Məhkəmə qərarları › İş №2(5-104)-151/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-151/2026

16.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-151/2026 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru Cavabdeh2 qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru Cavabdeh2 qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli 2(5-104)- 50/2026 saylı iş üzrə qərardadının ədalətsiz, həqiqətə uyğun olmayan, natamam məlumatlardan ibarət, ədalət mühakiməsinin keçirilməsinə mane olma məqsədi ilə çıxarılmış məhkəmə aktı olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilməlidir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Bundan əlavə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsinin forması və məzmunu da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Ərizənin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmiş, iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru Cavabdeh2 qeyd olunsa da, birbaşa ona qarşı heç bir tələb qoyulmamış, qeyri-müəyyən tələblər irəli sürülmüşdür. Odur ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru Cavabdeh2 qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən olunması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru Cavabdeh2 qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən olunması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar