Məhkəmə qərarları › İş №2(5-105)-223/2026

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(5-105)-223/2026

27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(5-105)-223/2026 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat ofisi və Cavabdeh1 ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iş üzrə (açar sözlər: icra qeydinin ləğv edilməsi) Giriş hissə: X2 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat ofisi və Cavabdeh1 ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ22696 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlərin Abşeron rayon 1 saylı notariat ofisinin və "X6" ASC-nin qanunvericiliyə zidd hətəkətliyi nəticəsində ondan 35204 manat 93 qəpik (otuz beş min iki yüz otuz dörd manat 93 qəpik) məbləğinin tutulması barədə icra qeydi aparılmışdır. İcra qeydi ona xx.xx.2026-cı il tarixdə icra məmuru tərəfindən təqdim edilsədə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən sms vasitəsilə xx.xx.2026-cı il tarixdə göndərilmişdir. Cavabdeh Abşeron rayon 1 saylı notariat ofiisi tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. Belə ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu təsdiq etdiyi halda aparılır. Borc isə mübahisəlidir. Belə ki, cavabdeh "X6" ASC ilə aralarında CC/36414/A1/23 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 34075 manat 28 qəpik (otuz dörd min yetmiş manat iyirmi səkkiz qəpik)manat borcludan 1104 manat 65 qəpik (min yüz dörd manat altmış beş qəpik) manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilməmiş 25 manat 00 qəpik (iyirmi beş manat 00 qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 35204 manat 93 qəpik (otuz beş min iki yüz otuz dörd manat doxsan üç qəpik) məbləğinin pul tutulması qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh bank tərəfindən faizlər həddən artıq şişirdilmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Ona belə bildiriş cavabdeh "X6" ASC tərəfindən göndərilmədiyi halda, cavabdeh Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən icra qeydi aparılması mümkün olmuşdur. Hesab edir ki, borc mübahisəlidir vəicra qeydi prossesual tələblər pozularaq aparıldığından məhkəmə qaydasında edilməlidir.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Bildirmişdir ki, borc məbləğinin düzgün hesablanmamasından narazıdır. Məhkəmədən faizlərin silinməsini və borcun yenidən hesablanmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, lakin cavabdehlər məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, İddiaçı borcunun 10 gün müddətində könüllü icra etmədiyi halda “İcra haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrinə uyğun olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keşirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir.

8. Abşeron Rayon 1 saylı notariat ofisinin 8İ-22696 saylı xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Abşeron Rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən “Notariat haqqında'” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 42 ünvanında yerləşən Cavabdeh1 ASC-nin xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2023 – Asan 3; FİN: xxxxxxx; d/t: xx.xx.1973) CC/36414/A1/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 34075 manat 28 qəpik manat pulun tutulması, borclu İddiaçı 241.70 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 35204 manat 93 qəpik (səkkizmin iyirmi dörd manat iyirmi doqquz qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi xx.xx.2025-ci il tarixdə aparılmışdır.

9. ”X6” ASC verilmiş sorğuya cavab olaraq bildirmişdir ki, Cavabdeh1 ASC ilə İddiaçı aralarında 14 mart 2024-cü il tariхli, CC/36414/A1/23 nömrəli kredit müqaviləsi bağlamışdır. Borc haqqında məlumatda 30356 manat 43 qəpik ödənilməmiş əsas borc, 3718 manat 85 qəpik faiz borcu,1104 manat 65 qəpik dəbbə pulu, 0 manat kommisiya haqqı olmaqla ümumilikdə 35179 manat 93 qəpik, borc yaranmışdır. Həmçinin borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş əlavə etmişdir.

10. ”X6” ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində ona borc barədə bildiriş göndərilmədiyini bildirsə də, elektron məhkəmə sistemi vasitəsi ilə təqdim etdiyimiz sənədlərdən göründüyü kimi, borcluya (hazırkı iş üzrə iddiaçıya) borc barədə bildiriş təqdim edilmişdir. Təqdim etdikləri poçt qəbzindən də göründüyü kimi borclu qəbzə imza çəkərək bildirişi şəxsən özü qəbul etmişdir.

11. Məhkəmə tərəfindən X3 MMC-yə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı icra qeydinin aparılacağı barədə bildirişi 078057 nömrəli poçt qaiməsini imzalamaqla xx.xx.2025-ci il tarixində almışdır.

b) tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat: Bənd 161. ... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə. 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı; “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.”

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı: “Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir.”

c) məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.

20. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədənkənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir.

21. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir.

22. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür.

23. İş materiallarından görünür ki, icra qeydinin aparılması üçün notariat orqanına müvafiq sənədlər təqdim olunmuşdır.

24. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

25. İş materiallarından görünür ki, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclunun məlumatlandırılması barədə bildiriş və bildirişin borcluya çatdırılmasını təsdiq edən sənəd də notariat orqanına təqdim olunmuşdur.

26. Abşeron Rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 8İ-22696 saylı icra qeydinə əsasən Cavabdeh1 ASC-nın xeyrinə İddiaçı CC/36414/A1/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 34075 manat 28 qəpik, cərimə 1104 manat 65 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 35204 manat 93 qəpik məbləğində pulun tutulması təklif edilmişdir. Nəticə etibarilə, müvafiq icra qeydi Abşeron Rayonu üzrə İcra idarəsinə icraya göndərilmişdir.

27. Göründüyü kimi hazırkı iddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır.

29. İş materiallarından göründüyü kimi, iddiaçı icra qeydi haqqında bildiriş almadığını vurğulasa da Cavabdeh1 ASC-nın məhkəməyə ünvanladığı məktubdan da görünür ki, bildirişi şəxsən özü xx.xx.2025-ci il tarixdə qəbul etmişdir.

30. Beləliklə, icra qeydinin ləğvi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat ofisi və Cavabdeh1 ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi rədd edilməlidir.

32. Məhkəmə iddiaçıya izah edir ki, borc və faizlərin hesablanması ilə bağlı razılaşmadığı halda bununla bağlı məhkəməyə müvafiq iddia verməklə mübahisləndirə bilər, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə - hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

33. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə hissəsi:

35. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat ofisi və Cavabdeh1 ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Məhəmməd Eminbəyli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar