Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-1062/2026 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı ““hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətini müəyyən edən norması olaraq 35-ci maddəsi təsbit edir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı iddia ərizəsində cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3, cavabdehlərin qeydiyyat ünvanı kimi isə müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 65 və ünvan 2 ünvanını göstərmiş, mülki prosessual qanunvericiliyin 36.2-ci maddəsinə istinad etməklə cavabdehlərdən Cavabdeh1 ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 olmasına əsaslanaraq, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəaları tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb ifadə edilməli, iddiaçının öz tələblərini əsaslandırdığı hallar ərizədə dəqiq göstərilməli, başqa sözlə verilmiş tələb əsasında məhkəmə icraatının başlanması və tələb üzrə çıxarılacaq qərarın cavabdeh tərəfindən icrası mümkün olmalıdır. Sadalanan tələblərə cavab verməyən iddia ərizəsi üzrə icraat qeyri-mümkün hesab edilməli və hakim tərəfindən geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında yaranmış mübahisənin predmetini hərrac təşkilatçısı olan Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi təşkil edir. Hazırkı iş üzrə isə iddiaçı iş üzrə Cavabdeh1 cavabdeh qismində cəlb edərək, ona qarşı tələb irəli sürməmiş, qanunvericiliyinin tələblərinin icra şöbəsi tərəfindən pozulmasını ərizədə əsaslandırmamış, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehə, yəni hərrac təşkilatçısı olan Cavabdeh2 MMC-yə qarşı yönəlmişdir. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, iddiaçı iddia ərizəsini mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, Cavabdeh1nə qarşı tələb irəli sürülməmiş, məhz həmin cavabdehin ünvanına əsaslanmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, bununla da prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, ərizəçi eyni məzmunlu ərizə ilə xx.xx.2026-cı tarixdə məhkəməyə müraciət etmiş, ərizə mülki prosesual qanunvericilikdə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(5-93)-793/2026 saylı 18 fevral 2026-cı il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsa da, iddiaçı tərəfindən qərardadda göstərilən nöqsanlar aradan qaldırılmadan təkrarən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin həmin qərardadla iddiaçı tərəfindən X1 vasitəsilə 142213 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2026-cı il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması da qərara alınmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(5-93)-1062/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-1062/2026
02.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver