Məhkəmə qərarları › İş №2(3-9)-450/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-450/2026

07.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-450/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, iddiaçı İddiaçı İmaməli oğlunun nümayəndəsi Əliyev Elməddin İmaməli oğlunun, cavabdeh Cavabdeh iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İmaməli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 9000 manat və 110 manat məbləğdə ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 9000 manat müqabilində onu Fövqəladə Hallar Nazirliyinin Biləsuvar yanğından mühafizə xidmətində döyüşçü kimi işə düzəldəcəyinə vəd vermişdir. ## ######## 2020-ci il tarixdə Gəncə şəhərində Məhəmmədlə görüşərək 9000 manat məbləğdə pul vəsaitini sonuncuya vermişdir. Lakin Məhəmməd onu aldadaraq işə düzəltməmiş, pulunu da geri qaytarmamışdır. Buna görə də, Cavabdeh barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.2, 178.2.3, 178.2.4 və 32.3, 312.2-ci maddələri ilə cinayət işi başlanılmış və o, Gəncə Hərbi Məhkəməsinin # ####### 2021-ci il tarixli *-*(***)-***/**** nömrəli hökmü ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmlə Cavabdeh ondan dələduzluq yolu ilə 9000 manat məbləğdə pul vəsaitini alması sübuta yetirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia təmin edilmiş, Cavabdeh 9000 manat və dövlət rüsumuna görə 110 manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı İmaməli oğluna verilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Hərbi Məhkəməsinin yuxarıda göstərilən hökmünə əsasən Cavabdeh İddiaçı İmaməli oğlunu işə düzəldəcəyini vəd etməklə ondan 9000 manat məbləğdə pul alması öz təsdiqini tapır. Məhkəmə gəldiyi nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) zərərin anlayışının, zərərvurmaya görə məsuliyyətin əsaslarının və zərərin əvəzinin ödənilməsi hüququnun nəzərdə tutulduğu 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İmaməli oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. O, iş üzrə yalnız şahid qismində dindirilmişdir. İddiaçı İmaməli oğlu rüşvət vermə cinayəti üzrə cəzadan ancaq cinayət barədə məlumat verməsi səbəbindən azad edilmişdir. Bu xüsusat, iddiaçının həmin cinayət işində zərərçəkmiş şəxs kimi tanınmasına imkan verməmişdir. Buna görə də, onun tərəfindən ümumilikdə ələ keçirilmiş 24000 manat pul vəsaiti Gəncə Hərbi Məhkəməsinin ##.##.2021ci il tarixli hökmü ilə dövlət nəfinə alınmışdır. Cinayət mühakimə icraatı zamanı iddiaçının zərərçəkmiş şəxs kimi tanınmamasının səbəbi onun özünün də cinayətdə iştirak etməsidir. İddiaçı İmaməli oğlunun əməlinin rüşvət verməyə cəhd göstərmə kimi qiymətləndirilməsi onun zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu aradan qaldırır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Biləsuvar Rayon Məhkəməsi Gəncə Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünü nəzərə almalı idi. Belə ki, qanunvericiliyə əsasən cinayət nəticəsində qanunsuz əldə edilmiş pul vəsaitləri dövlət nəfinə müsadirə edilməlidir. Bu əsaslarla Biləsuvar Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. İşlə təmin edildikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq hökmlə müəyyən edilmiş pul vəsaitinin dövlət nəfinə ödənilməsi tərəfindən təmin ediləcəkdir. İddiaçı İmaməli oğlunun nümayəndəsi Əliyev Elməddin İmaməli oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisə predmeti olan pul vəsaiti cavabdehə verilmişdir. Lakin cavabdeh həmin pul vəsaitini bu günədək geri qaytarmır. O, cavabdehin aldığı pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏLƏBİN QANUNİ ƏSASİ: MM-in 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 203.3-cü maddəsinin tələbinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Həmin tədbirlərdən biri də (203.3.6) müsadirədir. MM-in 212-ci maddəsinə əsasən müsadirə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-in 99-1.1-ci maddəsində göstərilir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakların məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Onlardan biri də (99-1.1.2) şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlərdir (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). CM-in 99-2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. CM-in 99-3.2-ci maddəsinə görə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN M Ö V Q E Yİ : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, kollegiya qətnaməni cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam şəkildə yoxlayır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Formalaşmış hazırkı hüquqi mövqeyə görə məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə kollegiyası əvvəlcə tərəflər arasında yaranmış və davam etmiş faktiki münasibətlər üzrə hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Qeyd edilməlidir ki, hər bir iddianın əsasını irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı öz ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borclu olsa da, onun hüquqi əsasını göstərməkdə tamamilə sərbəstdir. Çünki tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, hüquqi əsası müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyildir. Bunu nəzərə alan kollegiya diqqəti ilkin olaraq iddianın faktiki əsasına, yəni iddiaçının öz ərizəsində göstərdiklərinə cəlb edir. Həmin faktiki əsaslardan görünür ki, İddiaçı İmaməli oğlu Cavabdeh özünü işə düzəltməyi xahiş etmiş və bu məqsədlə ona 9000 manat məbləğdə pul vəsaiti vermişdir. Yekunda Cavabdeh vədinə əməl etməmiş və eyni zamanda onun pulunu geri qaytarmamışdır. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin # ####### 2021-ci il tarixli hökmünə görə Cavabdeh məhkəmədə ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, İddiaçı İmaməli oğlunun pulunu ələ keçirmək məqsədilə onu Fövqəladə Hallar Nazirliyinin Biləsuvar yanğından mühafizə xidmətində döyüşçü vəzifəsinə işə qəbul etdirəcəyinə söz vermişdir. İddiaçı ona bu məqsədlə 2019-cu ilin sentyabr ayının 26-da 9000 manat məbləğdə pul vermişdir. Lakin İddiaçı işə düzəltmək niyyəti olmamış, hətta belə bir səlahiyyəti də olmamışdır. O, sadəcə pulları ələ keçirmək üçün İddiaçı aldatmışdır. Həmin hökmə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Cavabdeh cinayət yolu ilə əldə etdiyi 24000 manat məbləğdə pulun müsadirə edilməsi qərara alınmışdır. İşin faktiki hallarını, mübahisənin həllinə tətbiq oluna biləcək maddi hüquq normaları ilə əlaqəli tədqiq edən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəflər arasında meydana gəlmiş və hazırda araşdırma predmeti olan münasibətlərə yanlış hüquqi qiymət verərək iddianı təmin etmişdir. Belə ki, işdən də göründüyü kimi, hazırkı iş üzrə mübahisəli pul vəsaiti göstərilən hökmlə “cinayət yolu ilə əldə edilmiş gəlir” kimi qiymətləndirilərək xüsusi müsadirə qaydasında dövlət nəfinə alınmışdır. İş materiallarından və adıçəkilən hökmün məzmunundan görünür ki, İddiaçı İmaməli oğlu həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış və ona hər hansı məbləğdə maddi zərərin vurulması müəyyən edilməmişdir. O, cinayət işi üzrə yalnız şahid qismində dindirilmişdir. MPM-in 87.1-ci maddəsinin tələbinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Göründüyü kimi, cinayət işinə baxılarkən İddiaçı İmaməli oğluna belə prosessual status verilmədiyindən onun Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülkihüquqi tələb irəli sürməsi üçün heç bir hüquqi əsas müəyyən edilmir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il (№ *) tarixli qərarının 36-cı bəndində göstərilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Özgənin əmlakını ələ keçirmək məqsədilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Kollegiya həmçinin bildirir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## #### tarixli qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il ## ##### tarixli qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4 və 312ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun eyni hüquqi mövqeyi özündə ehtiva edən 2022-ci il ## #### tarixli adıçəkilnə qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilir ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də, onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək 2023-cü il ## ##### tarixli qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Beləliklə, kollegiya işin faktiki halları üzrə Gəncə Hərbi Məhkəməsinin # ####### 2021ci il tarixli *-*(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş hökmünün preyudisiallığı baxımından hüquqi dəyərləndirmə apararaq hesab edir ki, hazırkı mülki iş üzrə iddianın təmin edilməsi yolverilən deyil. Belə ki, adıçəkilən hökmlə Cavabdeh Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək onun cinayət yolu ilə əldə etdiyi 24000 manat məbləğ müsadirə qaydasında dövlət nəfinə alınmışdır. Qeyd edilməlidir ki, MPM-in 82.4-cü məddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bununla yanaşı, kollegiya qeyd edir ki, yuxarıda göstərilən əməlin dəyərləndirilməsi zamanı hazırkı cinayət-hüquqi yanaşma Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## #### tarixli qərarında olduğu kimidir. Belə ki, şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığı, ondan ələ keçirilmiş əmlakın hüquqi taleyi Konstitusiya Məhkəməsi Plenumunun sərgilədiyi mövqeyə uyğun həll edildiyi təqdirdə tələbin təmini üzrə hüquqi əsasın yaranması istisna edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə uyğun olaraq diqqətə çatdırır ki, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Adıçəkilən prinsip hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Belə ki, hər bir qanun və ya onun hər hansı bir müddəası birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Adıçəkilən prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Kollegiya MPM-in 384-cü və 385-ci maddələrinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi zamanı onu tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq Biləsuvar Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul olunmaqla iddia tələbi rədd edilməlidir. Bununla yanaşı, kollegiya MPM-in 107-ci, 115-ci və 119.1-ci maddələrinin tələbinə uyğun olaraq hesab edir ki, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 55 manat məbləğdə pul vəsaiti İddiaçı İmaməli oğlundan alınaraq Cavabdeh ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən dövlət rüsumu qismində ödənilmiş 55 (əlli beş) manat məbləğdə pul vəsaiti İddiaçı İmaməli oğlundan alınaraq Cavabdeh ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar