Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-406/2026 30.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimli Toğrul Salman oğlu, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş X3 qızı X6 üzərində himayəçi təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli 112 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, onunla X7 arasında 05 iyun 2005-ci il tarixdə nikah bağlanmış, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010cu il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmış, onunla X7 arasında bağlanmış nikah Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5125/2021 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə birgə nikahlarından olan övladları-xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X6 X1 himayəsində saxlanılması qət edilmişdir. X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Tərlan Həsənova vəfat etdikdən sonra o övladları Nihad Quliyev və Röya Quliyevanın keçmiş qaynanası X2 onun himayəsinə verilməsini tələb etsə də qaynanası və onun yaxınları buna mane olmuş, oğlu Nihad Quliyev onların təzyiqlərinə baxmayaraq onun yanına gəlmiş, qızı Röya Quliyevanın isə onun himayəsində yaşamasına uşağın nənəsi X8 və dayısı X9 imkan verməmişlər. O, həmişə övladlarının təhsili, təlim-tərbiyəsi və gündəlik qayğıları ilə məşgul olmuş, lakin Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 112 saylı sərəncamı ilə X9 qızı X6 üzərində himayəçi təyin edilmişdir. X9 və X8 bu sərəncamı əsas gətirərək qızı Röya Quliyeva ilə ünsiyyətdə olmaq, onun tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etməyinə imkan verməmiş, X3 qızı Röya Quliyevanın üzərində himayəçi təyin edilməsi haqqında Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi ilə bağlı tərəfindən Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli, 5-10/2-Q-155-099/2025 saylı imtina məktubunda göstərilmişdir ki, "Övladınız dayısı və ana nənəsinin himayəsində yaşayır, uşağın təhsili, təlim-tərbiyəsi,gündəlik qayğıları ilə onlar məşğul olurlar. Övladınızın anası X7 ilə ailə münasibətlərinizin pozulması və iş yerinizin Bakı şəhərindən kənarda olması səbəbindən övladınızla maraqlana və onunla ünsiyyətdə ola bilməmisiniz, buna müvafiq şərait də yaradılmamışdır. Buna baxmayaraq, uşağın himayənizə verilməsi və yaxud övladınızla ünsiyyət hüquqlarının həyata keçirilməsi barədə məhkəməyə də müraciət etməmisiniz. Bununla yanaşı müəyyən edilmişdir ki, övladınız Röya Quliyevanın anası X7 xx.xx.2024- cü il tarixdə vəfat etdiyindən, övladınız məhkəmə qərarı ilə onun saxlanması üçün hər ay Sizin tərəfinizdən ödənilən aliment məbləğindən və ailə başçısını itirdiyinə görə müavinət almaq hüququndan məhrum edilmişdir. Beləliklə də, məişət zəminində iqtisadi zorakılığa məruz qalmışdır." İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o xx.xx.2023-cü ildən təqaüdə çıxaraq ünvan 1 ünvanında yaşamış, birgə nikah dövründə və nikahları pozulduqdan sonra da qızı Röya Quliyevanın təhsili, təlim-tərbiyəsi, gündəlik qayğıları ilə həmişə məşğul olmuş, heç bir vaxt qızı Röya Quliyevanın tərbiyəsindən və onun hüquq və mənafelərinin müdafiəsindən yayınmamışdır. X9 və keçmiş qaynanası X4 məqsədləri qızı Röyanı öz himayələrində saxlamaqla, məhkəmə qərarı ilə onun saxlanması üçün hər ay təyin edilmiş aliment və ailə başçısını itirdiyinə görə təyin ediləcək müavinəti alıb öz şəxsi təlabatlarına istifadə etmək olmuşdur. Onların qızı Röya Quliyevanın təhsili, təlim-tərbiyəsi və gündəlik qayğıları ilə məşğul olmamış, belə niyyətləri də olmamışdır. O, valideynlik hüququndan məhrum olunmamış, valideynlik hüquqlarından məhdudlaşdırılmamışdır. İddia ərizəsinə əlavə edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(001)-5530/2022 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı X1 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı cavabdehin qazancından tutulacaq alimentin 50% hissəsinin uşaqların adına açılan bank hesabına köçürülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə ilk iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Belə ki, İddiaçı ilə X7 arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında akt qeydləri kitabında 1175 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 anaları X1 yanında saxlanılmış, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlu X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı tutularaq X5 ödənilməsi qət edilmiş və ilk iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Ərizəni nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mübahisələrin məhkəməyə aidiyyətini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Müraciətin məzmunundan görünür ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının X3 qızı X6 üzərində himayəçi təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli 112 saylı sərəncamını mübahisələndirir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li Qərarının 3-cü hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar kimi təsnif edilmişdir. İstinad edilən qanunvericilik normalarına əsasən iddiaçının mübahisələndirərək ləğv edilməsini xahiş etdiyi akt Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilməklə, ümumi hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə qəbul edilən və hüquqi nəticələr yaradan sərəncamdır. Həmin sərəncamla iddiaçının yetkinlik yaşına çatmayan övladı dayısı X3 himayəsinə verilmişdir. İddiaçı qeyd olunan sərəncamı hüquq və qanuni mənafelərinə maneə hesab edərək ləğv olunması barədə iddia qaldırmışdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, hazırkı iş üzrə İddiaçı ilə onun cavabdeh qismində göstərdiyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti arasındakı münasibətlər xüsusi hüquq sahəsinə deyil, publik hüquq sahəsinə aid olması müəyyən edilir. Belə ki, İddiaçı qeyd olunan inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz hesab etdiyi inzibati aktın ləğv edilməsini tələb edir. Bu da mahiyyəti üzrə inzibati hüquq sahəsinə daxil olan münasibətlər olduğundan həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Şərh olunanlara əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. -153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. -153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. -153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 157, 159, 163, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı tərəfindən verilmiş iddia ərizənin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamının ləğv edilməsi barədə tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul İbrahimli
Məhkəmə qərarları › İş №2(5-93)-406/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-406/2026
30.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver