Məhkəmə qərarları › İş №2(3-9)-878/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-878/2026

14.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-878/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh İskəndərov İsgəndər İlqar oğlundan, İskəndərov İlqar Əligüşad oğlundan və İskəndərova Qızqayıd Mansur qızından 30300 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 182 manat pulun alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və # ### 2026-cı il tarixli qətnamə ilə iddia təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti və onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Biləsuvar Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, Biləsuvar Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Qeyd edilməlidir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə vəsatətə (iş m., səh. 60) işin müəyyən edilmiş hallarına uyğun olaraq heç bir hüquqi qiymət verməmişdir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpasına dair ərizəyə (vəsatətə) hüquqi qiymət verilmədən işin apellyasiya instansiyasına göndərilməsi mülki prosessual qanunvericiliyin imperativ tələblərinə ziddir. Qanuna əsasən prosessual müddətin bərpası məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilməli, bu barədə qətnamədə, qərardadda və ya qərarda müvafiq qeyd aparılmalıdır. Lakin hazırkı halda məhkəmə bu prosessual tələbi nəzərə almadan və vəsatət üzrə mövqeyini bildirmədən işi apellyasiya instansiyasına təqdim etmişdir ki, bu da prosessual normaların pozulması kimi qiymətləndirilməli və məhkəmə icraatının düzgün aparılmasına maneə yaradan ciddi hüquqi pozuntu hesab edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin forma və məzmununa, habelə müddətlə bağlı tələblərə əməl edilib-edilməməsi eyni vaxtda yoxlanılmamışdır. Belə ki, MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyi məsələsi müəyyən edilməli olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə tərkibi işin müəyyən edilmiş hallarına MPM-in tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yanlış qənaətə gəlmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Biləsuvar Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar