Məhkəmə qərarları › İş №2(5-94)-479/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(5-94)-479/2026

19.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-94)-479/2026 19.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə İddiaçı, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh hazırda sözügedən mənzildə yaşamır. Oğlu anadan olduqdan sonra həmin mənzildə yaşamış, sonra köçüb getmişdir, lakin qeydiyyatdan çıxmamışdır. Bu da onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişlər ki, cavabdeh 2003-cü ildə mənzildən çıxmış, ölkə xaricinə köçmüşdür və həmin vaxtdan mənzildə yaşamır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 184552 saylı, xx.xx.1980-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, 2324-cü məhəllə, 12 saylı evin 8 saylı mənzili İddiaçı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı evin 8 saylı mənzili xx.xx.2008-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı evin 8 saylı mənzilində İddiaçı və Cavabdeh qeydiyyatdadır. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. İddiaçın iki övladı olduğunu bilir, qızını hazırda da qonşuluqda görsə də oğlu Elçini uzun müddətdir görmür. Elçin təxminən 2005-ci ildə Azərbaycandan köçmüşdür və həmin vaxtdan atasının mənzilində yaşamır. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. İddiaçının iki övladı, Kəmalə adlı qızı və Elçin adlı oğlu var. Elçin uşaqlıqda onun oğlu ilə dost olmuşdur. Lakin, sonradan Elçin mənzildən köçmüşdür. 20 ilə yaxındır ki, o, həmin mənzildə yaşamır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı evin 8 saylı mənzili 1980-ci ildə İddiaçı verilmiş və order əsasında iddiaçının qanuni sahibliyində və istifadəsində olmuşdur. 2008-ci ildən isə mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının izahatı və şahid ifadələri ilə təsdiq edilmişdir ki, iddiaçının oğlu, Cavabdeh əvvəllər mübahisəli mənzildə yaşasa da, sonradan mənzildən çıxmış, uzun müddət mübahisəli mənzildə yaşamamış, daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Beləliklə, müəyyən edilmişdir ki, əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən cavabdehin mənzildən istifadə hüququ yaransa da, sonradan o, mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə köçdüyündən, həmin Məcəllənin 60 və 87-ci maddələrinə əsasən istifadə hüququnu itirmişdir. Odur ki, mülkiyyətçi kimi iddiaçının Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı evin 8 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı evin 8 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar