Məhkəmə qərarları › İş №2(5-134)-25/2026

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(5-134)-25/2026

04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(5-134)-25/2026 04.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında sayğaca müdaxilə edildiyi üçün iddiaçının hesabına dəymiş ziyanın bərpası olaraq 216 manat əlavə borc hesablanmışdır.Həmin akt qanunsuz və əsassızdır. Sayğaç açılanda ona heç bir müdaxilə olmamışdır.Qaz sayğacının heç bir qoruyucu qutusu olmamışdır. Qaz sayğacı küçədə vətəndaşların gedib-gəldiyi yerdə yerləşir. Həmçinin qaz sayağıcı hal şahidlərinin iştirakı ilə yox ancaq cavabdehin nümayəndəsinin iştirakı ilə çıxarılmışdır. Sayğac çıxarılandan sonra aktda guya sayğaca müdaxilə edilməsi yazılmışdır. Sayğac çıxarılan zaman akt tərtib edilmiş və aktı imzalamışdır. Sonra akt ona verilən zaman akta əlavələr edildiyi müəyən edilmişdir. Qaz idarəsindən ona bildirmişlər ki, aktı imzalamaqdan imtina etmişdir, çox get gəldikdən sonra cərimə sənədlərini ona vermişlər. Ona məlum olmuşdur ki, akt tərtib olunanda guya o, aktı tərib olunandan imza etməkdən imtina emiş, halbuki onun evinə heç kim olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarında qeyd edilmidir ki, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı sayğaca müdaxilə etmədiyini bildirərək, əlavə olaraq hesablanmış borcun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, istifadə etdiyi təbii qaza görə ona bildiriş təqdim olunarkən məlum olub ki, onun hesabına artıq pul yazılmışdır. Halbuki, onun barəsində akt tərtib edilməsindən xəbəri olmamış, sayğaca müdaxilə etməmiş, qaz sayğacının küçədə qoruyucu qutuya qoyulmadan quraşdırıldığı üçün qaz sayğacında yaranan problemə görə o, heç bir məsuliyyət daşımır. O aktla razı deyil, həmin akt qanunsuz tərtib edilib. Ona əsassız olaraq 216 manat borc yazmışlar həmin borcu 2021-ci ildə ödəmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi R.Ş.Ömərov elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsinin xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; - Cavabdeh İB-nin Ağsu Regional qaz istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixdə 7902 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri R.Mahmudov, X.Babaşov, Ə.Qənbərov tərəfindən istehlakçı İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı 10038676 nömrəli qaz sayğacına baxış zamanı sayğacın çıxış plastmas borusu deşilib və təbii qaz itkisinin yaranması müəyyən edilmiş və ev sahibi İddiaçı bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etdiyi göstərilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış Smart tipli G-4 markalı 10038676 nömrəli qaz sayğacına baxış zamanı sayğacın çıxış plastmas borusu deşilib və təbii qaz itkisinin yaranması müəyyən edilmiş, bununla bağlı akt tərtib edilmiş və həmin akt iddiaçının nümayəndəsi tərəfindən imzalanmamışdır. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 4.9-cu bəndinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə uyğun olaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı hesabından silinməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar