Məhkəmə qərarları › İş №2(5-134)-108/2026

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(5-134)-108/2026

16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Kürdəmir rayon İş № 2(5-134)-108/2026 16.03.2026 KÜRDƏMIR RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış 3110.40 manat borc məbləğinin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Şahsevən kəndində yaşayır. Evin qaz abunə kodu onun adınadır. Təxminən 2025-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, 3110.40 manat ona borc hesablanmışdır. Buna görə qaz idarəsində olmuşdur. Ona ## #### 2023-cü il tarixli ******* nömrəli aktla 3110.40 manat məbləğində borc yazılmışdır. Əgər belə bir akt varsa tamamilə qanunsuz və əsassızdır. Sayğac açılanda heç bir müdaxiləsi olmamışdır. Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur. Ümumiyyətlə olmayıb. Qaz sayğacı küçədə vətəndaşların gedib-gəldiyi yerdədir. Həmçinin qaz sayğacı hal şahidlərinin iştirakı ilə yox, ancaq cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə çıxarılmışdır. Sayğac çıxarılandan sonra aktda guya müdaxilə edilməsi yazılmışdır. Sonradan cavabdehin işçisi aktı ona verəndə əlavələr yazmasını görmüşdür. Çox get-gəldən sonra cərimə sənədlərini əldə etmişdir. Məhkəmə iclasına iddiaçı ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, istehlakçı İddiaçı yaşadığı Kürdəmir rayonu Şahsevən kəndində yerləşən evinin qaz sayğacına baxış keçirilmiş və bunun əsasında ona borc hesablanmışdır. Akt tamamilə əsaslı yazılmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli ******* nömrəli aktda görünür ki, Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri X.Babaşov, R.Mahmudov və Z.Zülfüqarov tərəfindən istehlakçı İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış Zenner G-4 markalı ************* nömrəli qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. İstehlakçı İddiaçı bu barədə tərtib edilmiş aktı imzalamamışdır. - ##.##.2023-cü il tarixli tələbnamədə dəymiş ziyan 1440 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, ##.##.2023-cü il tarixli ******* nömrəli akta əsasən 3110.40 manat borc istehlakçıya (abonent kodu 243308600001760) hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cü bəndinə əsasən, bu Qaydaların 2.11-1ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, ##.##.2023-cü il tarixli ******* nömrəli aktla istehlakçı İddiaçı istifadəsində olan, Kürdəmir rayonu Şahsevən kəndində yerləşən yaşayış evində quraşdırılmış Zenner G-4 markalı, ************* nömrəli qaz sayğacının hesablama mexanizminin işləmədiyi və istismara yararsız olduğu qeyd edilmişdir. Lakin həmin akt istehlakçı tərəfindən imzalanmamış, onun aktla tanış olub-olmaması və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələbinə əsasən, sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə tərtib olunmuş aktın bir nüsxəsi mütləq qaydada istehlakçıya təqdim edilməlidir. Bu prosedur pozulduğundan, aktın hüquqi qüvvəsi şübhə altına düşür. Aradan qaldırılmayan şübhələr istehlakçının ziyanına şərh edilə bilməz. Bundan əlavə, sayğacın ümumi istifadədə olan ərazidə – küçədə yerləşdirilməsi və qoruyucu qutunun olmaması şəraitində sayğaca kənar şəxslərin müdaxilə etməsi istisna edilmir. Bu halda sayğacın nasaz vəziyyətə düşməsinə görə məsuliyyətin birbaşa istehlakçının üzərinə qoyulması hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Yəni, sayğacın texniki nasaz vəziyyətdə olması özüözlüyündə istehlakçı tərəfindən sayğaca müdaxilə edilməsi və ya qazdan qanunsuz istifadə olunması faktını təsdiq etmir. Eyni zamanda, istehlakçıya hesablanmış 1440 m³ qaz sərfinin- cavabdeh tərəfindən aparılmış hesablamanın “Qazdan istifadə Qaydaları”nın 6.5-1-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun həyata keçirildiyi, o cümlədən hesablamanın hansı müddəti əhatə etdiyi, əvvəlki baxış tarixinin nə olduğu və orta sərf göstəricilərinin necə müəyyən edildiyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən istehlakçının təqsirini təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Həmçinin, mülki hüquq münasibətlərində zərərin ödənilməsi üçün zərərin mövcudluğu, hüquqazidd hərəkət, səbəbli əlaqə və təqsir kimi bütün hüquqi elementlər sübuta yetirilməlidir. Hazırkı iş üzrə bu elementlər, xüsusilə istehlakçının təqsiri sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş akt yalnız texniki nasazlığı təsdiq edən sənəd kimi qiymətləndirilə bilər, lakin istehlakçının təbii qazdan qanunsuz istifadə etməsini və ya qazın talanmasına yol verməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də həmin akt əsasında hesablanmış borcun istehlakçıdan tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iddia təmin edilməli, Cavabdeh X1 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 3110,40 manat borc məbləğinin silinməsi vəzifəsi cavabdeh Cavabdehnin üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi olaraq 51.10 (əlli bir manat on qəpik) manat məbləğində pul tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat iddiaçı İddiaçı hesabından (abonent kodu: 243308600001760) silinsin. Cavabdeh Cavabdehndən 51.10 (əlli bir manat on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar