Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-183/2026 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sənədə düzəlişlərin edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sənədə düzəlişlərin edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmişdir.
2. İddiaçı qarajın mülkiyyət sənədlərində səhv yazılmış “X2” qeydinin düzgün şəkildə “İddiaçı” olaraq dəyişdirilməsi, qarajın həqiqi sahibi kimi iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
4. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (AR İPM): - Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - Maddə 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia).
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. - Maddə 114.2. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
7. Məhkəmə qeyd edir ki, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunverciliklə müəyyən edilmiş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. Azərbaycan Respublikası MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır.
8. İddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsi isə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mülkiyyət hüququna dair sənədlərdə düzəlişin edilməsi, eləcə də mülkiyyət hüququnun tanınması ilə bağlıdır və bu xarakterli işlərə baxılması qaydası və əsasları isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.
9. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati işlərə baxmağa səlahiyyəti olan İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır.
10. Belə ki, yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil.
11. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada baxılmalı olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır.
12. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin bu qərardadın 6-cı bəndində istinad edilmiş normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edildiyindən iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu da dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sənədə düzəlişlərin edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.
2. İddiaçıya müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 101 manat məbləğində pul vəsaiti büdcədən İddiaçı qaytarılsın.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev