Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-775/2026 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli Toğrul Salman oğlu, İddiaçı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, ev 47 ünvanda 30 ildən cox daimi yaşamağını və faktiki mülkiyyətçi olduğunu nəzərə alaraq mülkiyyət hüququnun tanınması, onun və ailə üzvülərinin həmin mənzildə hüququnun yaşayış hüququnun tanınması və o cümlədən qeydiyyata alınmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Belə ki, iddia ərizəsində cavabdeh göstərilməmiş və məlumatları qeyd olunmamışdır. Halbuki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin və işdə iştirak edən digər şəxslərin məlumatları iddia iddia ərizəsində mütləq qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatında cavabdehin şəxsiyyəti ilə bağlı bütün məlumatları təqdim etmək iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində göstərilməli olması barədə tələbi həm də onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən, iddia ərizəsinin forma və məzmun tələblərinə uyğun olmayaraq verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, 12792 nömrəli qəbz) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul İbrahimli
Məhkəmə qərarları › İş №2(5-93)-775/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-775/2026
18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver