Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-418/2026 16.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Sadizadə X1 Südabəyə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Çistka Baku”nun direktoru Cavabdeh 1428 manat maddi, 2000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 3428 manat zərərin əvəzinin, həmçinin ödənilmiş 54 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
2. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:
3. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;
4. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
5. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
6. 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);
7. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:
8. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;
9. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi:
10. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır.
11. Belə ki, MPM-in 149.2.2-ci maddəsinə görə ərizədə ...cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir.
12. Hazırki iddia ərizəsində isə yalnız cavabdehin adı, soyadı və instagram sosial şəbəkəsi (“Çistka Baku”) göstərilmişdir.
13. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin adı və soyadı qeyd olunsa da heç bir FİN tapılmır.
14. Cavabdeh “ata adı” ilə bağlı İddiaçı tərəfindən heç bir məlumat iddia ərizəsində qeyd edilməmişdir. Odur ki, Məhkəmə tərəfindən “EMİS”-də bununla bağlı rəsmi məlumat aşkar edilməsi (sorğu verilməklə) mümkün olmamışdır.
15. Həmçinin iddiaçı öz ərizəsində cavabdeh kimi qeyd etdiyi Cavabdeh “Çistka Baku”nun direktoru olmasını bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi ilə bağlı bir pəncərə, vergi ödəyiciləri üzrə axtarış aparılması üçün “Çistka Baku” adı ilə axtarış verilmiş, axtarışın nəticəsində “daxil edilən ada uyğun kommersiya qurumu müəyyən olunmamışdır” yazısı qeyd edilmişdir.
16. Bundan əlavə, tərəfin məhkəməyə çatımlılığının təmin edilməsi məqsədilə iddiaçı ilə telefon vasitəsi ilə xx.xx.2026-cı il tarixdə, saat 17:00-da əlaqə saxlanılmış, cavabdehin “ata adı” barədə məlumat verilməsi xahiş edilmiş, o, cavabdehin ata adını bilmədiyini bildirmişdir.
17. Göründüyü kimi, hazırkı iddia tələbinin yönəldiyi cavabdeh barədə məlumatları əldə etmək onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar iddia ərizəsində qeyd edilmədiyindən mümkün olmamışdır. Bununla bağlı məhkəmənin cəhdləri də bir nəticə verməmişdir.
18. Beləliklə, hazırkı iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbinin forma və məzmunu ilə bağlı MPM-in 149.2.2-ci maddəsinin tələblərinə, riayət edilmədiyindən, MPMin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Nəticə:
19. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin forma və məzmun barədə tələblərinə riayət edilmədiyindən geri qaytarılmalı, həmçinin MPM-in 114.1.3-cü maddəsinin tələbinə əsasən, ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.
20. MPM-in 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
21. Odur ki, iddiaçıya iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmadığı izah edilir.
22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 54 (əlli dörd) manat (qəbz nömrəsi: **********45, ödəniş tarixi: xx.xx.2026) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Məmmədova.