Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-736/2026 13.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı hesabata dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsinə dair iş üzrə (açar sözlər: iddiadan imtina, məhkəmədə baxılmalı deyil) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı hesabata dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Goradil bağ massivi, 1438B ünvanındakı fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi ilə bağlı cavabdeh Mərkəzi Ekspertiza Bürosu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindənin tərtib edilmiş MEB-389-1125 nömrəli, xx.xx.2025-ci il tarixli hesabata müvafiq əlavə və düzəlişlər edilərək qiymətləndirilmənin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda qeyd olunan 71 kvm və orada qeyd olunmayan faktiki əlavə 600 kvm ölçülərə əsasən ayrı-ayrılıqda hesablanmaqla dəyərinin tam şəkildə müəyyən edilib hesabatda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
4. Təqdim edim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçının tələbi qiymətləndirilmə barədə hesabata dəyişiklik edilməsi, yenidən qiymətləndirmə keçirilməsinin təmin edilməsidir.
5. Lakin əmlakın qiymətləndirilməsinə dair hesabat müstəqil olaraq hər hansı hüquq və vəzifə müəyyən etmədiyindən onun etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilə bilməz.
6. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya icra icraatı çərçivəsində müraciət etmək hüququ izah edilməlidir.
7. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı hesabata dəyişiklik edilməsi tələbinə iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı icra icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Aytəkin Əsədzadə