Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-635/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “İnzibati orqanın imtinasının qanunsuz hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “İnzibati orqanın imtinasının qanunsuz hesab edilməsi və öhdəliyin qoyulmas” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin imtina barədə qərarının qanunsuz hesab edilməsini, həmin inzibati aktın ləğv edilməsini və müraciətinə yenidən baxılması barədə cavabdehə öhdəlik qoyulmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 3.2.-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1.-ci bəndindən müəyyən olunur ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.1.-ci maddəsinə əssaən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Məhkəmə hesab edir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarıinzibati orqandır. Göründüyü kimi, iddiaçının tələbi müəyyən hüquqi nəticələrin yaradılması ilə bağlı inzibati aktın qəbul edilməsi ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasinin Qanununun 5-ci maddəsinə əsasən uaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq onun şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1, 153.2.1, 153.3-cü maddələrinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır; ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir; hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan qanunların tələbinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, müəyyən hüquqi nəticələrin yaradılması ilə bağlı inzibati aktın qəbul edilməsi ilə əlaqədar İnzibati Məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı “İnzibati orqanın imtinasının qanunsuz hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya “İnzibati orqanın imtinasının qanunsuz hesab edilməsi və öhdəliyin qoyulması” tələbi ilə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(5-103)-635/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-635/2026
17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver