Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-97)-78/2026 14.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh “Ana Vətən” Partiyasına qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh “Ana Vətən” Partiyasına qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Ana Vətən” X1 10 mart 2025-ci tarixli 8-ci və 05 noyabr 2025-ci il tarixli 9-cu iclaslarının qərarlarını etibarsız hesab edərək, ləğv edilməsi haqqında akt qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsi ilə müəyyən olunur ki, tələb siyasi partiya üzvləri olan iddiaçılar və “Ana Vətən” Partiyası arasında yaranan partiyadaxili mübahisələr ilə bağlıdır. Belə ki, partiya üzvləri, “Ana Vətən” X1 partiya üzvlərinin partiyadan xaric edilməsi ilə və sədrlik etdikləri təşkilatların ləğv edilməsi ilə bağlı 10 mart 2025-ci tarixli 8-ci və 05 noyabr 2025-ci il tarixli 9-cu iclaslarının qərarlarından narazıdırlar və onların məhkəmə qaydasında ləğv edilməsini xahiş edirlər. Bununla belə, qanunvericiliyə əsasən, siyasi partiya ilə üzvləri arasında yaranan mübahisələr partiyanın nizamnaməsində nəzərdə tutulmuş partiyadaxili qaydada həll olunur. Siyasi partiyanın üzvü siyasi partiyanın orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o cümlədən hərəkət və ya hərəkətsizliyindən şikayət etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və məhkəməyə müraciət edə bilər (“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu m. 21.5). İddia ərizəsinə əlavə edilmiş “Ana Vətən” Partiyasının nizamnaməsi ilə müəyyən olunur ki, partiya üzvü intizam tənbehi qaydasında X2 üzvlərinin səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə qəbul edilmiş qərarı ilə xaric oluna bilər. Partiyadan xaric olunma haqqında qərardan bir ay ərzində X3 Komissiyasına şikayət verilə bilər və həmin məsələyə həmin komissiyada 20 gün ərzində baxılır (5.7-ci bənd). Partiya ilə üzvləri arasında yaranan mübahisələr nizamnamədə nəzərdə tutulmuş partiyadaxili qaydada həll olunur. Partiyanın üzvü Partiya orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o cümlədən hərəkət və ya hərəkətsizliyindən şikayət edə bilər (5.12-ci bənd). Göründüyü kimi, nizamnaməyə əsasən, partiya üzvlərinin partiyadan xaric edilməsi səlahiyyəti İdarə Heyəti üzvlərinin səs çoxluğu ilə həll olunur və şəxs İdarə Heyətinin qərarı ilə partiyadan xaric olunur. Qeyd olunan qərardan bir ay ərzində X3 Komissiyasına şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddiaçılar ilə “Ana Vətən” Partiyası arasında olan partiyanın nizamnaməsində (b. 5) nəzərdə tutulmuş partiyadaxili qaydada həll edilməli olan mübahisə (partiya üzvlərinin xaric edilməsi və s.) olduğundan, iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz və ona görə də iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçılara hazırki tələblə “Ana Vətən” Partiyasına partiya orqanlarının və struktur qurumlarının hərəkət və ya hərəkətsizliyindən şikayət ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh “Ana Vətən” Partiyasına qarşı “qərarın etibarsız hesab edilməi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu ilə birlikdə iddiaçılara geri qaytarılmalıdır. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh “Ana Vətən” Partiyasına qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2026-cı il tarixdə (qəbz № **********) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(5-97)-78/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(5-97)-78/2026
14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver