəmə tərkibi cavabdehin mübahisəli qızılların bir qisminin İddiaçı İntiqam oğluna onun bacısı Süleymanova Minayə İntiqam qızı vasitəsilə qaytarılması ilə bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəf göstərilən halları təsdiq edən mötəbər sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Bundan başqa, işdə hazırkı mübahisə üzrə mötəbər sübut ola biləcək hər hansı səs yazısı aşkar edilməmişdir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin iddianın rədd edilməsinə yönəlmiş bütün dəlilləri ayrı-ayrılıqda formal və əsassızdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar