Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-388/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Cəbrayıl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı pul tələbini irəli sürdüyü halda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. Yəni iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddia ərizəsi ilə “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə” müraciət edildiyi üçün dövlət rüsumu ödənilmişdir, yəni “Məhkəmənin adı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi” kimi qeyd edilmişdir. Halbuki, pul tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edilmiş və dövlət rüsumu Cəbrayıl Rayon Məhkəməsi tərəfindən göstərilən xidmətlər üzrə ödənilməlidir. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin müraciəti araşdıran Sumqayıt polis idarəsinin müstəntiqi Cavabdeh Binəqədi rayon ərazisində qeydiyyatda olduğunu bildirdiyi üçün ilkin olaraq Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhz buna görə də, dövlət rüsumunu Binəqədi Rayon Məhkəməsinə ödəmişdir. Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edilsə də, dövlət rüsumunun Cəbrayıl Rayon Məhkəməsi tərəfindən göstərilən xidmətlər üzrə ödənilməsi əhəmiyyət kəsb etmir. Əsas odur ki, pul Azərbaycan Respublikası məhkəməsinin adından dövlət büdəcisinə keçirilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən dövlət rüsumu məhz müəyyən edilmiş qaydada və məbləğdə ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri tənzimlənmişdir. Belə ki, qanunun dispozisiyasında “dövlət rüsumunun məhz qanunla müəyyən edilmiş qaydada ödənilməsinin” zərurililiyi, yəni imperativ norma kimi tənzimlənməsi həm də iddia ərizəsi ilə müraciət edilən məhkəmə tərəfindən göstərilən xidmətlərlə bağlıdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddia ərizəsi ilə arzu edilən formada və arzu edilən məhkəməyə deyil, məhz Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə səlahiyyətli məhkəməyə verildikdə, dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə və “Dövlət rüsumu haqqında” Qanuna əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Qanunun 5.1.2-ci maddəsinə görə ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxa bilməz və İddiaçı şikayətində qeyd etdikləri formal dəlillərdən ibarət olub mövcud qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, məhkəmə tərkibi yuxarıda sadalanan əsaslara görə birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarılması ilə bağlı hazırkı mövqeyi ilə razıdır və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsini aşkar etmir. Beləliklə, məhkəmə tərkibi iş materiallarını yazılı icraat qaydasında nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Cəbrayıl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-388/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-388/2026
22.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver