Məhkəmə qərarları › İş №2(3-9)-683/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-683/2026

02.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-683/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi İddiaçı İmanova Turanə Musəddin qızının iştirakı ilə, İddiaçı İmanova Turanə Musəddin qızının cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İmanova Turanə Musəddin qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh təşkil etmiş olduğu və təşkilatçılıq etdiyi 1-ci loteriya oyunu üzrə 400 (dörd yüz), 2-ci loteriya oyunu üzrə 1900 (min doqquz yüz) manat borcun, ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun, cəmi 2343 (iki min üç yüz qırx üç) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə sinif yoldaşı Lalə Yusifovanın vasitəsi ilə tanış olmuşdur. Sinif yoldaşı Lalə Yusifova Cavabdeh loteriya oyunları təşkil etdiyini bildirmiş və o, Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq təşkil etdiyi oyunlarda iştirak etmişdir. Cavabdeh Cavabdeh tərəfində təşki edilən loteriya oyunları-1-ci qrup üzrə oyunun tarixi 2023-cü ilin noyabr ayının 1-dən başlamışdır. Qrupda 9 yer olmaqla, oyun 9 aylıq keçirilməli və sonuncu yerin iştirakçısı qrup üzvlərinin hər biri həmin aya ödəmələrini etdikdən sonra yığılan loteriyanı sonuncu iştirakçı götürdükdə sona çatmalı idi. O həmin yerlərdən 6 yeri oynamaqla, ümumilikdə hər ay 6 yer üçün 1700 (min yeddi yüz) manat ödəməli idi. Cavabdeh Cavabdeh tərəfindən təşkil edilmiş loteriya oyunu 6 ay davam etdirildikdən sonra, heç bir əsas olmadan dayandırılmışdır. O, 1-ci yer üçün 1700 (min yeddi yüz) manat ödənilmiş pulu götürməmişdir. Cavabdeh Cavabdeh ona 1700 (min yeddi yüz) manat borcu, 2-ci yer üçün 1700 (min yeddi yüz) manat ödəmiş, 2700 (iki min yeddi yüz) manat götürmüş, cavabdeh Cavabdeh 2700 manat borcu, 3-cü yer üçün 1700 (min yeddi yüz) manat ödəmiş, 2000 (iki min) manat götürmüş, cavabdeh Cavabdeh ona 400 (yeddi yüz) manat borcu, 4cü yer üçün 1700 (min yeddi yüz) manat ödəmiş, pul götürməmiş, cavabdeh Cavabdeh ona 2100 (iki min yüz) manat, 5-ci yer üçün 1700 (min yeddi yüz) manat ödəmiş, 3600 (üç min altı yüz) manat götürmüş, cavabdeh Cavabdeh ona 200 (yeddi yüz) manat və 8-ci yer üçün 1700 (min yeddi yüz) manat ödəmiş, lakin pul götürməmiş, cavabdeh Cavabdeh ona 1900 (min doqquz yüz) manat borcu yaranmışdır. 2023-cü ilin noyabr ayının 01-dən 2024-cü ilin aprel ayının 5-dək cavabdehin kart hesabına 5100 manat pul köçürmüşdür. Cavabdeh həmin pulun 3200 manatını ona qaytarmış, 1900 manat pulu qaytarmamışdır. 2-ci qrup oyunda isə 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayınadək 3200 manat Mehribanın kartına pul köçürmüşdür. Ondan 2800 manatını Mehriban ona qaytarmış, 400 manatını isə qaytarmamışdır. O, Mehribanın kartına cəmi 8300 manat pul köçürmüş, həmin puldan 6000 manatını ona qaytarmış, hazırda isə Mehribanın ona 2300 manat borcu vardır. Sonda iddiaçı cavabdehdən 2300 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia təmin edilmiş, cavabdeh Cavabdeh 2300 (iki min üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç) manat, cəmi 2343 (iki min üç yüz qırx üç) manat pul vəsaitinin alınaraq iddiaçı İmanova Turanə Musəddin qızına verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında» Abşeron RPİ-nin istintaq şöbəsinin müstəntiqi X1 ## ##### 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh ifadəsində X6, X9, İmanova Turanə Müsəddin qızı, X5 barəsində etdiyi şikayətlə razı olmadığını, onların ifadələrində bildirdikləri xüsusatların yalan olduğunu, belə ki, dəfələrlə lotereya oyunları təşkil etdiyini, həmin oyunlarda indiyədək heç bir problemin olmadığını, lakin 2023-cü ilin noyabr ayında təşkil olunmuş oyunda iştirak edən Əsmər və Aysel adlı şəxslərin onların növbəsində ödənilməli olan pulları verə bilmədiklərinə görə, o da həmin şəxslərin pulunu ödəyə bilmədiyini göstərmişdir. Məhkəmənin qərarı əsasında Kapitalbank ASC dən daxil olmuş 416973********** nömrəli plastik kart hesabından 523915******5028 və 416973********** nömrəli plastik kart hesablarına edilmiş köçürmələr üzrə çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixlər arasında İmanov Musəddin Cəfər oğlu tərəfindən Cavabdeh müəyyən məbləğlərdə pullar köçürülmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqinə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh 2300 (iki min üç yüz) manat pul alınaraq iddiaçı İmanova Turanə Musəddin qızına verilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 439.4, 386.1, 1091.1, 1091.2, 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 217.4-cü maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli qərarı, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilməsi və iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya loteriya pulu ödəmişdir. Onun ödəmiş olduğu pulun onun borcundan silinməməsi və ona borclu olmadığı halda iddiaçı tərəfindən ona qarşı ədalətsiz və qanunsuz bir hərəkətdir. O, məhkəmə prosesində bütün sübutları təqdim etsə və sübutlarının nəzərə alınmasını xahiş etsə də məhkəmə bunu nəzərə almamış, hətta o lotereya oyunun təşkilatçısı olmağı ilə bərabər onun kartına pul ödəmişdir. İddia olunan pulları digər lotereya oynayanların kartına göndərmişdir ki, iddiaçıya versinlər. Bununla bağlı məhkəmədə bildirsə də nəzərə alınmamışdır. Qeyd olunan pul məsələsi ilə bağlı onun barəsində polisə şikayət olunsa da cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və cinayət işi xitam edilmişdir. Həmin qərarlara da məhkəmə baxmamış və nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Turanə İmanova apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdehin məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tam ləğv edilməsi və iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Mübahisələndirilən qətnamə ilə iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün təfsir edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, iddiaçı cavabdehin təşkil etdiyi lotereya oyunlarında iştirak etmiş, həmin oyunlarla əlaqədar müxtəlif tarixlərdə cavabdehin bank kartına pul vəsaitləri köçürmüşdür. Tərəflər arasında lotereya oyunlarının təşkil edilməsi və iddiaçının həmin oyunlarda iştirak etməsi mübahisə predmeti deyildir. Həmçinin iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ## ##### 2025-ci il tarixli qərarından cavabdehin dəfələrlə lotereya oyunları təşkil etdiyini etiraf etdiyi müəyyən olunur. Bundan başqa, məhkəmə sorğusuna əsasən təqdim edilmiş bank çıxarışları ilə iddiaçı tərəfindən cavabdehin bank hesabına pul köçürmələrinin həyata keçirilməsi də təsdiq edilmişdir. Mübahisə tərəflər arasında həyata keçirilmiş pul köçürmələrinin hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı və nəticə etibarilə cavabdehin iddiaçı qarşısında 2300 manat məbləğində borc öhdəliyinin qalıb-qalmaması ilə bağlıdır. Buna görə də hazırkı mübahisənin predmeti pul köçürmələrinin edilməsinin özü deyil, həmin vəsaitlərin tam həcmdə qaytarılıbqaytarılmaması və borc öhdəliyinin mövcudluğudur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehin təşkil etdiyi lotereya oyunlarında iştirak etməsi ilə əlaqədar sonuncuya köçürdüyü pul vəsaitlərinin tam həcmdə geri qaytarılmadığını bildirərək, cavabdehin əsassız olaraq saxladığı 2300 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun ondan tutularaq özünə ödənilməsini xahiş edir. İddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092 və 1093-cü maddələri təşkil etdiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Hazırkı iş üzrə diqqət yetirilməli olan əsas məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. İddiaçı iddiasını əsaslandırmaq üçün cavabdehin bank hesabına köçürülmüş pul vəsaitlərinə dair bank çıxarışlarını, habelə digər yazılı sübutları məhkəməyə təqdim etmiş, pul vəsaitlərinin cavabdehə verilməsi faktını sübuta yetirmişdir. Cavabdeh isə iddiaçı tərəfindən pul vəsaitlərinin ona köçürüldüyü faktını mübahisələndirməmiş, yalnız həmin vəsaitləri iddiaçıya qaytardığını, ödənişlərin bir hissəsinin digər lotereya iştirakçıları vasitəsilə həyata keçirildiyini bildirmişdir. Belə olan halda, sübutetmə yükü öhdəliyin icra edildiyini iddia edən cavabdehin üzərinə keçir. Başqa sözlə, iddiaçıdan aldığı pul vəsaitini tam və ya qismən geri qaytardığını sübut etmək vəzifəsi məhz cavabdehə məxsusdur. Lakin cavabdeh bu dəlilini təsdiq edən hər hansı mötəbər və yol verilən sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Xüsusilə, iddiaçıya və ya onun göstərişi ilə digər şəxslər vasitəsilə hər hansı ödəniş edilməsini təsdiq edən bank çıxarışları, qəbzlər, yazışmalar və ya digər sübutlar iş materiallarında mövcud deyildir. Buna görə də cavabdehin pul vəsaitinin qaytarıldığına dair dəlili yalnız ehtimal xarakteri daşıyır. Həmçinin iddiaçı cavabdeh tərəfindən ona qaytarılmış pul vəsaitlərini mübahisələndirməmiş, əksinə, həmin məbləğləri iddia tələbindən çıxmaqla yalnız qaytarılmamış hissənin, 2300 manatın cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, məhkəmə tərkibinin gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar