Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(5-151)-118/2026 15.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1nə və ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC – cavabdehlər Cavabdeh1nə və ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tarafindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli. QXM/İ-3801 nömrəli qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və təkrar qiymətləndirmənin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla qorunan hüquqi mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasını ehtiva edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi xx.xx.2026-cı il tarixli. QXM/İ-3801 nömrəli qiymətləndirmə hesabatı Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-707/2025-018 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 xx.xx.2025-ci il tarixli qərarı əsasında ekspert Aygün Aslanova tərəfindən tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, eksperti rəyi MPM-nin 76.2-ci maddəsində əsasən ayrıca sübut növü kimi müəyyən edilmiş, həmin Məcəllənin 101.7-ci maddəsində isə ekspertin rəyinin məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndirilməsi qaydası əks olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi baxılan iş üzrə mübahisə və araşdırma predmeti ola bilər. Belə ki, tərəf bir sübut növü kimi rəylə razılaşmadıqda əlavə və ya təkrar ekspertiza təyin olunmasını, yaxud rəyin sübutlar siyahısından çıxarılmasını tələb etməklə onu mübahisələndirmək hüququna malikdir. Eyni zamanda məhkəmə, zəruri olduqda öz təşəbbüsü ilə, yaxud tərəfin müraciəti əsasında sübut növü kimi ekspertiza rəyinə sübutların qiymətləndirilməsi çərçivəsində hüquqi qiymət verir. Bu qayda Mülki Prosessual Məcəllənin tələblərindən və qanunvericiliyin ümumi sistematikasından irəli gəlir. Məhkəmə xüsusilə vurğulayır ki, ekspert rəyi məhz Şirvan Kommersiya Məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılmış olan iş üzrə mübahisələndirilməli olduğundan, ayrıca məhkəmə icraatının predmeti ola bilməz. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də iddia ərizəsinin qəbul edilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Bu məhdudiyyətlər qanunda nəzərdə tutulduğu, eləcə də legitim məqsəd daşıdığı (məhkəmənin təyinatından artıq işlərlə yüklənməsinin qarşısının alınması) üçün məhkəməyə müraciət hüququnun pozulması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC – cavabdehlər Cavabdeh1nə və ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-151)-118/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-151)-118/2026
15.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver