Məhkəmə qərarları › İş №2(5-96)-521/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-521/2026

26.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-521/2026 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Maxsudova Ülkər Taleh qızı, İddiaçı Taleh oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Taleh oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 3, mənzil 69 mülkiyyət hüququna əsasən iddiaçıya məxsusdur. Həmin mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almış və xx.xx.2022-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər həmin mənzilin köhnə sakinləri olmuş və mənzil satılarkən bir ay müddətində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər. Lakin bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır.

Tədqiq olunan sübutlar:

3. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından aydın olur ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan mənzil xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

4. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı Taleh oğluna verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 3-də yerləşən 69 nömrəli mənzildə Cavabdeh1, X3 Edip, Cavabdeh2, X4 Edip qeydiyyatdadırlar.

5. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən aydın olur ki, mülkiyyətçi X1 ünvan 1 ünvanında yerləşən mənzili alıcı İddiaçı satmışdır. ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

7. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir.

8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

Məhkəmənin mövqeyi:

9. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı sözügedən mübahisəli yaşayış sahəsində faktiki yaşamayan cavabdehlərin qeydiyyatdan çıxarılması məqsədilə onların istifadə hüquqlarının itirilməsi barədə məhkəmədə iddia qaldırılmışdır. Hazırkı iş üzrə cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Bununla bağlı qeyd olunur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Eyni zamanda Konstitusiya Məhkəməsi qeyd edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

10. Göründüyü kimi, tərəflər arasında olan alqı-satı və ipoteka müqaviləsinin (xx.xx.2021) 2.2.4-cü bəndində qeyd olunmuşdur ki, cavabdehlərin bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyi vardır. Ona görə də, qüvvədə olan qanunvericiliyə əsasən belə hallarda iddiaçı tərəfindən cavabdehin qeydiyyatının ləğvi və ya qeydiyyatdan çıxarılması barədə müvafiq inzibati orqana (ərazi üzrə polis idarəsinə) müraciət edilməli, həmin orqanın rəsmi imtinası və ya hərəkətsizliyi halında inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət olunmalıdır.

11. Məhkəmə İddiaçı Taleh oğlunun iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı izah olunsun ki, cavabdehin qeydiyyatının ləğvi və ya qeydiyyatdan çıxarılması tələbi ilə müvafiq inzibati orqana (Qaradağ rayon Polis İdarəsinə), həmin orqanın imtinası və ya hərəkətsizliyi halında isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar