Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-362/2026 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı1 və digərlərinin Cavabdeh qarşı fərdi həyət evinin rəsmi ünvanının müəyyən edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı6 Cavabdeh qarşı ünvan 1 ünvanının mövcud olmaması, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, İstiqlal küçəsi ev 1 rəsmi ünvanının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
3. “ İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
4. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (xx.xx.2008) Maddə 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir.
5. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ( xx.xx.2007) Maddə 31. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;
Məhkəmənin mövqeyi
7. Məhkəmə idda ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır.
8. Belə ki iddiaçının tələbi fərdi yaşayış evinin rəsmi ünvanının müəyyən edilməsi ilə bağlıdır. Mübahisə predmeti mülki hüquq münasibətlərindən irəli gəlmir, inzibati orqanın səlahiyyət dairəsinə aid olan məsələdir. Belə ki, daşınmaz əmlakın rəsmi ünvanının müəyyən edilməsi, onun dövlət reyestrində qeydiyyata alınması və dövlət informasiya resurslarında əks olunması funksiyası inzibati səlahiyyət hesab olunur və bu səlahiyyət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və onun struktur bölmələri tərəfindən həyata keçirilir.
9. Ümumi məhkəmələr mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrə baxırlar. Əks halda prosessual qanunvericiliyin yurisdiksiya qaydaları pozulmuş olar. Ərizəçinin tələbi isə inzibati hüquq münasibətlərindən irəli gəlir, buna görə də müvafiq inzibati orqana müraciət etməli, narazı olduğu təqdirdə inzibati orqanın inzibati aktlarından və ya faktiki xarakterli hərəkətlərindən aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır.
10. Odur ki məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb predmeti məhkəmə qaydasında və ya mülki mühakimə icraatı qaydasında baxılmalı tələb olmadığından iddia ərizəsinin qəbul edilməsi üçün prosessual əsaslar mövcud deyildir və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı2 və İddiaçı6 tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanının mövcud olmaması, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, İstiqlal küçəsi ev 1 rəsmi ünvanının müəyyən olunması barədə verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. ********** nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı1 qaytarılsın. İddiaçı1 və digərlərinə aidiyyəti inzibati orqana müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova