Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-1053/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlu İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 11 saylı ev, 44 saylı mənzilə dair xx.xx.1974-cü il tarixli, 1791 saylı orderin etibarsız hesab edilməsi və xx.xx.1963-cü il tarixli, 03/2022 saylı orderin hüquqi qüvvəsinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilin yaşayış sahəsi kimi mərhum X1 ayrılması və xx.xx.1963-cü il tarixli, 03/2022 saylı orderin verilməsinə əsas təşkil etmiş sənəd inzibati akt olan Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli, 10 saylı qərarıdır. İddiaçının iddia ərizəsinə görə həmin mənzillə bağlı yuxarıda qeyd edilən order qüvvədə olduğu halda Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi xx.xx.1974-cü il tarixdə başqa şəxsin adına (X2) adına 1791 saylı order də vermişdir. Qüvvədən düşmüş 8 iyul 1982-ci il tarixdə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 №-li qərarına əsasən iddianın faktiki əsasını inzibati aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Həmin qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixli, qeydiyyat nömrəsi ********** olan qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, qeydiyyat nömrəsi ********** qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı geri qaytarılsın. İddiaçı müvafiq tələblə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Vüsal Məhərrəmov
Məhkəmə qərarları › İş №2(5-155)-1053/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-1053/2026
27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver