Məhkəmə qərarları › İş №2(5-115)-9/2026

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-115)-9/2026

12.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(5-115)-9/2026 12.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə görə ödənilmiş vəsaitin əvəzi qismində 4.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məmmədov X1 Əli İlham oğluna qarşı avtomobilə görə ödənilmiş vəsaitin əvəzi qismində 4.100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, Ağdam şəhərində qeydiyyatda olsa da, Qaradağ rayonu, Müşfiqadad qəsəbəsində yerləşəm 2 nömrəli evin 26 saylı mənzilində yaşayır. O, Cavabdeh əvvəllər tanmamış və sonuncu ilə onun arasında hər hansı münasibət olmamışdır. O, Cavabdeh əmisi oğlu Rövşən ilə uzun müddət dostluq münasibətində olmuş və sonuncu ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda usta kimi işləmişdir. Rövşən adlı şəxslə onun arasında hər hansı şəxsi ədavət və ya düşmənçilik olmamış, onda həmin şəxsə qarşı inam formalaşmışdır. O, 09 mart 2025-ci il tarixdə özünə avtomobil almaq üçün “Turbo.az” elan saytında yerləşdirilmiş avtomaşın elanlarına baxdığı vaxt Cavabdeh adlı şəxsin elanını görmüşdür. Həmin vaxt cavabdeh özünəməxsus “Mercedes Benz” markalı avtomobilini bazar qiymətindən ucuz qiymətə satışa çıxarmışdır. O, həmin nəqliyyat vasitəsinin fotolarını görüdükdən sonra Cavabdeh adlı elan sahibi ilə sonuncunun elanda yerləşdirilmiş mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Cavabdeh ona Biləsuvar rayonunda yaşadığını və elanda yerləşdirilmiş avtomaşının ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Biləsuvar rayonunda yaşadığını bildiyi üçün Rövşən adlı tanışı ilə əlaqə saxlayaraq, Cavabdeh adlı şəxsi tanıyıbtanımadığını soruşmuşdur. Həmin vaxt tanışı cavabdehin onun əmisioğlu olduğunu və sonuncuya güvənə biləcəyini demişdir. O, Rövşənin sözünə inanaraq, təkrarən Cavabdeh zəng edərək, avtomobili almaq istədiyini bildirmişdir. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən o, həmin avtomaşını almaq üçün Cavabdeh ona təqdim etdiyi bank kartı hesabına beh olaraq əvvəlcə 09 mart 2025-ci il tarixdə 1.600 manat göndərmişdir. Həmin şəxs isə ona 1 həftə sonra nəqliyyat vasitəsini Biləsuvar rayonundan Bakı şəhərinə gətirib ona təhvil verəcəyinə söz vermişdir. Lkain həmin vaxtdan 2 həftə keçməsinə baxmayaraq, cavabdeh onunla əlaqə saxlamamış və ona avtomaşını təqdim etməmişdir. Buna görə də o, Cavabdeh telefon vasitəsilə zəng edərək, avtomobili ona təhvil verməsini tələb etmişdir. Lakin cavabdeh nəqliyyat vasitəsinin zədələndiyini və buna görə də təmir üçün əlavə 2.000 manat lazım olduğunu ona deyərək, ondan həmin məbləğdə pul verməsini istəmişdir. O, maddi vəsaiti olmadığına görə kommersiya bankarının birindən qohumunun adına kredit götürərək, həmin şəxsə məxsus bank kartı hesabına 2.000 manat məbləğində pul göndərmişdir. O, 1 ay sonra Cavabdeh ilə əlaqə saxlayaraq, avtomobili ona təhvil vereməsini tələb etsə də, sonuncu arvadı ilə boşandığını və nikah dövründə əldə etdiyi avtomaşının üzərinə həbs qoyulduğunu, buna görə də həmin nəqliyyat vasitəsini ona təhvil verə bilməyəcəyini demişdir. O, cavabdehdən avtomaşını ona təhvil verməsini, ya da pulunu qaytarmasını tələb etmiş, əks halda isə onun barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini həmin şəxsə bildirmişdir. O, həmçinin həmin şəxsin yaşadığı evə getmiş və sonuncundan pulunu ona geri qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh ona həmin vəsaiti şəxsi ehtiyacları üçün xərclədiyini və hazırda pulu qaytara bilməyəcəyini demişdir. Həmin vaxt cavabdehin əmisi oğlu Rövşən də onunla əlaqəni kəsmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona pulunu geri qaytarmamış və o, həmin şəxsin atasına da zəng edərək, pulunu geri qaytarmasını sonuncudan tələb etmişdir. Cavabdeh atası telefon danışığı zamanı maddi vəziyyətlərinin aşağı olduğunu ona deyərək, fevral ayınadək bankdan kredit götürdükdən sonra oğlunun borcunu ödəyəcəyinə ona söz vermişdir. O, Cavabdeh ona qarşı dələduzluq etməsi barədə Bakı şəhəri Nərimanov rayon polis idarəsinə şikayət ünvanlasa da, aparılmış araşdırmanın sonunda – 12 iyul 2025-ci il tarixdə onun şikayəti barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, həmin vaxtdan sonra bir neçə vəkil kimi fəaliyyət göstərən şəxslərlə əlaqə saxlayaraq, hüquqi məsləhətlər almış və sonuncular ona bir il ərzində məhkəmədə cavabdehə qarşı iddia qaldıra biləcəyini ona izah etmişlər. O, Cavabdeh ona olan borcunu qaytaracağını fikirləşsə də, sonuncu onun tələblərinə əhəmiyyət verməmiş və buna görə də o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. O, hazırda cavabdehə beh qismində göndərdiyi ümumilikdə 3.600 manat məbləğində pul vəsaitindən əlavə bankdan kredit götürdüyünə görə həmin müəssisəyə ödədiyi 500 manat məbləğində faiz borcunu da tələb edir. Bundan başqa, hazırki müki işin məhkəmədə baxılmağa hazırlıq iclasında cavabdehin qardaşı növbəti məhkəmə iclasına qədər pulunu ona qaytaracağına söz versə də, Cavabdeh və ya sonuncunun qohumları hal-hazıradək onun pulunu geri qaytarmamışlar. Sonda, İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş 09 mart 2025-ci il tarixli, 26199 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 09 mart 2025-ci il tarixdə, saat 16:28-də Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, Yeni massiv, “Tura market” adlı yerdə quraşdırılmış “Mpay” qapalı səhmdar cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə X*****Ə*****İ***** oğluna məxsus 416973******2549 nömrəli bank kartı hesabına 1.600 manat məbləğində pul göndərmişdir. Mülki işdə olan İddiaçı tərəfindən təqdim edilmiş 02 aprel 2025-ci il tarixli, 26199 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 02 aprel 2025-ci il tarixdə, saat 15:13-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində quraşdırılmış “Mpay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə X*****Ə*****İ***** oğluna məxsus 416973******2549 nömrəli bank kartı hesabına 2.000 manat məbləğində pul göndərmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X2 12 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh ona qarşı dələduzluq etməsi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə görə əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh sonuncuya məxsus avtomobili almaq üçün cavabdehə məxus bank kartı hesabına 09 mart 2025-ci il tarixdə 1.600 manat, 2025-ci ilin aprel ayının əvvəllərində isə 2.000 manat, ümumilikdə 3.600 manat məbləğində pul vəsaiti göndərmişdir. Bundan başqa, iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində və məhkəmə iclasında göstərmişdir ki, o, cavabdehdən sonuncuya məxsus bank kartı hesabına göndərdiyi 3.600 manat məbləğində pul vəsaitindən başqa Cavabdeh pul vermək üçün bankdan götürdüyü kredit borcununa hesablanmış və onun tərəfindən ödənilmiş faiz borcu qismində 500 manat da tələb edir. Lakin İddiaçı bankdan götürdüyü 4.100 manat məbləğində kredit vəsaitinin 2.000 manat məbləğində hissəsini cavabdehə borc verdiyini və banka olan kredit vəsaitindən əlavə faiz borcu qimsində 500 manat məbləğində pul ödədiyini iddia etsə də, bu xüsusatı, o cümlədən Cavabdeh iddiaçının hər hansı bankla bağladığı kredit verilməsinə dair razılaşma və ya müqavilə üzrə faiz borcunun hər hansı hissəsini ödəməyi öhdəsinə götürməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası Cavabdeh iddiaçının xeyrinə hesablanmış və ödənilməmiş faiz borcu qismində 500 manat tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 2025-ci ilin mart və aprel aylarında iddiaçıdan, hər hansı müqavilə bağlamadan, avtomobili satmağı vəd etməklə, iddiaçıdan aldığı 1.600 manat və 2.000 manat, ümumilikdə 3.600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin 7 manat məbləğində hisssi iddiaçıya aid edilməli, qalan hissənin əvəzi qismində 54 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh avtomobilə görə ödənilmiş vəsaitin əvəzi qismində 3.600 (üç min altı yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 54 (əlli dörd) manat, cəmi 3.654 (üç min altı yüz əlli dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar