Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-93)-87/2026 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi Hacıyeva Nigar Zahid qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları
1. İş materiallarına əlavə edilmiş qəbzlərin sürətindən görünür ki, İddiaçı müəyyən vaxtlarda Cavabdeh kart hesabına pul köçürmələri həyata keçirmişdir.
2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evini ona satacağı vədi ilə beh qismində 700 manat pulunu alaraq ələ keçirilməsi barədə şikayəti əsasında İmişli rayon X1 bölməsində araşdırılma aparılmaqla 17 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CMP 39.1.2-ci (əməlində cinayət tərkibi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
3. İş materiallarına əlavə edilmiş CD-video və fotoşəkillərdən görünür ki, tərəflər arasında Abşeron rayonu ərazisində yaşayış yerinin alqı-satqısı və bunun müqabilində beh kimi pulun göndərilməsi faktları mövcuddur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 manat pulun və ödənilən 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə 2025-ci ilin iyul ayında iddiaçı Bakı şəhərində ev almaq istəmiş və bu məqsədlə Bakı şəhərinə getmişdir. Həmin vaxtı o, Cavabdeh ilə rastlaşmış, sonuncu ona İmişlidən olduğunu və öz evini satdığını bildirmişdir. İdiaçıda inam yarandığından, evi almaq üçün 280 manat beh vermişdir. Razılaşmalarına əsasən o, yaxın günlərdə evin sənədlərini düzəldib iddiaçıya xəbər edəcəkdi. Bir neçə gün sonra cavabdeh ona zəng edib ki, sənədləri düzəltmək üçün əlavə pul lazımdır və cavabdehin kartına ümumilikdə 420 manat pul göndərilib. Bundan bir müddət sonra o cavabdehlə əlaqə saxlayaraq nə vaxt qalan pulu ödəməklə evi almaq istədiyini bildirmişdir. Həmin vaxt cavabdeh ona evi satmadığını bildirmişdir. Belə olan halda o, cavabdehdən xahiş etmişdir ki, ona ödədiyi 700 manat pulu geri qaytarsın. Cavabdeh pulunu qaytaracağını desə də har dəfə bir bəhanə gətirərək onun pulunu ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya 700 manat borcu vardır. b) iddiaya qarşı etiraz
6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, pulun bir qismini nağd qaydada vermişdir, bir qismini isə cavabdehin kartına göndərmişdir. Bu məsələyə görə artıq ziyana düşməsinə baxmayaraq yalnız verdiyi pulu tələb edir.
8. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid qismində iştirak edən edən Şahid ifadə verərək bildirmişdir ki, iddiaçı onun dayısıdır və iş materiallarına əlavə olunmuş diskdə olan videoları çəkən o olmuşdur, Ramizlə pul söhbətlərini o, danışmışdır. Cavabdeh evin onun olduğunu və 21 gün sonra tam pulu gətirməsini demişdir. Ona xx.xx.2025-ci il tarixdə 280 manat beh verilmişdir. Çünki cavabdeh ona çıxarış almaq üçün pul lazım olduğunu demişdir. Məbləğ olaraq 36500 manata razılaşmışlar. Yazışmalar onunla cavabdeh arasında olmuşdur. Yazışmalarda olan bank kartı isə onun yoldaşınındır, ödənilən pulları o karta göndərməsini demişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
14. Belə ki iddiaçının cavabdehə yönəlmiş tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
15. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırkı tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Tələbin qanuni əsasının tapılması məhkəmənin xidməti vəzifəsidir.
16. Mübahisəyə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin olubolmaması, müqavilə bağlanmışdırsa, etibarlı müqavilə olub-olmaması aydınlaşdırılmalı, bundan sonra tələbin qanuni əsası tapılmalı və ona uyğun olaraq mübahisəyə hüquqi qiymət verilməlidir.
17. Tərəflər arasında mübahisə gələcəkdə daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin bağlanması ilə bağlı 700 manat pulun beh verilməsi və bu müqavilə baş tutmadığından həmin pul vəsaitinin geri qaytarılması ilə bağlıdır.
18. Tərəflər arasında razılaşma şifahi formada olmuş, bu iddiaçının izahatı, şahidin ifadəsi və digər sübutlarla təsdiqlənir. Lakin Mülki Məcəllənin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Həmçinin Mülki Məcəllənin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə bağlanmamışdır. Mülki qanunvericiliyin imperativ normaları pozulmaqla bağlanmış müqavilə isə əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
21. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında özünə məxsus yaşayış sahəsini satmaqla bağlı pul münasibətləri olmuş, iddiaçının hesabına əsassız olaraq 700 manat varlanmışdır.
22. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddianın hüquqi əsası kimi 700 manatın əldə edilməsi ilə əlaqədar varlanmanın həyata keçirilməmiş əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri rəhbər tutulmalıdır.
23. Belə ki tərəflər arasında daşınmaz əmlaka dair beh verilməsi istər beh müqaviləsi, istərsə də ilkin müqavilə olaraq bağlanılsa, yazılı formada bağlanılmalı idi. Buna görə də əsassız varlanma olaraq həyata keçirilməmiş əsasa söykənir.
24. 700 manat pul vəsaiti iş üzrə icraatdakı qəbzlər, iddiaçının izahatı və şahidin ifadəsi ilə sübut olunur.
25. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tam təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 700 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
28. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin MPMnin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 700 (yetmiş iki min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla cəmi 730 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova