Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-721/2026 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş inzibati protokolun ləğv edilməsi, cavabdeh qurumun qanunsuz hərəkətləri nəticəsində vurulmuş 630 manat məbləğində maddi zərər və məhkəmənin müəyyən etdiyi mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yol hərəkətinin pozulması haqqında tərtib edilmiş qərar məhkəmə tərəfindən 3(010)-4306/2025 nömrəli iş nömrəsi ilə xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Qanunla müəyyən edilmiş 10 günlük apellyasiya müddətində cavabdeh qurum tərəfindən hər hansı şikayət verilməmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq, Bakı şəhər X1 İdarəsinin vəzifəli şəxsləri tərəfindən məhkəmə qərarına zidd olaraq, eyni hal üzərindən yenidən inzibati protokol tərtib edilmiş, bununla da məhkəmə qərarının icrası faktiki olaraq təmin edilməmişdir. Bu qanunsuz hərəkətlər nəticəsində o, dəfələrlə idarələrə və məhkəməyə çağırılmış, vaxt itkisinə məruz qalmış, psixoloji gərginlik və stress yaşamış, gündəlik qazanc imkanını itirmişdir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq hər gün üçün 45 manat iş planı verdiyi halda, 25 manat cərimə edilmişdir və bundan sonra ortalama 35 manat qazanc əldə etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi iki hissədən – 1) inzibati orqan kimi cavabdehin inzibati xəta haqqında iş üzrə icraatla bağlı həyata keçirdiyi fəaliyyətin nəticəsində qəbul edilmiş qərarın – inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsindən (iddia ərizəsinin “xahiş edirəm” hissəsində inzibati xəta haqqında protokolun ləğvi xahiş edilsə də, iddia ərizəsinin əsaslandırılmasından və iddia ərizəsinə yalnız inzibati tənbeh vermə haqqında qərarın surətinin əlavə edilməsindən qərarın mübahisələndirilməsi aşkar görünür) və 2) cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətlərinin tərəflərindən biri inzibati orqan olsa da, mübahisənin subyekt tərkibi təklikdə həmin mübahisəyə ümumi məhkəmədə baxılmasını istisna etmir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Göründüyü kimi, inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gələn vurulmuş zərərin əvəzinin ödənilməsinə dair mübahisələrə inzibati məhkəmədə baxılması birmənalı qaydada istisna olunur. Bu və ya digər inzibati orqan tərəfindən cinayət-prosessual və ya inzibati xəta haqqında iş üzrə həyata keçirilən fəaliyyət hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə bağlı olmayan, ümumi (publik) hüquq deyil, xüsusi hüquq müstəvisinə aid edildiyindən, həmin fəaliyyətin həyata keçirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddialara da mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması imkanı birbaşa qanunvericiliklə nəzərdə tutulmuşdur. Analoji hüquqi mövqelər “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli qərarında da öz əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, inzibati orqanların, habelə onların vəzifəli şəxslərinin vurduqları zərərin ödənilməsi tələblərinə baxılarkən ilk növbədə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri (publik və ya mülki) aydınlaşdırılmalıdır. İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Nəzərə alınmalıdır ki, inzibati orqanların bərabər hüquqlu subyekt kimi çıxış etdiyi mülki hüquq münasibətlərindən, habelə inzibati orqanların cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətindən doğan zərər tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilən inzibati tənbeh vermə haqqında EQ 30912396 nömrəli elektron qərardan görünür ki, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində “Honda MNV” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və sonuncu barəsində 80 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən inzibati xətalara dair işlər üzrə həyata keçirilən fəaliyyət nəticəsində qəbul edilən qərarı – inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir. Lakin, inzibati orqanlar tərəfindən cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə həyata keçirilən fəaliyyətin – müvafiq hərəkətlərin (hərəkətsizliyin) və qəbul edilən qərarların qanuniliyinin məhz mülki mühakimə icraatı qaydasında yoxlanılması imkanı qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbinin birinci hissəsinə - inzibati tənbeh vermə haqqında qərarın ləğvinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbulundan imtina edilməlidir. İddia tələbinin ikinci hissəsinə, yəni inzibati orqan tərəfindən inzibati xətalara dair işlərə baxılması müstəvisində həyata keçirilən qanunsuz fəaliyyət (iddiaçı sözügedən fəaliyyəti qanunsuz hesab edir) nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın müvafiq qərarı mülki mühakimə icraatından kənar qaydada həyata keçirilən ədalət mühakiməsi nəticəsində qanunsuz hesab edildiyi təqdirdə, həmin qanunsuz fəaliyyətdən doğan zərərin əvəzinin ödənilməsi mümkün hesab edilə bilər. Odur ki, iddiaçı tərəfindən ilk növbədə müvafiq inzibati tənbeh vermə haqqında qərar inzibati xətalara dair məhkəmə icraatı çərçivəsində mübahisələndirilməli, bu mübahisələndirilmənin nəticəsindən asılı olaraq, vurulmuş maddi və mənəvi zərərin əvəzi mülki mühakimə icraatı qaydasında tələb edilməlidir. Yuxarıda istinad edilən “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli qərarının 9.4.3-cü bəndində həmçinin göstərilir ki, mənəvi təzminat tələblərinə dair iddia ərizəsində tələb edilmiş məbləğin göstərilməməsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinin pozulması hesab olunur və həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılma əsasıdır. İddiaçı tərəfindən cavabdehdən tələb edilən mənəvi zərərin məbləği konkret olaraq göstərilməmiş, bu məbləğin məhkəmənin mülahizəsinə əsasən tutulması xahiş olunmuşdur. Qeyd edilənlərdən əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 108.1.1-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməli olduğu hallardan biri kimiiddia ərizəsinin verilməsi imperativ qaydada təsbit edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir və bu sənədin iddia ərizəsinə əlavə olunmaması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas təşkil edir. Analoji mövqeni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsi bir daha təsdiq edir. Belə ki, həmin maddəyə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsində cavabdehdən tələb olunan maddi zərərin həcmi konkret rəqəmlə ifadə edilsə də, mənəvi zərərlə bağlı iddianın qiymətində yuxarıda qeyd edildiyi kimi qeyrimüəyyənliyə yol verilmişdir. Bununla belə, iddia tələbində cavabdehdən tələb edilən maddi zərərin məbləğinə uyğun gələn həcmdə dövlət rüsumu ödənilməmiş, qanunla müəyyən edilmiş qaydada və həcmdə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən azad edilməsi ilə bağlı heç bir məlumat ərizədə qeyd olunmamış və buna dair sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd edilən sonuncu iki əsas – 1) inzibati orqanın iddiaçının iddia etdiyi qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin konkret məbləğinin göstərilməməsi və 2) iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi iddia ərizəsinin geri qaytarılması əsasını təşkil edən məcburi hallara aid olsa da, iddia ərizəsinin geri qaytarılması yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək şəraiti yaratdığından, iddia ərizəsi qeyd edilən əsaslarla geri qaytarıla bilməz. Hər bir halda, iddiaçı mülki mühakimə icraatı haqqında qanunvericiliyin imperativ göstərişlərini diqqətdə saxlamalı, ilk növbədə inzibati orqanın güman edilən qanunsuz hərəkətləri inzibati xətalara dair məhkəmə icraatı qaydasında mübahisələndirilməli, qeyd edilən fakt məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında öz təsdiqini tapdığı təqdirdə inzibati orqanın inzibati xətalara dair işlər üzrə həyata keçirdiyi qanunsuz fəaliyyət nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzi (konkret olaraq zərərin həcmi göstərilməklə) mülki mühakimə icraatı qaydasında cavabdehdən tələb edilməli və bu zaman qanunvericiliklə müəyyən edilmiş həcmdə və qaydada iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilənlərə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması müəyyən edildiyindən, iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunsun. İddiaçıya İddiaçı inzibati tənbeh vermə haqqında qərarı inzibati xətalara dair məhkəmə icraatı qaydasında mübahisələndirməsi hüququnun olması izah edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-103)-721/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-721/2026
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver