Məhkəmə qərarları › İş №2(5-101)-1180/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-1180/2026

03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-1180/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleymanov Cavid Loğman oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı (X3 üçüncü şəxs qismində cəlb edilməklə) “icra işi üzrə icraata hissəvi xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı (X3 üçüncü şəxs qismində cəlb edilməklə) “icra işi üzrə icraata hissəvi xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 04 mart 2025-ci il tarixli 2(103)-750/2025 nömrəli mülki iş üzrə 01 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab X4 tərəfindən verilmiş icra vərəqəsi əsasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin Böyük icra məmuru X2 11 dekabr 2025-ci il tarixdə icra icraatına başlamaq haqqında qərarı preyudisiya halını nəzərə almadan qəbul olunduğundan hissəvi ləğv olunması və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin üzərinə 30 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə ödənilməli olan 170.000 manat pul məbləğinin İddiaçı deyil, X1 tutularaq, "xxxx" ASC-yə ödənilməsi ilə bağlı qərar qəbul olunması öhdəliyi qoyulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, hazırki mübahisə Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 04 mart 2025-ci il tarixli 2(103)-750/2025 mülki iş üzrə 01 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icrası ilə bağlıdır. Göründüyü kimi, ərizə hər nə qədər iddia ərizəsi formasında verilsə də ərizənin mahiyyəti icra sənədinin icra edilməsi ilə bağlıdır. Belə olan halda məsələyə iddia icraatı qaydasında verilmiş iddia ərizəsi əsasında yox, icra icraatı qaydasında verilmiş ərizə əsasında baxıla bilər. Odur ki, hazırkı ərizə icraata qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, icra icraatı qaydasında həll edilməli olan məsələyə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı (X3 üçüncü şəxs qismində cəlb edilməklə) “icra işi üzrə icraata hissəvi xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar