Məhkəmə qərarları › İş №2(5-106)-556/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-556/2026

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-556/2026 05.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Musayev Şahəli Calal oğlu – ərizəçi İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 2021-ci ildə Ağcabədi rayon sakini X3 ilə ailə həyatı quraraq Sədərək rayonu Sədərək kəndində yaşamış, bir müddət sonra başqa qadınlarla münasibətlərinə görə qısqanclıq zəminində arvadı Aytac İbrahimli ilə aralarında mübahisələr yaranmış və 22 mart 2025-ci il tarixdə qızı Aytacı öldürmüşdür. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(109)- 31/2025 saylı hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinMİŞ, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. X7 xx.xx.2022-ci il tarixdə doğulmuş X6 və xx.xx.2024-cü il tarixdə doğulmuş X5 adlı iki övladı var və hazırda faktiki olaraq onun himayəsindədir. X1 və X2 rəsmi qaydada onun qəyyumluğuna verilməsi üçün Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Ağcabədi Rayon İcra Hakimiyyəti isə işin faktiki hallarına nəzər salmadan, heç bir araşdırma aparmadan imtina etmişdir. Ərizənin təmin edilməsini və xx.xx.2022-ci il tarixdə doğulmuş nəvəm X6 və xx.xx.2024-cü il tarixdə doğulmuş nəvəm X2 üzərində qəyyum təyin edilməyim barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ərizəyə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə onun qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilmədən verildiyindən, geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi mübahisəsiz halları müəyyən etmək məqsədi ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Belə olduğu təqdirdə qarşı tərəf cavabdehə qarşı deyil maraqlı şəxsə qarşı ərizə ilə müraciət etməldir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosesseual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsində iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları məhkəmə iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etməlidir. Ərizəsindən görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti cavabdeh kimi göstərilsə də, İddiaçı özünü ərizəçi kimi qeyd etmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı konkret olaraq yönələn tələb nədən ibarət olduğunu müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını aydınlaşdırmalıdır. Belə ki, iş materiallarında ərizədə cavabdeh olaraq “Ağcabədi Rayon İcra Hakimiyyəti” qeyd ediləməsinə baxmayaraq, onun publik hüquq və ya xüsusi hüquq sahəsindən irəli gələn hərəkətlərinə qarşı yönəlmiş tələbin nədən ibarət olmasını müəyyən etmək mükün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qrarında qeyd edilmişdir ki, “... Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Buna görə də ərizəyə məhkəmə icraatına qəbul edilməsi mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2026-cı il tarixdə **********69 nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi İddiaçınn ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********69, büdcə təsnifatının kodu: 142213, xx.xx.2026-cı il tarixli) ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar