Məhkəmə qərarları › İş №2(3-9)-529/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-529/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-529/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Nümayəndə iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ## ####### 2023-cü il tarixli MK/62399/94/16 № kredit sazişindən görünür ki, İddiaçı cavabdeh2 ASC tərəfindən illik 21% (faktiki illik faiz dərəcəsi=21.9%) tətbiq edilməklə 36 ay müddətində 30000 manat məbləğdə nağd pul krediti verilmişdir. Həmin müqavilənin rekvizitlər bölməsində X4 və X2 zamin kimi göstərilmiş və bu onların öz imzası ilə təsdiq olmuşdur. Kredit müqaviləsi bankın “Lənkəran” filialının direktoru Z.E.Əliyev, İddiaçı və zamin şəxslər X4 və X2 tərəfindən imzalanmışdır. ##.##.2023-cü il tarixli MK/*****/**/** nömrəli kredit müqaviləsinə əlavə edilmiş * saylı əlavədən görünür ki, həmin “əlavə”də kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə göstərilmişdir. Qeyd edilən “əlavə” bankın əməkdaşı və İddiaçı tərəfindən imzalanmışdır. ##.##.2023-cü il tarixli 2610233652660 sayılı ödəniş tapşırığına görə İddiaçı cavabdeh2 ASC tərəfindən 19730 manat məbləğdə pul ödənilmişdir. ##.##.2023-cü il tarixli 3019/761848 sayılı kassa mədaxil orderindən görə İddiaçı cavabdeh2 ASC tərəfindən 11168 manat məbləğdə pul ödənilmişdir. cavabdeh2 ASC tərəfindən tərtib edilərək İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”dən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixli MK/*****/**/** nömrəli kredit üzrə 23431,53 manat əsas, 3950 manat faiz, 1304,10 manat cərimə borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd edilən bildiriş İddiaçı ##.##.2025-ci il tarixdə çatdırılmış, o, xəbərnaməyə imza etməklə həmin bildirişi qəbul etmişdir. “Caspian Express Service” sürətli poçt xidməti tərəfindən tərtib edilmiş ****** nömrəli qaimədən görünür ki, İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli “İcra qeydinin aparılacağı barədə bildiriş” ##.##.2025-ci il tarixdə ona ünvan 1 ünvanı üzrə poçt xidməti tərəfindən çatdırılmışdır. İddiaçı həmin bildirişi alması ilə əlaqədar ##.##.2025-ci il tarixdə imzalamışdır. Lənkəran “xxxx” mərkəzində yerləşən Notariat ofisin xüsusi notariusu Azər Şəmmədov tərəfindən təsdiqlənmiş ##.##.2025-ci il tarixli 8i-***** reyestr nömrəli icra qeydindən görünür ki, həmin icra qeydi əsasında X2 və İddiaçı MK/*****/**/** nömrəli kredit müqaviləsinə əsasən 29080 manat 35 qəpik pulun tutulması qeyd edilmişdir. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiqlənmiş ##.##.2025-ci il tarixli 8i-**** reyestr nömrəli icra qeydindən görünür ki, həmin icra qeydi əsasında X4 MK/*****/**/** nömrəli kredit müqaviləsinə əsasən 29080 manat 35 qəpik pul tutulması qeyd edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X2 MK/*****/**/** nömrəli kredit və zaminlik müqaviləsi əsasında cavabdeh2 ASC-nin xeyrinə tutulan 27751,25 manat borcun, bundan əlavə 1304,10 manat cərimə penya və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 29080,35 manat pulun tutulması barədə Lənkəran regional “xxxx” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2025-ci il icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran regional “xxxx” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli icra qeydi əsasında MK/*****/**/** nömrəli kredit müqaviləsinə əsasən ondan və X2 cavabdeh2 ASCnin xeyrinə 27751,25 manat borcun, bundan əlavə 1304,10 manat cərimə penya və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 29080,35 manat tutulmalıdır. İcra qeydi barədə məlumatı Lənkəran rayon icra və probasiya şöbəsindən almışdır. İcra qeydi əsasında ondan tələb olunan ümumi borcla razı deyil. Belə ki, ##.##.2023-cü il tarixdə cavabdeh2 ASC-nin Lənkəran filialında MK/*****/**/** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 30000 manat pul almışdır. ##.##.2023-cü il tarixli MK/*****/**/** saylı zaminlik müaviləsinə əsasən X2 və X4 zamin durmuşdur. Müqavilə öhdəliklərini vaxtında icra edə bilmədiyi üçün kredit müqaviləsindən əmələ gələn cavabdeh2 ASC-nin xeyrinə borc və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu onun Lənkəran regional “xxxx” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 8İ- ***** saylı icra qeydi qeydiyyatda olduğu Lənkəran şəhəri üzrə, X4 hissədə eyni məbləğ Bakı şəhəri ** saylı notariat ofisində 8İ-**** nömrəli ##.##.2025-ci il tarixli icra qeydi çıxarılmışdır. Ümumi borc real deyildir. İcra qeydlərində tələb olunan vəsait düzgün deyildir. Belə olan halda 30000 manat bank tərəfindən ayrılan kredit müqabilində eyni müqavilədən irəli gələn iki icra qeydinə əsasən 58160.70 manat qaytarmalıdırlar. Bundan əlavə icra şöbələri ondan və digər cavabdehlərdən eyni borca görə 2 dəfə icra ödənişi olan 10%, yəni 5816.07 manat tutulmalıdır. İcra qeydlərində tələb olunan əsas, faiz, cərimə və ödənilmiş dövlət rüsumları iki dəfə tələb olunur və cərimə və faizlər hansı hesablama ilə hesablanması məhkəmə üçün də maraqlı olmalıdır. İcra qeydlərinin verilməsindən məlumatları olmamışdır. Çünki qanunvericiliyin tələbinə əsasən ona bildiriş təqdim edilməmişdir. Belə olan halda, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə iddia tələbi üzrə ətraflı və obyektiv araşdırma apararaq mübahisə ilə bağlı düzgün və qanuni nəticəyə gələcəkdir. Əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir. Belə hesab edir ki, iradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir. İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər. İDDİAYA QARŞI ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: cavabdeh2 ASC etiraz ünvanlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icra qeydindən şikayət vermə müddəti 10 gün nəzərdə tutulmuşdur. Bu barədə ## ### 2025-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarı var. İcra qeydi 4 aydır qəbul edilmiş, lakin icra qeydinin ləğvi barədə ərizə yeni verilib. Bu barədə cavabdehlərə icra və Probasiya Şöbələri tərəfindən İcraata başlamaq haqqında qərarda göndərilmişdir. İcra qeydinin tərəflərə göndərilməsini təsdiq edən subutlar X5 Xidmət Mərkəzinin Notariat ofisində var. İddiaçı ona icra qeydinin aparılmasında əsas olan bildirişin bank tərəfindən ona göndərilməməsini və icra qeydinin verilməsi prosedurunun pozulması halını göstərmişdir. Belə olan halda, icra qeydinin verilməsi prosedurunun pozulmasından Şirvan İnzibati Məhkəməyə şikayət olunmalı idi. Onu da qeyd etmək istəmişdirlər ki, borclular barəsində bir necə icra vərəqəsi olsa belə borclulardan icra qeydinin verilməsində əsas olan kredit müqaviləsi üzrə borc tələb edilmişdir. Hesab edirlər ki, İddiaçı icra qeydinin ləğv olunması tələbinə dair iddiası əsasızdır və icra qeyd ləğv edilməməlidir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Anar Pənahov) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, tərəflər arasında qanuna müvafiq qaydada kredit müqavilələri bağlanmış, müqavilələr tərəflərin imzası ilə təsdiqlənmiş, kredit müqaviləsinə dair müvafiq kredit ödənişləri iddiaçıya ödənilmiş, ödənişin aparılması üçün kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə tərtib edilərək iddiaçıya təqdim edilməklə onun tərəfindən imzalanmış, kredit müqavilələri bağlandıqdan sonra həmin müqavilərə dair müvafiq kredit ödənişləri iddiaçı tərəfindən həyata keçirilmiş, bank tərəfindən kredit ödənişinin həyata keçirilməsi və icra qeydinin aparılacağı barədə qanuna müvafiq qaydada iddiaçıya bildiriş təqdim edilmiş və xəbərdarlıq müddəti bitdikdən sonra notariat ofisi tərəfindən icra qeydi tərtib edilərək icra edilməsi üçün icra qurumuna təqdim edilmişdir. Məhkəmə iddiaçının ərizədə bildirdiyi eyni kredit müqaviləsi üzrə iki icra qeydi tərtib edildiyi barədə göstərdiyi xüsusatlara əsasən qeyd edir ki, ##.##.2025-ci il tarixli 8i-***** reyestr nömrəli icra qeydində pul vəsaitinin X2 və İddiaçı, ##.##.2025-ci il tarixli 8i-**** reyestr nömrəli icra qeydində isə pul vəsaitinin X4 tutulması qeyd edilmişdir. Həmçinin hazırkı mülki iş üzrə mübahisələndirilən icra qeydi digər (##.##.2025-ci il tarixli 8i-**** reyestr nömrəli) icra qeydindən daha əvvəl təsdiqlənmişdir. İddiaçı iddia ərizəsində icra qeydinin verilməsi barədə ona bildirişin təqdim edilməməsi barədə bildirməsinə baxmayaraq, iş materialları ilə tələbkar bank tərəfindən bu barədə bildirişin İddiaçı çatdırılması sübut olunmuşdur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (MM) 739.1-ci, 739.2-ci, 740.2-ci, 385.1ci, 386.1-ci, 324.4-cü və 405.1-ci maddələrinə, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161 və 162-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra qeydlərində tələb olunan vəsait düzgün deyildir. Belə olan halda, 30000 manat məbləğ bank tərəfindən ayrılan kredit müqabilində eyni müqavilədən irəli gələn iki icra qeydinə əsasən ümumi 58160.70 manat qaytarmalıdırlar. Bundan əlavə, icra şöbələri ondan və digər cavabdehlərdən eyni borca görə 2 dəfə icra ödənişi olan 10 faiz, yəni 5816.07 manat tutulmalıdır. İcra qeydlərində tələb olunan əsas, faiz, cərimə və ödənilmiş dövlət rüsumları iki dəfə tələb olunur və cərimə və faizlər hansı hesablama ilə hesablanması məhkəmə üçündə maraqlı olmalıdır. İcra qeydlərinin verilməsindən məlumatları olmamışdır. Çünki qanunvericiliyin tələbinə əsasən ona bildiriş təqdim edilməyib. Belə olan halda, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə və X4 hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində icra qeydlərinin ləğvi barədə iddia qaldırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 8İ-**** saylı X4 barəsində verilmiş icra qeydi ləğv edilmişdir. Lənkəran Rayon Məhkəməsində qaldırılmış iddia tələbi obyektiv araşdırılmadan iddia tələbi təmin olunmadan ##.##.2026-cı il tarixli qətnamə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq şəxsi kabinetə birinci məhkəmə iclasında iştirakı olmadan keçirib növbəti məhkəmə iclasında əsaslı sübutlar təqdim edəcəyini bildirsə də, məhkəmə ərizəni nəzərə almadan yekun qərar qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı tərəfindən məhkəmə iclasının təxirə salınması barədə ərizələr təqdim edilmişdir. Həmin məzmunlu ərizələr birinci instansiya məhkəməsində işə baxılarkən də verilmiş və məhkəmə iclaslarının məqsədli şəkildə süni surətdə uzadılmasına xidmət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddia ərizəsi üzrə ödənilməli olan dövlət rüsumunun düzgün hesablanmadığı müəyyən olunmuşdur. Belə ki, 177 manat dövlət rüsumu ödənilməli olduğu halda, qarşı tərəf 100 manat məbləğində ödəniş etmişdir. Lakin məhkəmə bu faktı nəzərə almamışdır. Mülki Prosessual Məcəlləyə əsasən icra qeydlərinin mübahisələndirilməsi qiymətləndirilən iddia növlərinə aiddir. Eyni zamanda iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır. Belə ki, iddia cavabdeh2 ASC-yə qarşı qaldırılmalı olduğu halda, notariat ofisi maraqlı şəxs və ya üçüncü şəxs qismində işə cəlb edilməli idi. Birinci instansiya məhkəməsi bu hallara da diqqət yetirməmişdir. Bununla belə, məhkəmənin gəldiyi nəticə ilə razıdır. Qeyd olunur ki, icra qeydlərinin mübahisələndirilməsi zamanı borcluya icra hərəkətləri barədə bildiriş çatdırıldığı andan etibarən 10 gün müddətində iddiaçı notariat orqanına müraciət edərək icra qeydi ilə razı olmadığını bildirməli və onun icrasının dayandırılmasını tələb etməli idi. Lakin iddiaçı icra qeydi aparıldıqdan təxminən 4 ay sonra həmin icra qeydini mübahisələndirmişdir ki, bu da prosessual müddətin ötürülməsi deməkdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, bir neçə borcluya qarşı bir neçə icra qeydi aparılmış və həmin icra qeydləri üzrə məbləğlər toplanaraq ümumilikdə 59000 manatın banka ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu mövqeyə razı deyildir. Belə ki, icra qeydləri müxtəlif notariat orqanlarında və ayrı-ayrı cavabdehlərə qarşı aparılsa da, kredit müqaviləsi üzrə hesab vahiddir və borclular tərəfindən ödənilən vəsait həmin vahid kredit hesabına yönəldiləcəkdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək məhkəmə iclasının iştirakı olmadan keçirilib növbəti məhkəmə baxışına keçirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: MM-in 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 324.4 maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-in 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Qanunla tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndi: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0# ######## 2000-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na əsasən 1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; b) ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş. 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. İcra qeydinin ləğv olunmasına əsas olan hər hansı prosessual əsasın mövcudluğu məhkəmə tərkibi tərəfindən müəyyən edilmir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bununla belə, Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddiaçının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə X2 və İddiaçı MK/*****/**/** nömrəli kredit müqaviləsinə əsasən 29080 manat 35 qəpik pulun tutulmasına dair ##.##.2025-ci il tarixli 8i-***** reyestr nömrəli icra qeydi çıxarılmışdır. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi icra qeydinin aparılması barədə bildirişin borcluya çatdırılması deyil, onun ünvanına göndərilməsi məcburi tələbdir. Bu baxımdan, mütləq nəzərə alınmalıdır ki, İddiaçı və onun zaminlərinə tələbkara məlum olan aidiyyəti ünvanlar üzrə müvafiq bildiriş göndərilmiş və həmin hal iş materialları ilə də öz təsdiqini tapmışdır. Bütün bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyildir. cavabdeh2 ASC bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə zaminə müvafiq məlumatı göndərmişdir. Qeyd olunan səbəbdən həmin bildirişlərin borclu və zaminlərə çatdırılıbçatdırılmaması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Digər tərəfdən, borclu hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 388-ci maddəsinə görə öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. Məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. Məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, adıçəkilən dəlillər yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Bundan əlavə, MPM-in 113.1-ci maddəsinin tələbinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Bu baxımdan, qeyd edilməlidir ki, İddiaçı tərəfindən iddia ərizəsi verilərkən 177 (yüz yetmiş yeddi) manat 17 (on yeddi) qəpik məbləğdə dövlət rüsumu ödənilməli olduğu halda, 100 (yüz) manat, apellyasiya şikayəti verilərkən isə 88 manat (səksən səkkiz) manat 58 (əlli səkkiz) qəpik məbləğdə dövlət rüsumu ödənilməli olduğu halda, 50 (əlli) manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərkibi yuxarıdakılara əsasən dispozitivlik və prosessual qənaət prinsiplərini rəhbər tutaraq hesab edir ki, İddiaçı iddia ərizəsinin verilməsi üzrə rüsumun kəsiri olaraq 77 (yetmiş yeddi) manat 17 (on yeddi) qəpik məbləğdə, apellyasiya şikayətinin verilməsi üzrə rüsumun kəsiri olaraq isə 38 manat (otuz səkkiz) manat 58 (əlli səkkiz) qəpik məbləğdə pul vəsaiti dövlət nəfinə tutulmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iddia ərizəsinin verilməsi üzrə rüsumun kəsiri olaraq 77 (yetmiş yeddi) manat 17 (on yeddi) qəpik, apellyasiya şikayətinin verilməsi üzrə rüsumun kəsiri olaraq isə 38 manat (otuz səkkiz) manat 58 (əlli səkkiz) qəpik məbləğdə pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar