Məhkəmə qərarları › İş №2(5-93)-233/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-233/2026

23.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-233/2026 23.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair idda ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3500 manat pul vəsaiti və 55 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzlidir; 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir.

5. İddia ərizəsindən və ona əlavə edilmiş materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehdən müəyyən məbləğdə pul vəsaitinin borc tələbi üzrə tutulması xahiş olunur.

6. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması yalnız o halda mümkündür ki, iddia tələbi konkret, müəyyən və mübahisəsiz xarakter daşısın, habelə tələbi təsdiq edən bütün sənədlər iddia ərizəsinə əlavə edilmiş olsun. Sadələşdirilmiş icraatın məqsədi sübut araşdırılması tələb etməyən, hüquqi və faktiki hallar baxımından aydın olan işlərə daha qısa müddətdə baxılmasını təmin etməkdir. Bu icraat növü tərəflər arasında faktiki münasibətlərin geniş şəkildə araşdırılmasını, şahid ifadələrinin, ekspertiza rəyinin və digər əlavə sübutların toplanmasını nəzərdə tutmur.

7. Hazırkı halda iddia ərizəsinə borcun verilməsini və qaytarılmalı olduğunu təsdiq edən yazılı borc müqaviləsi və ya digər sənədlər təqdim edilməmişdir. Bu isə borc münasibətlərinin mövcudluğunun ilkin baxışdan belə müəyyən edilməsini mümkünsüz edir və iş üzrə faktiki halların araşdırılmasını zəruri edir. Borcun mövcudluğu ilə bağlı cavabdeh tərəfindən yazılmış yazılı izahat təqdim edilsə belə bu, iş üzrə bütün faktiki halların araşdırılmasını tələb etdiyindən işin mahiyyəti üzrə mübahisənin sadələşdirilmiş icraat çərçivəsində həllinə imkan vermir.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, borc müqaviləsinin predmeti 3000 (üç min) manatdan artıq olduqda, belə müqavilə yazılı formada bağlanılmalıdır. Yazılı forma tələbinə əməl olunmaması tərəflərin borc münasibətlərini məhkəmədə sübut etməsini çətinləşdirir və bu cür mübahisələrin sadələşdirilmiş icraat qaydasında baxılmasını istisna edir.

9. Odur ki, iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün müəyyən edilmiş prosessual şərtlərə cavab vermir və bu səbəbdən iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmamalıdır.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işlər sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar