Məhkəmə qərarları › İş №2(5-119)-505/2026

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(5-119)-505/2026

27.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(5-119)-505/2026 27.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 Camaləddin oğlunun və İddiaçı4 cavabdehlər Cavabdeh və maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 Camaləddin oğlunun və İddiaçı4 cavabdehlər Cavabdeh və maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfin dən verilmiş 21.102025-ci il tarixli daşınmaz əmlakın təsvirinə, bu əmlaka üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışdan görünür ki, qeyd edilən torpaq sahəsi iddiaçıların adına qeydə alınsa da iddia tələbində cavabdeh qismində göstərilmiş şəxsin adı mülkiyyətçilər siyahısında yoxdur. Eyni zamanda o da qeyd edilməlidir ki, əmlakdan payın naturada ayrılması yalnız paylı mülkiyyətçilərin hüququ olsa da, hazırki iddiaçılar paylı mülkiyyətçilər deyil. İddia ərizəsindən də göründüyü kimi onlar indi paylı mülkiyyət hüquqlarının tanınmalarını tələb edirlər. Belə olan halda onların məhkəmə qətnaməsi ilə paylarının müəyyən edilməsindən sonra həmin hüquqlar qeydə alınmalı və paylı mülkiyyətçilər arasında torpaqdan paylarının ayrılması ilə bağlı mübahisə yarandığı halda onlar məhkəməyə müraciət etməli olsalar da, iddiaçılar payın müəyyən edilməsi ilə naturada ayrılması məsələsi olaraq birbiri ilə əlaqədar olmayan tələbi bir icraatda birləşdirməklə məhkəməyə müraciət etmişlər. Hazırki iddia ərizəsinin geri qaytarılması tərəflərin yalnız dövlət aktında qeydedilmiş şəxslər arasında payların müəyyən edilməsinə və həmin payları onların adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alındıqdan sonra paylarının naturada ayrılması ilə əlaqədar aralarında narazılıq yaranması halında onların məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir. İddiaçıların nəzərinə çatdırılır ki, eyni tələblə eyni cavabdehə qarşı daha əvvəl də Füzuli Rayon Məhkəməsinə müraciət olunmuş və hazırki əsaslarla onun iddiası 2(5-119)- 276/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadla geri qaytarılmışdır. Lakin iddiaçılar həmin qərardadda qeyd edilən nöqsanları aradan qalırmadan təkrarən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 120-ci maddəsinə əsasən Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarıxli Qərarında deyilir: “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 Camaləddin oğlunun və İddiaçı4 cavabdehlər Cavabdeh və maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar