Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-793/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı Regional “ASAN” Xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *i-***** saylı icra qeydinin ləğv edilməsini və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğdə pulun Masallı regional “ASAN” Xidmət mərkəzindən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə aralarında bağlanılmış ##.##.2025-ci il tarixli ANP-***-****-** nömrəli müqaviləyə əsasən 65 manat məbləğdə ona kredit verilmişdir. Həmin krediti ödəniş qrafikinə əsasən 1 aya qaytarmalı idi. Lakin maddi sıxıntılar baxımından müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. Hazırda Masallı regional "ASAN” xidmət mərkəzi notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış ##.##.2025-ci il tarixli 8İ-***** nömrəli icra qeydi əsassızdır. Çünki ona rəsmi qaydada poçt vasitəsilə heç bir xəbərdarlıq olmadan barəsində icra qeydi aparılmışdır. Həmin icra qeydinin aparılması barədə ##.##.2025-ci il tarixdə Masallı rayon icra və probasiya şöbəsindən məlumat əldə etmişdir. Həmin icra qeydinə baxdıqda görünür ki, ##.##.2025-ci il tarixli ANP-***-****-** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 65 manat və 74 manat məbləğdə cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğdə dövlət rüsumu (haqq) olmaqla, cəmi 164,10 manat pulun tutulması qeyd olunmuşdur. Halbuki, əsas borca münasibətdə cərimə borcunun həddindən artıq tutulması qeyd olunmuşdur. Masallı regional “ASAN” Xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış icra qeydi barədə kreditor əvvəlcədən ona xəbərdarlıq (bildiriş) poçt vasitəsilə göndərməmişdir. İcra qeydi barədə məlumatı Masallı rayon icra və probasiya şöbəsindən ##.##.2025-ci il tarixdə əldə etmişdir. Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ellara Abbasova) iddia rədd, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli ANP-***-****-** nömrəli müqaviləyə əsasən İddiaçı 65 manat məbləğdə kredit verilmişdir. Müqaviləyə görə İddiaçı borcu vaxtında qaytarmadığı üçün Masallı regional “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Müqavilə tərəflərin iradə ifadəsi ilə bağlanmış və hər iki tərəf öz üzərinə öhdəliklər götürmüşdür. MMC müqavilə üzrə razılaşdırılmış kredit məbləğini İddiaçı verməklə öz öhdəliklərini yerinə yetirmiş olsa da, bunun əksi olaraq İddiaçı müqavilə üzrə borcunu vaxtında və lazımi qaydada icra etmədiyinə görə şərtlər pozulmuşdur. Nəticədə bank tərəfindən icra qeydinin verilməsi üçün qanunvericiliyin tələblərinə riayət edilməklə notariat ofisinə ərizə verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbinə əsasən ##.##.2025ci il tarixdə bildiriş göndərilmiş, borc öhdəliyinin 20 gün ərzində yerinə yetirilməyəcəyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən ünvan məlumatlarının dəqiqləşdirilməsi aparılmış, ##.##.2025-ci il tarixli bildirişdəki ünvanla İddiaçı iddia ərizəsində qeyd etdiyi qeydiyyat və faktiki yaşayış ünvanının eynilik təşkil etməsi müəyyən edilmişdir. Bundan əlavə, xəbərnamədə “xxxx” qeydinin olması MMC tərəfindən İddiaçı məlumatlarındırılması üçün lazımi tədbirlərin görülməsini şübhəsiz edir. Göründüyü kimi, ##.##.2025-ci il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu “Notariat haqqında” Qanunun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. İcra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyildir. Digər tərəfdən icra qeydinin ləğvi mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırkı halda isə iddiaçı maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 390.1-ci, 373-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci, 76-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh bildirişin göndərilməsini sübut etmək üçün xüsusi kuryer qəbzi təqdim etmişdir. Bu çatdırılma “Smart Express” vasitəsilə həyata keçirilmiş kimi göstərilmişdir. Lakin təqdim olunan qəbz bildirişin faktiki olaraq borcluya təqdim edildiyini sübut etmir. Qəbzdə “xxxx” kimi qeyd mövcuddur. Həmin qəbzdə alıcının imzası yoxdur, imtina barədə ayrıca akt yoxdur. Lənkəran Rayon Məhkəməsində məsləhətçi vəzifəsində çalışır və işi ilə əlaqədar olaraq Lənkəran şəhərində kirayədə yaşayır. Qeyri-iş günləri olanda qeydiyyatda olduğu Masalı rayonu Öncəqala kəndinə arabir gedir. ## ######## 2025-ci il tarixdə də faktiki olaraq Lənkəran şəhərində olmuş və bu fakt anten məlumatları, eyni zamanda idarə etdiyi avtomobildə quraşdırılmış videoregistrin çəkilişlərinə baxdıqda aydın olacaqdır. Qeydiyyatda olduğu kənddə olmadığı halda necə ola bilər ki, bildirişi almaqdan imtina etsin. Məhkəmə qeyd olunan xüsusatları araşdırmaq əvəzinə iş üzrə cavabdehin təqdim etdiyi “xxxx” qəbzini istinad etməklə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə # ###### 2016-cı il tarixli **** №-li qərarının 9.60-cı bəndində gösətrilmişdir ki, alıcı onun ünvanına daxil olmuş poçt göndərişini, pul köçürməsini almaqdan imtina etmək hüququna malikdir. Bu halda poçt göndərişinin üzərində, pul köçürməsi blankında və ya poçt göndərişinin, pul köçürməsinin daxil olması haqqında bildirişdə müvafiq qeyd edilir və qeyd alıcının imzası ilə təsdiqlənir. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası həm də hüquqi şəxsin möhürü ilə təsdiqlənir. Ünvançı imza etməkdən imtina etdiyi halda bu iş poçt rabitəsi operatoru tərəfindən yerinə yetirilir. İmtina olunmuş poçt göndərişləri, pul köçürmələri geri ünvana qaytarılır. Əgər bildiriş barədə real olaraq vaxtında məlumatlandırılmış olsaydı, borca dair etirazını bildirə və mübahisəni qanunla nəzərdə tutulmuş qaydada həl edə bilərdi. İşin faktiki hallarından da göürünür ki, bildirişdən xəbəri olmadığı halda barəsində icra qeydi aparılmışdır. Bu səbəbdən vaxtında etiraz etmək imkanından məhrum olmuşdur. İcra qeydinin aparılması barədə xəbərdarlıq ona təqdim edilmədiyindən müdafiə hüququ pozulmaqla icra qeydi aparılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Masallı regional “ASAN” Xidmət mərkəzinin notariat ofisinin ##.##.2025-ci il tarixli 8İ ***** nömrəli icra qeydindən görünür ki, Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X1 “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1093 ünvan 1 ünvanında yerləşən “xxxx” MMC (VÖEN: **********) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA0720512 ##.##.2019- Asan-Masallı; FİN: *******; d/t; ##.##.1994) ANP-***-****-** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 65 manat 00 qəpik (altmış beş manat sıfır qəpik) tutulsun. Bundan əlavə, təklif edir ki, borclu İddiaçı 74 manat 10 qəpik (yetmiş dörd manat on qəpik) məbləğdə cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğdə dövlət rüsumu (haqq) olmaqla cəmi 164 manat 10 qəpik (yüz altmış dörd manat on qəpik) pul tutulsun. Həmin icra qeydi ##.##.2025 tarixdə aparılmışdır. ##.##.2025-ci il tarixli qərardan görünür ki, ##.##.2025-ci il tarixdə icraata daxil olmuş Masallı Regional “ASAN” Xidmət mərkəzinin notariat ofisinin ##.##.2025-ci il tarixli *i-***** saylı reyestr nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. ##.##.2025-ci il tarixli ANP-***-****-** nömrəli Lombard müqaviləsinə əsasən İddiaçı 1 ay müddətinə 65 manat məbləğdə kredit verilmişdir. “xxxx” MMC-nin İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişindən görünür ki, sonuncuya 65 manat məbləğdə əsas kredit borcunu və ona müvafiq olaraq hesablanmış cərimə borcunu ödəməməklə müqavilə şərtlərini pozduğu və borcunu 20 gün müddətində ödəmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdarlıq edilmişdir. Xəbərnamədən görünür ki, bildiriş İddiaçı çatdırılmış, o bildirişi qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 324.4 maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-in 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1 maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Qanunla tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndi: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na əsasən 1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; b) ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş. 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Məhkəmə tərkibi apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. İcra qeydinin ləğv olunmasına əsas olan hər hansı əsasın mövcudluğu məhkəmə tərkibi tərəfindən müəyyən edilmir. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi icra qeydinin aparılması barədə bildirişin borcluya çatdırılması deyil, onun ünvanına göndərilməsi məcburi tələbdir. Bu baxımdan, mütləq nəzərə alınmalıdır ki, İddiaçı tələbkara məlum olan aidiyyəti ünvanlar üzrə müvafiq bildiriş göndərilmiş və həmin hal iş materialları ilə də öz təsdiqini tapmışdır (səh. 50). Bütün bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyildir. “xxxx” MMC bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, müvafiq məlumatı göndərmişdir. Qeyd olunan səbəbdən həmin bildirişlərin borcluya çatdırılıb-çatdırılmaması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 388-ci maddəsinə görə öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. Məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. Məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, adıçəkilən dəlillər yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-793/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-793/2026
22.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver