Məhkəmə qərarları › İş №2(5-115)-132/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-132/2026

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-132/2026 27.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vurduğu zərərin hesablanaraq maddi ziyan kimi cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X3 ilə uzun müddətdir ki, qonşudur. Aralarında bu vaxta qədər heç bir münaqişə, dava-dalaş olmamışdır. Belə ki, qonşusi Fərəməz ilə onun həyətinin arasında daş hasar çəkilmişdir. Fərəməzə dəfələrlə bildirmişdir ki, həyətinə dolan suyu axıtması üçün arx çəksin. Belə ki, onun həyətinə dolan suyun meyili onun hasarına tərəf olduğu üçün hasarı daima su içində olur. Bir dəfə hasarı uçmuşdur, özü öz vəsaiti ilə bərpa etmişdir. Bütün çağırışlarına qonşusu Fərəməz məhəl qoymamışdır. Artıq yenə də onun həyətindən axan su onun hasarını uçurmuşdur. Onun maddi imkanı az olduğu üçün hasarının yarısını özü bərpa eləmiş, yenidən dəmir üzlüklə əvəz etmişdir. Hal-hazırda hasarın 30 metr hissəsi uçulmuş vəziyyətdədir. Bunun təmir bərpa işlərinə 1000 manat pul lazımdır. Onun buna gücü çatmır. Fərəməzə bildirmişdir ki, ona dəymiş ziyanı ya ödəsin, ya da uçmuş hasarını bərpa etsin. Amma Fərəməz heç bir razılaşmaya getmir. Odur ki, X1 ona vurduğu zərərin hesablanaraq maddi ziyan kimi cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavbdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavbdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddia ərizəsindən görünür ki, MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin qanunsuz hesab etdiyi hərkətləri nəticəsində ona nə qədər maddi ziyan vurulmasını göstərməli olduğu və buna uyğun olaraq dövlət rüsumu ödəməli olduğu halda göstərməmiş, iddia predmetini qiymətləndirmədən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Bundan əlavə tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlarını iş materiallarına əlavə etməmişdir. İddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdehin ona vurduğu zərərin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödəniməsinə dair qəbzdən görünür ki, iddia tələbi qiymətləndirilən iddia tələbi olmasına baxmayaraq iddianın qiyməti göstərilmədən 30 AZN dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; Qeyd olunanlara əsasən İddiaçı cavabdeh X2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı cavabdeh X2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat pul İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar