Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-88/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Iddiaçı Kuchimova Gulnigor Khujam qızının cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı Kuchimova Gulnigor Khujam qızının nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Göndəriş qəbzindən görünür ki, Cavabdeh adına ##.##.2023-cü il tarixdə 600 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 300 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 600 ABŞ dolları və ##.##.2023cü il tarixdə 700 ABŞ dolları pul köçürülmüşdür. Göndəriş qəbzindən görünür ki, maraqlı şəxs4 adına ##.##.2023-cü il tarixdə 328 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 104 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 424 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 124 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 258 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 104 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 194 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 514 ABŞ dolları pul köçürülmüşdür. Göndəriş qəbzindən görünür ki, maraqlı şəxs3 adına ##.##.2023- cü il tarixdə 408 ABŞ dolları və ##.##.2024-cü il tarixdə 514 ABŞ dolları pul köçürülmüşdür. Göndəriş qəbzindən görünür ki, maraqlı şəxs2 qızının adına ##.##.2024-cü il tarixdə 408 ABŞ dolları pul köçürülmüşdür. Göndəriş qəbzindən görünür ki, maraqlı şəxs1 qızının adına ##.##.2024-cü il tarixdə 308 ABŞ dolları pul köçürülmüşdür. Iş materiallarında olan ( İ cild, səh.88) etirazdan görünür ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil1 5125 dollara münasibətdə iddia tələbi ilə razı olduğunu, qalan hissədə razı olmadığını bildirmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı Kuchimova Gulnigor Khujam qızı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25500 manat borcun və ödədiyi 165 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı Kuchimova Gulnigor Khujam qızının nümayəndəsi və vəkili vəkil2 ## ###### 2025-ci il tarixdə məhkəməyə iddia tələbi həcminin azaldılması barədə ərizə göndərərək cavabdeh Cavabdeh 8865 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 verdiyi izahatında göstərdi ki, iddiaçı Kuchimova Gulnigor Khujam qızı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldırmışdır. Cavabdeh iddia ilə tanışdır və iddianı qəbul etmir. Iddiaçı tərəfindən təqdim edimiş, ərizə düzgün əsaslandırılmamış və yazılanlar həqiqətə uyğun deyildir. Məhkəməyə sübut kimi təqdim edimiş qəbzlərin heç birində iddiaçının ad soyadı qeyd olunmamışdır. Həmin qəbzlərdə ayrı-ayrı şəxslərin adlarına göndərilmiş və həmin qəbzlərin cavabdeh Cavabdeh heç bir aidiyyatı yoxdur. Iddiaçı ilə cavabdeh qeyri-rəsmi olaraq bir yerdə yaşamış, hazırda münasibətləri pozulmuşdur. Cavabdeh Cavabdeh Iddiaçı Kuchimova Gulnigor Khujam qızına heç bir borcu yoxdur. Iddiaçı tərəfindən həmin borcla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən ## ###### 2025-ci il tarixdə məhkəməyə iddiaçı tərəfin iddia tələbi həcminin azaldılması barədə ərizəsinə etiraz göndərərək göstərilmişdir ki, iddiaçı Özbəkistan Respublikasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasının qanunvericiliyi barədə məlumatlı deyildir. Məhkəmə araşdırması uzun zamandır davam edir. Məhkəmə sübutların iddiaçı tərəfindən təqdim olunması üçün yetəri qədər vaxt vermişdir. Məhkəmənin hazırıq iclası beş dəfə keçirilmiş və hal-hazırda baxış iclası təyin olunmuşdur. Məhkəmə tərəfindən məhkəmə baxış iclasında iddiaçının təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə ərizə qəbul oluna bilməz. Iddiaçı Kuchimova Gulnigor Khujam qızı Azərbaycan Respublikası qanunlarını bilməyə bilər, lakin hal hazırda məhkəmədə onu peşəkar nümayəndəsi və vəkili təmsil edir. Iddiaçı tərəfindən təqdim edimiş ərizə düzgün əsaslandırılmamış və yazılanlar həqiqətə uyğun deyildir. Həmçinin sübut kimi təqdim edilmiş qəbzlərin heç birində iddiaçının ad və soyadı qeyd olunmamışdır. Həmin qəbzdə pul fərqli şəxslərin adlarına göndərilmişdir. Sübut kimi təqdim olunmuş qəbzlərin cavabdeh Cavabdeh heç bir aidiyyatı yoxdur. Iddiaçı ilə cavabdeh birgə nikahda olmasa da, qeyri-rəsmi bir yerdə yaşamışlar. Halhazırda münasibətləri pozulmuşdur. Cavabdeh Cavabdeh Iddiaçı Kuchimova Gulnigor Khujam qızına heç bir borcu yoxdur, həmçinin yaranmış borcla bağlı heç bir mötəbər sübut mövcud deyildir. Cəlilabad Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Vüsal Cəbrayılov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 4.1, 14.2, 88, 77.1, 167.4, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “WhatsApp” tətbiqi üzərindən aparılmış yazışmalarla bağlı qeyd edir ki, həmin yazışmalarda tərəflər arasında müəyyən münasibətlərin olması müəyyən edilsə də, həmin yazışmalar tərəflər arasında hazırki iddia tələbinin sübuta yetirilməsinə hər hansı formada xidmət etmir və həmin yazışmalardan iddiaçı tərəfindən həqiqətən də 25500 manat pulun cavabdehə verilməsi sübut olunmur. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər hər hansı formada borc münasibətləri olmamaqla birlikdə, iddiaçı tərəfindən cavabdehin qeyd edilən məbləğdə pulu ondan alması və öz üzərinə həmin pulu qaytarmaq öhdəliyi götürməsi sübuta yetirilməmişdir. Bunun əksini isə sübut etmək artıq iddiaçının vəzifəsi olsa da, lakin bu məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı Kuchimova Gulnigor Khujam qızının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti vermişdir. Iddiaçı tərəf apellyasiya şikayətində göstərmişdir ki, qətnamə tamamilə əsassız və qanunsuzdur. Maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Ona görə də ləğv edilməlidir. Belə ki, iddia ərizəsinin əsasını təşkil edən sübutlar ödəniş qəbzləri, yazışmalar, səs yazıları, videogörüntü olmuşdur. Hakim həmin sübutların heç birini məhkəmə iclasında tədqiq etməmişdir. Buna video-görüntüdən baxıla bilər. Həmin yazışmaların heç birini oxumamış, kimdən gəldiyi, kimə göndərildiyi araşdırılmamışdır. Hakimə səs yazılarını əks etdirən flaş kart verilmiş, hakim bir dəfə də olsun həmin səs yazılarını məhkəmə iclasında dinləməmişdir. Həmin səslərin kimə məxsus olmasını araşdırmamış, cavabdehin vəkilinin həmin səs yazılarına münasibətini soruşmamışdır. Məhkəməyə təqdim olunmuş cavabdeh tərəfindən avtomobilin guya alınması, iddiaçıya çəkib göndərməsi ilə bağlı videogörüntü məhkəmədə tədqiq olunmamışdır. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərində olan pulların cavabdehə, 3-cü şəxslərə hansı məqsədlərlə göndərilməsini, tərəflər arasında olan pul münasibətlərinin hansı əsaslarla yaranmasını müəyyən etməmişdir. Qəbzlərə baxıb demişdir ki, bununla arada olan borc münasibəti sübut olunmur. Lakin səs yazıları və qəbzlər əlaqəli şəkildə araşdırılardısa arada olan borc münasibətləri aydın olardı. Məhkəmənin hazırlıq iclasında cavabdehin vəkili məhkəməyə ərizə ünvanlamış, həmin ərizədə tərəflər arasında olan pul, avtomobil və qızıl-zinət əşyaları ilə bağlı münasibətlərin olmasını təsdiqləmişdir. Həmin iclasda bildirmişdir ki, cavabdehin adına pullar göndərilib, lakin qəbzlərdə sırf Amidin adına göndərilən pullar tələb olunan məbləğdən azdır. Cavabdehin vəkili növbəti iclasda etirafından imtina etmişdir. Məhkəmə cavabdehin vəkilindən soruşmamışdır ki, nəyə görə etiraf edirdiniz indi etmirsiniz? Məhkəmədə həmin ərizədən imtina edilirsə imtinanın əsası, hansı səbəbdən həmin ərizədəki etirafdan imtina edilməsi göstərilməlidir. Lakin nə hakim bunu araşdırmış, nə də vəkil əsaslandırmışdır. Əgər etirafı dəyişməyə əsas yoxdursa hakim həmin etirafı qüvvədə saxlamalı və sübut kimi qiymətləndirməlidir. Bundan başqa, cavabdehin səs yazılarında dedikləri də etirafdır və iş üzrə sübutdur. Təəssüf ki, hakim bunları qanunsuz olaraq sübut kimi qiymətləndirməmişdir. Mülki Prosessual Məcəlləyə əsasən: tərəfin məhkəmədə etiraf etdiyi hal sübut olunmuş hesab edilir, tərəf etirafı əsassız şəkildə geri götürə bilməz. Əgər tərəf sonradan etirafı inkar etmək istəyirsə, niyə əvvəlki etirafın səhv olduğunu əsaslandırmalıdır. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəf apellyasiya şikayətinə qarşı göndərmiş olduğu etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti əsassız, hüquqi cəhətdən zəif və qanuna uyğun olmayan iddialardan ibarətdir və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Pul köçürmələrinin cavabdehin adına və ya cavabdeh tərəfindən qəbul edildiyi sübuta yetirilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən pul köçürmə qəbzlərinin heç birində cavabdehin adı, soyadı və ya pul alan şəxs qismində iştirakı göstərilməmişdir. Qəbzlərdə pul alan və ya göndərən şəxs kimi tamamilə başqa şəxslər qeyd olunmuşdur. Bu hal iddia edilən pul vəsaitlərinin cavabdeh tərəfindən alındığını və ya xeyrinə istifadə edildiyini təsdiq etmir. Təqdim edilmiş qəbzlərdən açıqaydın görünür ki, pul vəsaitləri iddiaçının öz adından deyil, Türkiyə Respublikasının müxtəlif vətəndaşlarının - üçiincü şəxslərin adından göndərilmişdir. Həmin şəxslərin heç biri cavabdehlə tanış deyildir, cavabdehin bu şəxslərlə heç bir şəxsi, maliyyə və ya hüquqi əlaqəsi mövcud olmamışdır. Cavabdeh bu şəxslərdən heç birindən pul almamış, onlarla borc və ya öhdəlik münasibətinə daxil olmamışdır. Üçüncü şəxslərin adma göndərilmiş vəsaitlərin cavabdehdən tələb edilməsinin hüquqi əsası yoxdur. Mülki hüquq münasibətlərinin əsas prinsiplərinə görə, şəxs yalnız öz adma yaranmış və sübuta yetirilmiş öhdəliklərə görə məsuliyyət daşıyır. Üçüncü şəxslərin adından göndərilmiş və cavabdehlə əlaqəsi sübuta yetirilməmiş pul vəsaitlərinin cavabdehdən tələb edilməsi qanunsuz və əsassızdır. Iddiaçı ilə aralarında rəsmi nikah münasibətləri mövcud olmamışdır. Qeyri-rəsmi birgə yaşama faktı iddiaçının üçüncü şəxslərin adından göndərilmiş pul vəsaitlərini cavabdehdən tələb etməsi üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, borc münasibəti yalnız müqavilə, qanun, ya da qanunda nəzərdə tutulan digər əsaslar olduqda yarana bilər. Bu iş üzrə isə belə hüquqi əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəlləyə əsasən, iddia tələbinin əsasını təşkil edən halları iddiaçı sübut etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı, iddiaçının təqdim etdiyi sübutlar yetərsiz hesab edilmiş, sübutlar arasında borcun mövcudluğunu təsdiq edən birbaşa əlaqə müəyyən edilməmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayəti yeni hüquqi arqumentlərə əsaslanmır. Iddiaçının apellyasiya şikayəti, birinci instansiyada artıq qiymətləndirilmiş halların təkrarından ibarətdir, yeni sübutlar və ya hüquqi əsaslar təqdim etmir, qətnamənin ləğvini zəruri edən prosessual və ya maddi hüquq pozuntularını sübut etmir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı tərəf iddia tələbinin azaldılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Iddia tələbinin azaldılması barədə ərizəni məhkəmə icraata qəbul etməmiş, geri qaytarılması barədə qərar da qəbul etməmişdir. Bu birinci instansiya məhkəməsi tərəfindən edilmiş prosessual pozuntulardan biridir. Iddiaçı tərəf düşünmüşdür ki, iddia tələb üzrə həmin hissəni cavabdeh etiraf etmişdir, əsas sübutlardan biri də etirafdır. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamışdır. Hazırlıq iclasları bəziləri iddiaçı, bəziləri qarşı tərəfin xahişi ilə təxirə salındı. Qarşı tərəfin vəkili məhkəmə iclasında gəlib bu münasibətlərin olduğunu qəbul edir, əlavə olaraq cavabdehlə hissə-hissə ödənişlə bağlı öhdəlik götürməsi barədə danışacağını bildirir. Hakim tərəflərə məhkəmədənkənar barışıq əldə etmək üçün vaxt verir. Cavabdehlə öhdəlik götürməsi barədə saziş bağlamağa çalışdıq, lakin şəxs razı olmadı. Cavabdeh tərəf həm qızıl, həm maşın, həm də pul münasibətərini etiraf edirlər. Lakin qismən qəbul etdiklərini cavadbehə göndərilən pulların az olduğunu bildirirlər. Digər pullar Cavabdeh qohumlarına göndərilib. Pulların cavabdehin qohumlarına göndərilməsinin səbəbi cavabdehin maliyyə yükü barədə iddiaçını aldatması olub. Cavabdeh pulun yalnız öz adına gəlməsinin problem yarada biləcəyini bildirib iddiaçını aldadıb. Cavabdehin vəkili pul münasibətlərini Cavabdeh adına gələn hissədə qəbul edir. Daha sonra qarşı tərəf ərizəni qəbul etmədiklərini, müdafiə etmədiklərin bildirir. Məhkəmə tərəfindən bu hal araşdırılmır. Ərizənin geri götürülməsinin səbəbi əsaslandırılmır, bu isə məsuliyyətdən boyun qaçırmaqdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Cavabdeh Cavabdeh məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etdiyindən, kollegiya qətnaməni apellyasiya icraatı qaydasında bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-ci maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma tam və hərtərəfli aparılmamış, bəzi sübutlara lazımi hüquqi qiymət verilməmiş, habelə icraat zamanı ayrı-ayrı prosessual tələblərə tam riayət olunmamışdır. Bu hallar qəbul edilmiş qətnamənin əsaslılığına təsir edən amillər kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual pozuntuya yol verilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf ## ###### 2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək tələb olunan məbləği 25500 manatdan 8865 manata endirmişdir. Lakin birinci instansiya məhkəməsi həmin ərizəyə heç bir prosessual münasibət bildirməmişdir, əvvəlki iddia tələbi üzrə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Qeyd olunan hal mülki prosessual hüququn fundamental prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı iddianın predmetini və ya əsasını dəyişmək, habelə iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququna malikdir. Bu hüquq dispozitivlik prinsipinin təzahürü olmaqla, tərəfin sərbəst prosessual davranış imkanlarını təmin edir. Birinci instansiya məhkəməsi isə iddiaçının bu hüququnu faktiki olaraq nəzərə almamış, ərizəni hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Halbuki, məhkəmə belə ərizəni ya qəbul etməli, ya da onun qəbulundan imtina edirsə, bunu əsaslandırılmış prosessual aktla rəsmiləşdirməli idi. Əks yanaşma dispozitivlik prinsipini və tərəflərin prosessual hüquqlarının təmin olunması tələbininin pozuntusudur. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə işə ilkin iddia tələbi (25500 manat) çərçivəsində baxmış, azaldılmış tələb (8865 manat) üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Bu isə iddia tələbinin faktiki həcmi ilə məhkəmə baxışının predmeti arasında uyğunsuzluq yaratmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin azaldılması barədə ərizənin nəzərə alınmaması və bununla bağlı heç bir prosessual qərarın qəbul edilməməsi iş üzrə qətnamənin qanuniliyinə ciddi təsir göstərən prosessual pozuntudur və bu hal qətnamənin ləğvi üçün müstəqil əsasdır. Iş üzrə əsas mübahisə doğuran məsələlərdən biri isə cavabdeh tərəfin iddia tələbinə münasibətdə əvvəlcə qismən etiraf verməsi, lakin sonradan bu etirafdan imtina etməsi ilə bağlıdır. Iş materialları ilə müəyyən olunur ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı etirazda iddia tələbi müəyyən hissədə, konkret olaraq 5125 ABŞ dolları məbləğində etiraf edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal tərəfin öz prosessual mövqeyi çərçivəsində açıq iradə ifadəsi olmaqla, mülki proses hüququ baxımından müstəqil sübut əhəmiyyəti daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutlara dair normalarının sistemli təhlilindən irəli gəlir ki, tərəfin etirafı sübutetmə vasitələrindən biri olmaqla, etiraf edilmiş halın əlavə sübutlarla təsdiqini tələb etmədən məhkəmə tərəfindən qəbul edilə bilər. Bu, prosessual iqtisadiyyat və tərəflərin dispozitiv hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Kollegiya xüsusilə vurğulayır ki, etirafın sonradan dəyişdirilməsi və ya ondan imtina edilməsi yalnız əsaslandırılmış hallarda hüquqi nəticə doğura bilər. Yəni etirafın səhv, yanılma, təzyiq və ya digər iradə qüsurları nəticəsində verildiyi sübuta yetirilmədiyi təqdirdə, həmin etiraf qüvvədə qalır və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hazırkı işdə isə cavabdeh tərəf əvvəlcə konkret məbləğ üzrə öhdəliyi qəbul etmiş, lakin sonrakı mərhələdə bu mövqedən imtina etmiş, həmin imtinanın səbəblərini nə izah etmiş, nə də sübut etmişdir. Birinci instansiya məhkəməsi isə bu ziddiyyətli prosessual davranışı ümumiyyətlə qiymətləndirməmiş, etirafın hüquqi nəticələrinə münasibət bildirməmişdir. Bu isə MPM-in 88-ci maddəsində təsbit olunmuş sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi prinsipinin kobud pozuntusudur. Kollegiya hesab edir ki, cavabdeh tərəfin sonradan etirafdan imtina etməsi mülki hüquqi məsuliyyətdən yayınmağa yönəlmiş prosessual davranış kimi qiymətləndirilməli və ilkin etiraf sübut kimi qəbul edilməlidir. Apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş səs yazıları, videogörüntülər və yazışmalar məhkəmə iclasında tədqiq edilməmişdir. Kollegiya hesab edir ki, bu dəlil ümumi xarakter daşısa da, iş materialları ilə təsdiq olunan əsas pozuntu – etirafın qiymətləndirilməməsi və iddia tələbinin dəyişdirilməsinə münasibət verilməməsi artıq qətnamənin ləğvi üçün kifayət qədər əsas yaradır. Bununla belə, sübutların kompleks qiymətləndirilməməsi də işin tam araşdırılmaması qənaətini gücləndirir. Iş materiallarında olan “flash card”da olan səsyazıları apellyasiya baxış iclasında tədqiq olunmuş, həmin səsyazıların tərəf arasında olması və iddiaçının cavabdehə müəyyən vaxtlarda pul göndərməsi və ona borclu olmasını etiraf etməsi müəyyən olunur. Işdə olan “flash card”da “cavabdehin etirafı” adlı faylda cavabdeh idddiaçıya göndərdiyi səs yazısında deyir: “Senin araban var satılacak....8.000 dollar falan arabadan gelecek, yerde kalan parayı da ben sana ne borçluysam 2-3 ay ərzində sənə olan borcumu veririm”. Kollegiya qeyd edir ki, cavabdeh tərəf tərəfindən irəli sürülən arqumentlər vəsaitlərin üçüncü şəxslərin adına göndərilməsi, etiraf edilmiş hissə üzrə hüquqi əhəmiyyət kəsb etmir. Çünki cavabdeh artıq müəyyən məbləğ üzrə öhdəliyi qəbul etmişdir və bu hal mübahisəni həmin hissədə aradan qaldırır. AR MPM-in: 106.3.-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir 220.4.-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Odur ki, kollegiya hesab edir ki, cavabdeh tərəfindən etiraf edilmiş hissədə iddia əlavə sübut tələb olunmadan təmin edilməli, qalan hissədə isə iddiaçı tərəfindən sübut olunmadığı üçün təmin edilməməlidir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən etiraf edilmiş məbləğ ABŞ dolları ilə ifadə olunsa da, iddia tələbi milli valyutada, Azərbaycan manatı ilə irəli sürülmüşdür. Mülki prosesdə məhkəmə iddia tələbinin hüdudlarından kənara çıxa bilməz. Odur ki, tələb olunan məbləğin xarici valyutada deyil, milli valyutada müəyyən edilməsi zəruridir. Əks yanaşma isə iddia tələbinin predmetindən kənara çıxma kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatlarına əsasən, qətnamə qəbul edildiyi tarixdə 1 ABŞ dollarının məzənnəsi 1.7000 manat təşkil etmişdir. Buna uyğun olaraq 5125 ABŞ dolları × 1.7000 = 8712.5 manat təşkil etmişdir. Beləliklə, cavabdehdən 8712 manat (yuvarlaqlaşdırılmaqla) məbləğində pulun tutulması və iddiaçıya ödənilməsi əsaslı və qanunauyğun hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qanuni və əsaslı olmadığından ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalı, cavabdeh Cavabdeh 8712 (səkkiz min yeddi yüz on iki) manat pul vəsaiti tutularaq iddiaçı Kuchimova Gulnigor Khujam qızına ödənilməli, qalan hissədə iddianın təmin edilməməlidir. MPM-in 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh Cavabdeh təmin edilmiş iddia hissəsinə mütənasib olaraq 107 (bir yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Kuchimova Gulnigor Khujam qızına ödənilməlidir, qalan məbləğ ididaçının özünə aid edilməlidir. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə cavabdehə münasibətdə mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan çox olduğundan qətnamədən kassasiya şikayəti verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: ` Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 8712 (səkkiz min yeddi yüz on iki) manat pul vəsaiti tutularaq iddiaçı Kuchimova Gulnigor Khujam qızına ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Cavabdeh 107 (bir yüz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Kuchimova Gulnigor Khujam qızına ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-88/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-88/2026
15.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver